ATƏT-in Ermənistana missiya göndərməsi bu ölü quruma çevrilmiş təşkilatdan növbəti absurd bir addım kimi dəyərləndirilir. 30 il birbaşa məsuliyyətində olan məsələ ilə bağlı heç bir müsbət irəliləyişə nail ola bilməyən təşkilatın münaqişə sonrası ortaya çıxması qəbul edilməzdir. Azərbaycan Prezidenti II Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupuna layiq olduğu ünvanı göstərib. Ona görə də indiki mərhələdə Minsk Qrupu adı altında Azərbaycanla Ermənistan arasındakı proseslərdə yer almaq üçün edilən cəhdlər məntiqsiz və başadüşülən deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, indiki halda ATƏT-in Ermənistana missiya göndərmək cəhdi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir:
“ATƏT-in özünün daxilində bu missiya ilə bağlı yekdil fikir yoxdur və bu məsələ razılaşdırılmayıb. Eyni zamanda başadüşülməyən hal odur ki, Avropa İttifaqı Ermənistana missiya göndərirsə, ATƏT-in missiyasına nə dərəcədə ehtiyac var? Görünür, yenidən ölü quruma çevrilmiş Minsk qrupunu diriltmək üçün cəhdlər edilir”.
Deputat qeyd edib ki, ATƏT 30 il münaqişənin sülh yolu ilə həlli prosesi ilə "məşğul olub":
“Amma bu təşkilat bir dəfə işğal olunmuş ərazilərə missiya göndərməyib. Onların fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pullarını bölüşdürməsi, turist-qastrol səfərləri ilə kifayətlənib. ATƏT ümumiyyətlə heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə necə “məşğul olmuşdularsa”, nəticəsi göz qabağında idi”.