Zəfər günü Ali Baş Komandanın Şuşadan vermiş olduğu mesaj Ermənistana və ona havadarlıq edənlərə, onu hər vəchlə dəstəkləməyə çalışanlara açıq mesaj idi. Çünki Azərbaycanın yaratmış olduğu reallıq bölgədə sülhü, əməkdaşlığı, qarşılıqlı əlaqələrin inkişafını təşviq edir. II Qarabağ müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Bu reallıq Azərbaycanın sülh konsepsiyasına əsaslanır. Heç təsadüfi deyil ki, Azərbaycan məhz Vətən Müharibəsindən sonra Ermənistana 5 maddəlik sülh konsepsiyası üzərində əməkdaşlıq təklif edib. Bu prinsiplər beynəlxalq hüququn müddəalarını özündə birləşdirir. Ona görə də, müharibədən sonra aparılan danışıqlar, ortaya qoyulan iradə bölgəmizin ümumiyyətlə qlobal miqyasda region ölkələrinin inkişafına, çıxış imkanlarının genişlənməsinə xidmət edir. Sadəcə olaraq Ermənistan nəhayət bu şərtləri qəbul edib Azərbaycanla bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla daimi sülh müqaviləsi imzalamalıdır. Bunun əksinə olacaq bütün hallar Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu hal həmçinin bölgədə bundan sonrakı dönəm üçün də daimi təhlükəsizliyə təhdid formalaşdırır. Ona görə də, inkişaf, tərəqqi və daimi sülh üçün hər kəs öz mövqeyini ortaya qoymalı, bütün təşəbbüslər birləşdirilməlidir. Prezident İlham Əliyevin Zəfər Günündə etmiş olduğu çağırışın məğzi məhz bunu ehtiva edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, 30 illik işğala son qoyan Zəfər günü müasir Azərbaycan tarixində mühüm yer tutur: "Ali Baş Komandanın və rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etdiyi gün Ermənistanın işğal faktına son qoyuldu. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Düşmən döyüş meydanında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı sentyabrın 27-si Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur:
“Azərbaycan xalqı sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci yaşayır. Bu tarixi zəfərlə Ermənistanın 30 illik işğal faktına son qoyuldu. Torpaqlarımızı erməni tapdağından azad etməklə qalib dövlət, xalq kimi tarixə düşdük. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanları inşa olundu. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə Prezidenti azad edilmiş ərazilərdə qısa müddətə inşa edilmiş hava limanlarının açılışında iştirak etdi. Artıq Zəngilanda "Ağıllı kənd" layihələrinin uğurla icra olunub. Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili hesab edir ki, qarşıda bizi mühüm vəzifələr gözləyir: “Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi 8 noyabr tarixi müasir Azərbaycan tarixində çox mühüm yer tutur:
“2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!”.
Millət vəkili qeyd edib ki, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi:
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. 1905, 1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formalarda törədiblər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi:
“Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə beynəlxalq hava limanının inşa olunması, Zəngilanda “Ağıllı kənd” layihələrinin uğurla icra olunması, Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir”.
Ceyhun Məmmədova görə, qarşıdakı dövrdə heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq:
“Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür”.