23 Sentyabr 2022 17:30
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Ermənistanın son təxribatlar fonunda Laçında bayrağımızı ucaltması onun Ali Baş Komandan kimi hər zaman ordumuzun yanında olduğunu göstərir. Eyni zamanda burada Azərbaycan-Ermənistan arasında şərti sərhəd xətti ilə bağlı məsələlərə də aydınlıq gətirildi. Hər kəsə məlumdur ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələləri aparılmayıb. Belə olan halda iki ölkə arasında konkret sərhəd xəttindən danışmaq çox çətindir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı bizim əlimizdə XIX-XX əsrin xəritələri var: “Yaxşı olar ki, erməni tərəfi də mövcud xəritələr üzərində sərhəd məsələlərinin həllində maraqlı olsun. Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın indiki halda hansısa bir sərhəd məsələsindən danışmağa mənəvi haqqı çatmır. Ona görə də, bu gün Azərbaycan hansı mövqelərdə dayanıbsa, həmin ərazilərin təhlükəsizliyini təmin etmək üçün müəyyən məsafələrdə özümüzə qarşı təhlükə mənbəyi olan hərbi obyektlər neytallaşdırılıb. Artıq həmin məntəqələrdən ərazilərimizə qarşı real təhlükə mövcud deyil. Azərbaycan tərəfi buna da imkan verməyəcək ki, həmin ərazilərdə yenidən təhlükə mənbəyi formalaşsın”.

Elman Məmmədov Zəngəzur dəhlizi ilə bağlı məsələlərin yubanmasına da münasibət bildirib: “Azərbaycan tərəfi buna qarşı da öz arqumentləri ilə çıxış etməlidir. Əgər 300 mindən artıq əhali yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bizim üçün dəhliz yoxdursa, Qarabağda yaşayan erməni əsilli şəxslərin Ermənistana birbaşa əlaqəsinə şərait yaradılması məsələsinə də yenidən baxmaq lazımdır. Bununla bağlı konkret mövqe ortalığa qoyulmalıdır. Əgər Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də öz mövcudluğunu itirə bilər”.

Deputata görə, son erməni təxribatları fonunda onların aldığı zərbələr qarşı tərəf açıq dərs olmalıdır: “Amma görünən odur ki, onlar aldıqları zərbələrdən dərs almaq niyyətində deyil. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son təxribatçı səfəri və bu günlərdə Amerikada olan Nikol Paşinyana verilən “vədlər” müqabilində onların növbəti təxribatlara da əl atması mümkün görünür. Amma onlar verilən vədlərlə atdıqları təxribat xarakterli addımlara görə Azərbaycandan növbəti zərbə alacaqlar. Çox yaxşı olardı ki, qarşı tərəf bunu bir daha nəzərdən keçirsin”.


Müəllif: Tapdıq Qurbanlı