15 Noyabr 2022 21:58
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus dili xüsusən sosial elmlər konteksində dünya dilləri arasında ən zəif dillərdəndir”

Teleqraf.com-un müsahibi Qərbi Kaspi Universitetinin Politologiya və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Orxan Vəliyevdir.

Əvvəli burada

- Sizin akademik çalışmalarınız millətçilik üzərinədir. Elmi işiniz Şimali Azərbaycan millətçiliyidir. Cənubi Azərbaycandakı millətləşmə mərhələsi ilə bağlı tədqiqatlarınız varmı? Son hadisələri bu konteksdən də dəyərləndirərdiniz.

- Bəli, millətçilik tədqiqatımın əsas problemini təşkil etməyə davam edir. Zəfəri gətirən siyasi diskurs içində multikultural çalarları və türklüyü ehtiva edən Azərbaycan millətçiliyi idi. Açığı Cənubi Azərbaycan sadəcə coğrafi bir termindir. Siyasi baxımdan Cənubi Azərbaycandan danışmaq üçün ən azından İraqın şimalında kürdlərdə olduğu kimi muxtar idarəetmənin olmağı şərtdir. Əvvəlki sualda qeyd etdiyim kimi, İrandakı azərbaycanlıların - türklərin hüquq önündə adlarının, dillərinin, xülasə kimliklərinin qəbul edilməsi şərtdir. Diqqətli oxucu buraya qədər ehtiyatlı, əslində rasional cavablar verdiyimi müşahidə edə bilər. Cənubi Azərbaycanın əleyhinə olmadığım kimi şair də deyiləm ki, məndən Platonun “İon” dialoqunda qeyd etdiyi kimi kütlələri coşdurmağım gözlənilsin. Bir vətəndaş, sadə bir türk kimi Təbrizə dair xüsusi bağlılığım var. Düşünürəm ki, bu duyğu, bağlılıq, aidiyyat orta statistik hər azərbaycanlıda mövcuddur. Lakin mən sizin suallarınıza bir elm insanı, universitet müəllimi kimi cavab verməliyəm. Cənubi Azərbaycanla bağlı tədqiqatım yoxdur. Tarixçi olmasam da, keys olaraq müəyyən edib bir problemi – kimlik problemini tədqiq etdiyim coğrafiyada fiziki olaraq təmasın vacib olduğunu düşünürəm. Yəni Cənubla bağlı tədqiqatımın olmamasının bir digər səbəbi oranı fiziki olaraq tanımamağımdır. Misal üçün Türkiyədə uzun illər yaşadığım üçün Türkiyə ilə bağlı tədqiqat aparmaq mənim üçün daha rahatdır. Ancaq Təbrizdə, İsfahanda, Qəzvində, Tehranda olmadan Cənubi Azərbaycanla bağlı tədqiqat aparmaq sadəcə duyğularıma xidmət etmiş olacaq. Cənubi Azərbaycanla bağlı danışmazdan əvvəl coğrafiya olaraq İranı bilmək lazımdır. Mən isə bu məsələdə hələlik tələbəyəm. Yəni öyrənirəm. Tələsmədən öyrənməyi ciddiyə almaq lazımdır ki, yazacaqlarımızın bir dəyəri olsun. Azərbaycan siyasətinin Cənubi Azərbaycanla bağlı addımı nəzərə alındıqda Azərbaycan akademiyası Cənubi Azərbaycanla bağlı yeni elmi işlərin yazılmasında maraqlı olmalıdır. Qaldı ki, cənubdan gəlib Bakıda təhsil almış və almaqda olan kifayət qədər tələbə olub, indi də var. Sadəcə mövzunun siyasətin gündəliyində prioritetə çevrilməsi üçün müvafiq zaman yetişməli idi.

- Bir az da akademik fəaliyyətinizdən bəhs etməyinizi istəyirik. Elmi işiniz Azərbaycan türkcəsində də çap olundu. Oxucular necə qarşıladı? Hazırda nə üzərində çalışırsınız?

