Ali Baş Komandan başda olmaqla bütün xalqımızı Zəfər günü münasibəti ilə təbrik edirəm. Bu, möhtəşəm bir qələbə idi. Çünki bu tarixi qələbə ilə biz Ermənistan və onun havadarları üzərində qələbə qazandıq. Eyni zamanda bir xalq olaraq hər zaman erməni faşizminə qarşı mübarizədə ayıq-sayıq olmalıyıq.
Teleqraf.com-a açıqlamsında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O hesab edir ki, bu qələbəyə gedən yol o qədər də asan olmayıb: “30 il ərzində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladı. Bu üç 10 illikdə Azərbaycan haqlı olaraq BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Birliyinin, İslam Konfransı təşkilatının qəbul etdiyi qərarların icrasını tələb etsə də Ermənistan buna məhəl qoymadı. Çünki işğalçı ölkəni cəzalandıran olmadı. Beynəlxalq hüquq öz zəifliyini nümayiş etdirərərək işğalçı dövlətə qarşı gücü göstərə bilmədi. Ona görə də, hər zaman vurğulanır ki, kimin gücü var o da haqlıdır. Belə bir şəraitdə Azərbaycan ilk növbədə özünün iqtisadi gücünü artırmağa nail oldu. Bu dövr ərzində Azərbaycan ordusu müasir silahlarla təmin edildi. Peşəkar hərbiçilərin yetişdirilməsi prosesi həyata keçirildi. Eyni zamanda ən başlıca amil Ali Baş Komandanın siyasi iradəsi, ortaya qoyduğu dəmir iradə və Dəmir yumruq həlledici oldu. 44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev 30-dan artıq xarici media
mənsublarına müsahibə verdi. O Ali Baş Komandan kimi informasiya cəbhəsində də qətiyyələ mübarizə apardı və qalib oldu. Bununla yanaşı xalq birmənalı olaraq Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Məhz bu faktor bizə imkan verdi iki, erməni faşizminin başını əzək və tarixi torpaqlarımızı işğaldan azad etməyə nail olaq”.
Komitə sədrinə görə, hələ də Ermənistanda ağlı başında olan adamlar varsa, onlar dərk etməlidirlər ki, gələcəkləri ancaq
qonşuları ilə dinc münasibətləri sahmana salmaqdan asılıdır: “Onlar Azərbaycan və qardaş Türkiyə ilə münasibətləri sahmana sala bilməsələr bu ölkənin gələcəyindən danışmaq mənasızıdr. Azərbaycan II Qarabağ müharibəsindən dərhal sonra Ermənistana sülh əlini uzadıb və 5 maddədən ibarət beynəlxalq hüququn prinsiplərinə uyğun təklif göndərib. Erməni tərəfi bu prinsipləri sözdə qəbul etsə də real addımlar atmaqdan hələ də yayınır. Brüsseldə, Vaşinqtonda əldə edilən razılaşmaları İrəvana çatmamış pozan erməni tərəfinin sülh prosesinə sona kimi səmimi yanaşacağı artıq şübhə altındadır. Yekundə isə qeyri-ciddi siyasət aparmaqla Ermənistanı heç yana çıxarmaq mümkün olmayacaq”.
Ziyafət Əsgərov qələbədən sonra Azərbaycanın qarşıya qoyduğu bir sıra mühüm hədəflərdən bəhs edib: “Ermənistanla delimitasiya və demarkasiya məsələləri həll edilməli və sülh müqaviləsi imzalanmalıdır. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması və bölgədə yaranan yeni bir inkişaf konsepsiyası ilə Azərbaycan özünün sülh sevər, əməkdaşlığa hazır olan bir ölkə olduğunu ortaya qoyub. İnşallah ki, bundan sonra zəfərlərimiz daha çox olacaq”.