Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması mühüm tarixi hadisədir. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ulu öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O hesab edir ki, ölkə rəhbəri İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi hər kəsin ürəyindən xəbər verən bir addım oldu:
“Rəsmi Sərəncamla 2023-il elan edilsə də, qüdrətli dövlətimiz, eləcə də vətəndaşlarımız üçün hər gün, hər il ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təbii ki, ümummilli liderin anadan olmasının 100 illiyi gələn il xalqımız tərəfindən yüksək səviyyədə qeyd ediləcək. Birmənalı olaraq XX əsrdə Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin yüksək səviyyəli idarəçiliyinin və liderliyinin şahidi olub. Geniş bilik və dərin təfəkkür sahibi olan ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan xalqını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək və vətəndaş qarşıdurmasının qarşısını almaqla, xalqımız və dövlətimiz üçün yeni dövrün başlanğıcını qoymuş oldu. Beləliklə, ulu öndər Azərbaycan tarixində müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusuna çevrilib. Onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub, müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi vaiv amil hesab edilirdi. Məhz ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli ümummilli liderimin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb”.
Deputat ümummilli liderin ideyalarının Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşadığını və uğurla inkişaf etdiyini söyləyib:
“Dövlət başçısının apardığı daxili-xarici siyasət ulu öndər Heydər Əliyev kursunun uğurla davamıdır. Xalqımız əmindir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbə bir daha onu göstərdi ki, Ata Vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin siyasi kursuna və dövlətçilik ideologiyasına sədaqətlə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, bütöv və güclü Azərbaycan dövləti ərsəyə gəlib. Bugünkü Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”.
Tamam Cəfərovanın fikrincə, ulu öndər Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir:
“2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması ulu öndərin çoxşaxəli irsinin öyrənilməsi baxımından olduqca önəmlidir. 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bugünədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq. Bu il ərzində nəzərdə tutulan tədbirlərdə, elmi konfranslarda, simpoziumlarda gənclər ulu öndərin şəxsiyyətini öyrənmək, Onun yorulmaz fəaliyyəti ilə daha yaxından tanış olmaq imkamı qazanacaqlar. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir. Bu mənada ulu öndər Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir. Hələ bundan sonra neçə-neçə nəsillər bu Məktəbdən bəhrələnəcək və Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək”.