19 Sentyabr 2022 10:38
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycanın xarici siyasəti balanslı, praqmatik və çoxvektorludur:

“Praktiki cəhətdən bu o deməkdir ki, Azərbaycan onun dövlət siyasətinə, milli maraqlarına fayda verən, hərbi-siyasi blok olmayan bütün təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan 2016-cı ildən bu təşkilat ilə münasibətlərini inkişaf etdirməkdədir. Prezidentin Səmərqənd sammitində iştirakının dövlət siyasəti baxımından əhəmiyyətini dərk etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına kənardan nəzər yetirmək faydalıdır. ŞƏT ölkələri 34 mln. km-lik ərazini və 3 milyarddan çox insanı əhatə edir. ŞƏT ölkələrinin yerləşdiyi məkan beş okeandan üçünün (Hind, Sakit və Şimal-Buzlu) suları ilə yuyulur. Təşkilata üzv ölkələrin toplam ÜDM-si dünya ümumdaxili məhsulunun 25%-ni təşkil edir. Müqayisə üçün bildirək ki, ən son hesablamalara görə ABŞ dünya ümumdaxili məhsulunun 15,78%-ni, Aİ isə 14,81%-ni təşkil edir. Bundan belə qənaətə gəlmək olar ki, ŞƏT ölkələrinin dünya iqtisadiyyatında payı Qərb ölkələrinin toplam payına yüksək templə yaxınlaşır”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolundan bəhs edib:

“Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Həmçinin, vurğulanıb ki, son illər yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan müvafiq modernizasiya işləri apararaq, dəniz limanlarının yükaşırma qabiliyyətini 15 milyon tona çatdırıb. Səmərqənd sammitində çıxış edən Azərbaycan Prezidenti yükaşırma qabiliyyətinin 25 milyon tona qədər artırıla bildiyini də vurğuladı. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bildiyindən qısa zamanda ticarət donanmasının sayı daha da artırıla bilər. Azərbaycanın logistika imkanları multimodal xarakterlidir. 19 min km-lik avtomobil yolu, 1400 km-lik dəmiryolları, Bakı-Tbilisi-Qars dəmiryolu və Xəzər limanlarından savayı Azərbaycan 7 hava limanı və 18 təyyarə ilə regionda ən böyük mülki hava donanmasına malikdir”.

Tamam Cəfərova sammitdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin əhəmiyyətini də önə çəkdiyini vurğulayıb:

“Qeyd olunub ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlara toxunan dövlətimizin başçısı bildirib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumilikdə isə Səmərqənd sammiti Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Sammitin yekunu olaraq qəbul edilmiş Səmərqənd Bəyannaməsində də qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri nəzərdə tutulub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər