7 Noyabr 2022 15:31
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, 90-ci illərin əvvəllərindəki bəlli hadisələr fonunda torpaqlarımızın itirilməsi və Azərbaycanın yenidən dirçələrək özünə sahib olanları geri qaytarmaq uğrunda başlatmış olduğu tarixi bir mübarizənin xronologiyası var. Dünəndən bu günə əldə edilən Zəfərin müasir Azərbaycan tarixindəki əhəmiyyətini necə qiymətləndirmək olar?

- Tarixi zəfərə qədər ölkədə böyük dəyişikliklərə start verilmişdi. Ordu yenidən qurulurdu. Silahlı Qüvvələrin təchizatı yeni, daha yüksək səviyyəyə qaldırılmışdı. Dövlət büdcəsindən orduya ayrılan vəsaitlər kəskin səviyyədə artırılmışdı. Bir sözlə, hər şey ordu, cəhbə üçün işləməkdə idi. Bu böyükmiqyaslı işlərin başında ölkə Prezidenti İlham Əliyev dayanırdı. Ölkə daxilində gedən proseslər diplomatik sahədə də böyük dəyişikliklərlə müşahidə edilirdi. 2005-ci ildə ölkə Prezidenti İlham Əliyev Azərbaycan diplomatiyasının hücum xarakteri daşımasının zəruriliyi, onun fəaliyyət istiqamətlərinin yenidən qurulmasını bəyan etdi. Ölkə başçısı vurğuladı ki, artıq diplomatiya sahəsində səngərdən çıxıb döyüş meydanlarına atılmaq lazımdır. Başımıza gələn faciələrinin, erməni təcavüzünün mahiyyətinin, ona yardım edən fövqəl güclərin cinayətkar əməllərinin açıq şəkildə dünyaya bəyan edilməsi lazım idi. Ölkə Prezidentinin diplomatik sahədə uğurları sözsüz ki, daha xarakterə malikdir. Çünki səngərdən-səngərə atılaraq miqyaslı işlərin həyata keçirilməsinə rəhbərlik edən bir şəxs kimi diplomatiya sahəsində, informasiya müharibəsinin bütün sahələrində onu görmək mümkün idi. Bunu siyasəti, müxtəlif dillərdə qərəzli, Azərbaycana qarşı məkirli planlar düzüb-qoşan jurnalistlərin qarşısında da görmək mümkün olurdu. Dövlət başçısı heç kimə yox demirdi. Bütün jurnalistlərlə görüşürdü. Ona ünvanlanan qərəzli, hakimlik ədası ilə səslənən suallara belə çox diplomartik və hövsələli formada cavab verirdi. Nəticədə sualı verənlər “Siz çox hazırlıqlısınız” ifadəsini işlətməyə məcbur qalırdı.

- Sizcə, müharibəyə qədər Azərbaycan tərəfinin siyasi, diplomatik müstəvidə apardığı danışıqların səmərəsi sonrakı dönəm üçün nə dərəcədə təsirli oldu?

- Bu, mühüm bir cəhət idi. Dünyanın supergücləri, beynəlxalq təşkilatları ilə aparılan səmərəli danışıqlar sonrakı dönəm üçün mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyevin bu danışıqlarda işlətdiyi ilk olaraq ölkəmizə Ermənistanın təcüvüz etməsi, bunun nəticəsində 1 milyondan artıq insanın yurd-yuvalarından qovulub çıxarılması, ərazilərimizin 20 faizinin işğal edilməsi, həmin bölgələrin yağmalanması və digər hərbi, insani cinayətlərdən bəhs edirdi. Bununla dünyada vicdanı açıq olan adamları bu məsələlərə biganə qalmamağa səsləyidi. Aparılan təbliğat öz müsbət nəticəsini verirdi. Ölkəmizin MDB məkanında ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının keçici üzvlüyünə seçilməsi böyük diplomatik yürüşün uğurlu nəticələrindən bir idi. Təxminən üç il ərzində ölkəmiz MDB məkanında ilk dövlət olaraq BMT TŞ-nin üzvü seçildi. Dünyanın təhlükəsizliyi uğrunda aparılan, irəli sürülən təkliflər içərisində Azərbaycanın da imzasının olması bizlər üçün böyük bir qürur mənbəyinə çevrilmişdi. Bunun məntiqi nəticəsi o idi ki, Azərbaycanı artıq dünya tanıdı. Artıq ölkəmiz beynəlxalq siyasət aləmində dinamik rol oynamağa başladı. Azərbaycan həm öz sözünü deyir, həm də bunun həyata keçirilməsi uğrunda ciddi mübarizə aparır.

- Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına üzvlüyü, sonrakı dövrdə qlobal miqyaslı təşkilata sədrliyi və bunun fonunda qazanılan siyasi, diplomatik dəstəyin təsirləri özünü necə göstərdi?

- BMT-dən sonra dünyada ən böyük təsisat olan, 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının Bakıda keçirilməsi və burada Azərbaycan Prezidentinin təşkilata sədr seçilməsi dövlətmizin xarici siyasətində uğurların yüksək mərhələsi hesab edilirdi. Bu zirvəyə yüksəlmənin hər addımında, hər döngəsində xalqımızla yanaşı onun bacarıqlı rəhbəri Prezident İlham Əliyevin imzası var. Sözsüz ki, Azərbaycanın bu təsisata rəhbərliyi bəşəriyyət üçün çətin bir dövrə təsadüf etdi. Qlobal miqyasda COVID-19 pandemiyası rüzgarı əsməyə başlamışdı. Bununla da bəşəriyyət üçün ölüm-qalım məsələsi müzakirə edilirdi. Həmin dövrlədə Azərbaycan Prezidenti ölkəmizdə pandemiyaya qarşı mübarizədə bütün resurları səfərbər edərək uğurlu mübarizə apardı. Bununla da ölkə insanının bu amansız xəstəlikdən az itkilərlə çıxması üçün mümkün olanın hamısı edildi. Üstəlik Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təsisatın üzvlərinə, imkanları zəif olan ölkələrə maliyyə yardımı etdi. Sonrakı dövrlərdə isə həmin ölkələrə vaksinasiya ilə bağlı da zəruri yardımlar olundu. Ümumdünya Səhiyyə Təşkilatının fonduna Azərbaycan tərəfindən 5 milyon dollar ianə edilməsi və bir neçə iqtisadi imkanları zəif olan dövlətlərə yardımların olunması Azərbaycanın daxildə və xaricdə pandemiyaya qarşı apardığı uğurlu mübarizənin hərəkətverici qüvvəsi idi. Sonrakı dövrdə BMT başqa olmaqla ÜST və digər beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın bu məsələdəki uğurlu mübarizəsini xüsusi ilə qeyd edib. Eyni zamanda dünyanı bürüyən iqtisadi böhranlara qarşı da Azərbaycan özünün bütün imkanlarını səfərbər edərək mümkün qədər az zərərlə prosesdən çıxmağa nail oldu. Dərinləşməkdə olan böhranın ölkəmizə az ziyan vurması təmin edildi. Bununla da Azərbaycan dövlətçiliyi bu prosesdən də üzü ağ çıxdı.

- 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğal başa çatdı. Bu zəfər yürüşünün müasir Azərbaycan tarixində yeri və rolu necə dəyərləndirilməlidir?

- Ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi xalqımız, millətimiz üçün yeni dövrün başlanğıcı hesab edilir. Bu, yenidən doğulmanın simvolu oldu. 30 il erməni tapdağında qalan, erməni vandalizminin qurbanı olan torpaqlarımız 44 günlük Zəfər mübarizəsi nəticəsində, ildırımsürətli müharibə taktikasının həyata keçirilməsi ilə, qardaş Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi fonunda azad olundu. Həmçinin düşməni kapitulyasiyaya, diz çökməyə məcbur etdik. Ermənistan ordusunun hərbi hissələrinin 80 faizindən çoxu döyüş meydanında əzilib sıradan çıxarıldı. Bizə az qala yeni müharibə, yeni ərazilər hədəsi ilə gələn erməni şovinizmi döyüş meydanında imdat istəməyə məcbur oldu. Azərbaycan Ordusunun gücü qarşısında düşmən tap gətirə bilmədi. Bununla da düşmən tərəf Azərbaycanın təklif etdiyi şərtlərə razılıq verməyə məcbur oldu. Azərbaycan son 200 ildə tarixi qələbəyə imza atdı. İlk dəfə olaraq parça-parça əlimizdən alınan torpaqlarımıza qovuşduq. Bununla da tariximizin yeni səhifəsinə zəfərlə dolu imzalar atmağa başladıq.

- Azərbaycanın qələbəsi region üçün hansı imkanları ehtiva edir?

- Ölkəmizin 44 günlük tarixi qələbəsi ilə yaşadığımız bölgədə ciddi siyasi dəyişikliklərin təməli qoyuldu. Erməni faşizminin başı əzildi. Yeni siyasi konfiqurasiyanın, bölgə düzəninin formalaşmasının əsası qoyuldu. Azərbaycan xalqı zəfər qazanmış qalib bir obrazda dünya siyasətində daha çevik və dinamik rol oymağa başladı. İlk dəfə olaraq xalqımız başını dim-dik tutaraq qürurla işğaldan azad edilmiş ərazilərimizlə yanaşı cənubda olan torpaqlarımıza da böyük bir ümidlə baxmağa başladı. Çünki parçalanmış millət kimi güneydə, İran deyilən ərazidə qalmış 40 milyondan çox Azərbaycan türkləri də bu gün tarixi qələbəyə görə, bizimlə sevinir və şadyanalıq edir.

- Artıq müharibənin ikinci ili başa çatdı. Qarşıda mühüm vəzifələr durur. Qələbə strategiyası üzərində fomalaşan siyasi hədəfləri necə xarakterizə etmək olar?

- Sözsüz ki, indi qarşımızda mühüm vəzifələr durur. Bölünmüş Azərbaycanın bütöv və vahid bir orqanizmə çevrilməsinə nail olmalıyıq. Azərbaycan Prezidenti artıq bunun da anonsunu verdi. Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevlə görüşdə qətiyyətlə bildirdi ki, o bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının Prezidentidir. Ölkə başçısı vurğuladı ki, tarixən ayrılan sərhədlərin o biri tayında yaşayan milyonlarla azərbaycanlının insan haqlarına, onların milli-mədəni hüquqlarına bundan sonra etinasız qalmayacayıq. Bu hüquqların həyata keçirilməsi üçün mühüm addımların atılmasına nail olacağıq. Ona görə də əldə edilən tarixi Zəfərimiz qürur duyulası, fəxarətlə yad ediləsi bir gündür. Biz o gün də bir xalq kimi yenidən doğulduq. Dünyada mübariz və döyüşkən xalq olduğumuzu bəyan etdik. Cəsarətlə deyə bilərik ki, tarix yazan və yaradan bir xalqıq. Bundan sonra da yeni tariximizi, yeni səhifələrlə zənginləşdirməyə davam edəcəyik.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər