“Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir”.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci il noyabrın 9/10-da imzalanmış bəyanatın müddəalarından biri nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur.
"Bu bəyanata əsasən, Azərbaycan Laçın yolunun işləyəcəyi ilə bağlı öhdəlik götürüb və onun təhlükəsizliyinə zəmanət verir. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Bu gün Laçın yolu, Laçın dəhlizi işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına səfər etmək imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, həmçinin Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin görüldüyünün şahidi olmuruq. Ermənistan Baş nazirinin müavini həm də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli qrupun həmsədridir. Söhbət 40-44 km-lik kiçik bir ərazidən gedir. Ermənistan 1 il 9 ay ərzində nə dəmir yolu, nə də avtomobil yolu ilə bağlı heç bir real addım atmayıb”, - Ə.Əsədov söyləyib.