Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.
Kommunikasiyaların açılmasının mümkün sülh müqaviləsinin hissəsi olmadığını qeyd edən dövlətimizin başçısı deyib: “Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.