27 Sentyabr 2022 12:52
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Vətən müharibəsinin başlanmasından iki il ötür. 44 gün davam edən bu Zəfər yürüşündə Azərbaycan xalqı, dövlətimiz, ordumuz böyük bir sınaqdan şərəflə, ləyaqətlə çıxdı. Biz illərlə gözlədiyimiz, arzuladığımız Qələbəyə nail olmaqla, həm də “məğlub xalq” sindromunu dağıtdıq. Bu sevinci, fəxarəti bizə yaşadan şəhidlərimizi hörmətlə yad edir, qaziləriməzə Allahdan şəfa diləyirəm.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, erməni millətçilərinin Azərbaycan və azərbaycanlılara qarşı 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız dəfələrlə tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub:

"XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirib. 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Qaradağlı, Ağdaban və Baqanis-Ayrım, Ballıqaya kəndlərində və digər yaşayış məskənlərimizdə törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı isə xüsusi qəddarlığı ilə seçilir. Amma dəfələrlə işğala, terrora məruz qalmasına baxmayaraq, Azərbaycan hər zaman məsələnin dinc yolla həll edilməsinə çalışıb. Lakin ATƏT-in 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illərlə aparılan danışıqlar nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin 27 il kağız üzərində qalması və icra olunmaması Azərbycan xalqında haqlı olaraq narazılığa səbəb olurdu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq və bir gün öz doğma torpaqlarımıza qayıtmaq üçün həm ulu öndər Heydər Əliyev, həm də ölkə başçısı İlham Əliyev böyük siyasi iradə, qətiyyət göstərdi. 1993-cü ildən ümummilli lider tərəfindən başlanan iqtisadi, siyasi, hərbi sahədə mühüm islahatlar, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu müqəddəs missiyanı həyata keçirilməsində özünəməxsus rol oynadı. Beləliklə, Azərbaycan bir dövlət olaraq bütün gücünü səfərbər edərək öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi”.

Komitə sədri bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi:

“Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və Vətən müharibəsi olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.

Deputatın fikrincə, 44 gün qısa bir zaman olsa da, Azərbaycan öz şanlı tarixini yazdı:

“XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni işğalçılarından azad etdi.

Artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır”.

Millət vəkili vurğulayıb ki, dövlətin ən mühüm prioriteti qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsidir:

“Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər zaman qazilərin, şəhid ailələrinin yanında olan Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həllini daim diqqətdə saxlayır”.

Hicran Hüseynova hesab edir ki, bu gün Çənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionun lider dövlətidir:

“Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər