“Əgər sabah Praqada Türkiyə Prezidenti Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaqsa, məncə, bu, müsbətə doğru addım olacaq. Bu görüşdə əsasən Türkiyə ilə Ermənistan arasında münasibətlərin mümkünlüyü müzakirə ediləcək. Nikol Paşinyan çalışacaq ki, Türkiyədən müəyyən qarantlar alsın”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sabah Praqada keçirilməsi gözlənilən Ərdoğan-Paşinyan görüşünü şərh edərkən deyib.
O əlavə edib ki, Cənubi Qafqazda Türkiyəni bu və ya digər şəkildə iştirakı olmadan ciddi geopolitik oyunlarda iştirak etmək mümkün deyil.
Partiya sədri vurğulayıb ki, əgər Nikol Paşinyan hansısa şəkildə ciddi bir oyun oynayarsa, bunu hökmən Türkiyə ilə razılaşdırmalıdır:
“Bu baxımdan ehtimal edirəm ki, Praqada baş tutacaq görüşdə əsasən Ermənistan-Türkiyə münasibətləri müzakirə ediləcək. Praqada Ermənistan və Türkiyə arasında Azərbaycanın maraqlarına zidd olmayan istənilən razılaşma əldə edilə bilər. Türkiyə açıq şəkildə Azərbaycan dövlətinin maraqlarına zidd olacaq hər hansı bir razılaşmaya razı olmaz.
Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanmadan Türkiyə ilə iqtisadi-siyasi əlaqələrin yaradılması təklifini irəli sürə bilər. Eləcə də diplomatik əlaqələrin qurulması, səfirliklərin açılmasını təklif edə bilər. Paşinyan hansısa iqtisadi layihələr barədə də təşəbbüs irəli sürə bilər. Mən hətta deyərdim ki, görüşdə Türkiyənin Bakı və İrəvan arasında vasitəçilik etməsi məsələsi də gündəliyə gətirilə bilər”.
Müsahibimiz əmindir ki, Ərdoğan-Paşinyan görüşündən sonra bölgədə inkişaf baş verə bilər:
“Əgər bu səviyyədə görüş keçirilirsə, bu o deməkdir ki, tərəflər bunda maraqlıdır. Odur ki, bu görüşdə nələrsə əldə edə bilər, əgər Azərbaycanın maraqlarına toxunan məsələlər qaldırmasa. Bu halda Türkiyə ona istədiklərini verə bilər”.