- 2020-ci ildə Türkiyədə müdafiə etdiyim və əvvəlcə Türkiyədə, sonra isə ölkəmizdə nəşr edilən tədqiqatım dövlətləşmənin, millətləşmənin başlanğıc mərhələsini ehtiva edir. Kitab akademik bir tədqiqat olduğu üçün Azərbaycan dilində nəşrinə tərəddüdlə yanaşmışdım. Çünki Türkiyədən fərqli olaraq Azərbaycanda həm oxucu kütləsi zəif və azdır, həm də ciddi kitabların kütləvi şəkildə oxunması, bazarın formalaşması hələ yeni bir hadisədir. Lakin kitaba ciddi maraq göstərildiyini, hətta adımın tədricən kitaba görə tanındığını demək olar. Burada məncə, mövzu da həlledici olub. Türkiyədə mövzunu seçərkən elmi rəhbərim professor Bünyamin Bezci “tədqiq etdiyin mövzu adının ölkəndə tanınmağına ciddi töhfə verəcək, odur ki, ciddi çalış” demişdi. Yəni oxucuların reaksiyasının gözlədiyimdən daha yaxşı olduğunu söyləmək mümkündür. Misal üçün ötən il Bakıda Mədəniyyət Nazirliyinin təşkil etdiyi beynəlxalq kitab sərgisində özümü Vilayət Quliyevə təqdim edərkən “imzanızı tanıyıram” demişdi. Bilirsiniz, Ziqmund Bauman yəhudi əsilli bir polşalı olaraq doğulduğu torpaqdan yəhudi olduğu üçün qovulur. Ona görə “Kimlik” kitabında bu “kimlik “böhranı”ndan bəhs edir. Mən də doğulduğum torpaqlardan - indiki Ermənistan Respublikası-Göyçə mahalından- “qovulduğum” üçün kimlik problemi üzərində durmağa davam edirəm. Hazırda müstəqilliyin bərpasından sonra dövlət və millət quruculuğuna dair tədqiqatla məşğulam. Bu səbəblə Qərbi Kaspi Universiteti Siyasi Elmlər Məktəbində “Dövlət və millət quruculuğunun əsasları” adlı yeni predmet tədris edirəm. Yəni sizə ilk müsahibəmdə dediyim zəfərin milli kimliyin inşasındakı roluna dair bir araşdırma ilə məşğulam. Mövzu tarix, keçmiş olsa da, siyasi elmin, yəni siyasətin nəzərindən baxmağa çalışıram. Bir politoloq olaraq bütün anlayışlara - din, tarix, kimlik və sair - siyasətin pəncərəsindən baxıram. Çünki hadisələrə siyasi baxışın daha həlledici olduğunu bilirəm. Yəni tarix, keçmiş siyasətlə bərabər dəyər qazanır. Siyasi bir kimliyə bürünməyən tarix sadəcə toz içində qalmağa məhkumdur. Bu mənada tədqiqatımın xüsusən nəzəri əsasını düzgün qurmağa çalışıram. Bu xüsusda 2021-2022 akademik ili bitən kimi Türkiyə Respublikası Sakarya Universiteti Diaspora Araşdırmaları Mərkəzində iki ay qonaq tədqiqatçı kimi olduqca məhsuldar bir dövr keçirdim. Bununla bərabər istər Türkiyədən, istər Avropa və Amrerikadan olsun müvafiq tədqiqatçılarla məsləhətləşməyə davam edirəm. Hətta bu çərçivədə həmin tədqiqatçılarla yutubda yerləşdirilən “Akademik Talks” layihəsi çərçivəsində mühazirələri Milliyyət Araşdırmalar Mərkəzi ilə ortaq şəkildə təşkil və moderasiya edirəm. Apardığım tədqiqat çərçivəsində Azərbaycan dilində seminar verməklə yanaşı, yazılar da yazıram. Beynəlxalq konfranslarda məruzlərlə də çıxış edirəm. Bütün bunlar tədqiqatımın əskikliklərini görməyim üçün olduqca əhəmiyyətlidir. Azərbaycan dilində nəşr edəcəyim tədqiqatımı bitirməkdə tələsmirəm, çünki ciddi bir iş ortaya çıxması üçün bəzən yazdığınız mətni unutmalısınız ki, oxuduqlarınız, düşündükləriniz bişsin.

- Azərbaycanda hazırda universitet təhsilinin vəziyyəti nə yerdədir? Tələbələrin elmə marağı nə cürdür? Müəllim olaraq dolanışığınız sizi qane edirmi?

- Belə bir sual qoyduğunuz üçün sizə təşəkkür edirəm. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycana dönüb akademik fəaliyyətə başlayacağınız üçün cavabım sizin üçün də maraqlı olacaq. Bu, aktual bir məsələdir. Bu sualı bir neçə alt başlıqda cavablandıracağam. Rüşvət - 21-ci əsrin Azərbaycanının inşası həm orta, həm də akademik təhsilə dair siyasətin mahiyyətindən asılı olacaq. Ən azında tələbə-müəllim münasibətini korlayan və keçmişlə müqayisədə ciddi səviyyədə aradan qaldırılan rüşvətin tamamilə ləğv edilməsinə nail olmaq zəruridir. Dövlətin bu xüsusda maraqlı olduğu da ortaya qoyulan siyasətdən aydın olur. Universitet anlayışı - Sualın digər tərəfi universitet anlayışıdır. Türkiyədən daha çox Azərbaycanda məşhur olan professor Cəlal Şəngörün “Türkiyədə universitet yoxdur” deyə məşhur ifadəsi var. Mən bu fikirlə dəyərləndirdiyi ölkənin konteksini - tarixini, siyasi, iqtisadi, hərbi, elmi və sair iddiasını, imkanını - diqqətə almadığı üçün qəti razı deyiləm. Çünki modern universitet anlayışı siyasət - dövlət və iqtisadiyyatın - bazarın tələbi ilə formalaşır. Yəni Şəngörün referans aldığı ABŞ universitetlərində sadəcə Amerika üçün deyil, paralel olaraq Türkiyə üçün Şəngör, Səudiyyə üçün yeni kral və sair də yetişir. Harvard, MİT, Berkley, Princeton və sair kimi universitetlər sadəcə ABŞ-ın daxili tələbatı üçün nəzərdə tutulmayıb. ABŞ siyasətinin, iqtisadiyyatının qlobal mahiyyətinə də xidmət edir. Azərbaycanın konteksti isə fərqlidir. Azərbaycan kənar ölkələr üçün kadr yetişdirmək bir yana, tələb olunan kadrlarını belə əsas etibarilə Türkiyə, Rusiya və Qərbdən idxal edir. Dini kadrlar da İrandan formalaşır(dı). Yəni Azərbaycan universitetlərini bu konteksti nəzərə alaraq dəyərləndirmək lazımdır. Qısası gələcəyə dair bədgüman olmaq əvəzinə çalışıb töhfə vermək lazımdır. Tədqiqat problemi - Azərbayan universitetlərinin ən önəmli əskikliklərinin başında tədqiqat gəlir. Zəfərdən sonra siyasi elm və tarixə maraq artmalı idi. Misal üçün ordunun yaşadığı modernizasiya konteksində müstəqillikdən sonra Azərbaycanın dəyişikliyini və çağdaş dünyanı maraqlandıran din və siyasət konteksində doktorantura səviyyəsində siyasi elm kafedralarında elmi işlərin yazılmalı olduğunu düşünürəm. Ancaq məni ölkənin akademik sistemi hələlik düşündürə bilmədiyindən sistemdən kənar düşünürəm. Halbuki Azərbaycanda bir neçə universiteti çıxmaq şərti ilə -onlar da öyrənmə mərhələsindədir- magistr və doktorantura təhsilinin çağdaş prinsiplərə inteqrasiya etmiş şəkildə təşkilində ciddi problemlər var. Bazar - tələb- və universitet arasında münasibət formalaşmayıb. Çünki bazar yoxdur və yaxud yeni yaranır. Bununla bağlı bir digər məsələ universitet müəllimlərinin tədqiqat aparmaq məsələsidir. Əvvəldən qeyd edim ki, bir kafedrada, fakültədə hər kəsin eyni səviyyədə tədqiqatla məşğul olmasına nail olmaq müşkül məsələdir. Qaldı ki, lazım da deyil. Lakin buradakı əsas məsələ müəllimlərin tədqiqat üçün fiziki imkanlarla - otaq və texniki təhcizat - və normal müavinətlə təmin olunması lazımdır. Azərbaycanda bu məsələnin həllinin zəruriliyi hələ yenicə qavranılıb. Nazirliyin atdığı addımların nəticəsini gözləmək və dəstək vermək lazımdır. Digər tərəfdən siyasi, hərbi məsələlərdə olduğu kimi universitetlərimizin çağdaş dünyaya inteqrasiyası üçün Türkiyə ilə əməkdaşlıq zəruridir. Kadr problemi – 21-ci əsrin Azərbaycanını Sovetdən qalmış və iyirminci əsrin kodlarıyla düşənən elm insanları, universitet müəllimləri ilə inşası mümkün deyildir. Sadə formada tədqiqatçı, universitet müəllimi artıq prioritet olaraq rus dilinə deyil, ingilis dilinə üstünlük verməlidir. Dövlət bu kadr əskikliyini gördüyü üçün daxildə reform siyasətini tətbiq etməklə - AMEA-da dəyişiklik və sair - yanaşı kadrların yetişdirilməsi üçün dövlət təqaüd proqramı elan etdi. Universitetlərin tədricən təkmilləşməsinə nail olunmağa çalışılır. Elm insanlarının, müəllimlərin dolanışığı – problemlərin başında gəlir. Tələbələr arasında isə elmə yönəlmə iqtisadi maraq təmin edilmədiyindən hələlik yox səviyyəsindədir. Bilirsiniz, 2000-ci illərin əvvəli ilə müqayisədə peşəsini sevən və peşəsinə hakim olan müəllimlərin dolanışığında irəliləyiş olduğu söylənə bilər. Ancaq universitet müəllimi qonşu Türkiyədə olduğu kimi sosial-iqtisadi status baxımından tam orta sinif statusu qazanmadığından cazib bir peşəyə çevrilməkdə çətinlik çəkir. Lakin bir neçə universitetdə ötən əsrdən qalma akademik anlayışın dəyişdirilməsi üçün pilot olaraq tətbiq edilən layihələr gələcəklə bağlı ümidli olmağa əsas verir. Xülasə dolanışıq deyəndə əgər gündəlik məişət ehtiyacları nəzərdə tutulursa, problem yoxdur. Lakin bir tədqiqatçı, müəllim kimi özünüzü inkişaf etdirməyiniz üçün - kitab almaq, konfranslarda və sair iştirak - hələlik müşküldür.

- Ölkəmizdə rus dilinin mövqeyi ilə bağlı mütəmadi müzakirələr olur. İngilisdilli tədqiqatçı kimi müasir elmi qaynaqlara çıxışda rus dilinin önəmi nə dərəcədədir?

- Bir vətəndaş kimi rus qonşusu tərəfindən rus dili bilmədiyi üçün “məzəmmət” edilmişəm. Bununla belə bir tədqiqatçı, elm insanı, bir universitet müəllimi kimi məsuliyyətimi, öhdəliyimi dərk etdiyimdən hisslərimi qurduğum cümlələrə əks etdirməmək üçün min dərədən su gətirirəm. Yəni ilin müəyyən tarixlərində mütəmadi olaraq ölkə gündəliyini "işğal edən" rus dili məsələsinə dair peşəkar mövqe bildirməyin gərəkliliyinin fərqindəyəm. Ancaq bu peşəkarlıq da mənbəyini doğru yerdən - Azərbaycan xalqının dilindən, kültüründən, dinindən - almalıdır ki, töhfəyə vəsilə olsun. Hər şeydən əvvəl rus dili problemini anlamaq və ya müzakirəyə töhfə vermək Çingiz Abdullayevin Azərbaycan dilində zəif “danışığını” ələ salmaq deyil. Bilirsiniz, fransızların qürur duyduqları fransızlıq ingilis siyasi sisteminə heyran olan Volter, Monteskyo və sair maarifçilər tərəfindən, türklük yenə fransız dili vasitəsilə modern dünyanı tanıyan Osmanlı aydınları tərəfindən, almanlıq fransız aydınlanmasından təsirlənən Fixte, Herder kimi alman millətçiləri tərəfindən inşa edilmişdir.

Rusiyanın altını qazsaq, modern rus institutlarının alman və fransızlar tərəfindən inşa edildiyi ortaya çıxacaq. Sadəcə Sankt Peterburqun küçələrində gəzmək kifayətdir. Yəni bütün millətlər bu təcrübəni yaşayaraq özünə aid olanı inşa edib. Azərbaycanın dil məsələsində yaşadığı müşkülatın səbəbi müstəmləkənin yaratdığı asılılığın həddindan artıq uzun sürməsinə - 1828-1918; 1920-1991 - bağlıdır. Rus dilinin Azərbaycan cəmiyyətindəki elitarlığına, toxunulmazlığına xitam vermək üçün zəfər zəruri idi. Lakin zəfərdən dərhal sonra Azərbaycan dilinin haqqı olan elitarlıq statusunu dərhal qazanmağı gözləmək də sadəlövhlük olardı. Bu proses də özündə müəyyən bir vaxt tələb edəcək. Qaldı ki, Azərbaycan milli kimliyinin özəyi olan milli dilin elitarlığında rus dilində təhsil almış və milli təəssübkeşliyi olan aydınların da rolundan istifadə edilməlidir. Bu da məsələnin paradoksal tərəfidir. Sülh məsələsində olduğu kimi Azərbaycanın dövlət və cəmiyyət nəzdində ortaq iradəsi ilə rus dilinin Azərbaycan dilinə qarşı elitarlığına xitam verilə bilər. Bundan əvvəl Azərbaycanın aydını nə üçün milli dilə ehtiyac olduğunu əvvəlcə özü anlamalıdır. Təəssüflə qeyd etməlliyəm ki, Azərbaycan dilinin elitarlığını müdafiə edən aydınların əksəriyyəti məsələnin mahiyyətini qavramadan cümlə qurur. Halbuki milli dilin mahiyyətini qavramaq lazımdır. Bildiyiniz kimi orta əsrlərdə siyasi sistem insanın sistemi legitimləşdirən dinə dair kilsələrdəki görüntüləri görməsi əsasında qurğulanmışdır. Yəni orta əsr insanı görərək aidiyyat bağı qurduğu sistemin parçası idi. Qaldı ki, insanın rolu modern dünya ilə müqayisədə daha məhdud idi. Modern siyasi sistem isə millətşünaslığın klassik müəlliflərindən Ernest Gellnerin vurğuladığı kimi kapitalizm və siyasətin ortaqlığı nəticəsində standart dillər vasitəsilə davam edib. Yəni Azərbaycan dövlətinin gələcəyində Azərbaycan dili həlledici rol oynayacaq. Prezident Əliyev Şuşada təşkil edilən Dünya Azərbaycanlıları Qurultayında bu xüsusa diqqət çəkmişdi. Lakin Azərbaycan dilinin elitarlığı üçün düşünən aydın çıxış yolunu və ya əlinə keçən imkanı rus dilində danışan, təhsil almış azərbaycanlını da çıxdaş etməkdə görməməlidir. Rus dilinin akademik dəyəri məsələsinə dair deyə bilərəm ki, rus dili xüsusən sosial elmlərdə konteksində dünya dilləri arasında ən zəif dillərdəndir. Belə demək mümkündürsə rus millətçiliyinə dair yazılmış ən ciddi məqalələrdən birinin müəllifi əslən Sibir yəhudisi olan amerikalı professor Liah Greenfeld tərəfindən ingilis dilində yazılmışdır. Yəni rus dilinin əhəmiyyətindən daha çox dilin sahibinin uzun müddət davam etdirə bildiyi müstəmləkənin nəticəsidir. Azərbaycanlı tədqiqatçı rus dilini, əlbəttə, bilsə yaxşıdır. Məsələ rus dilinin prioritet olmasının tərk edilməyindədir.

- Ali Attestasiya Komissiyasında elmi işinizi, diplomunuzu təsdiqlətmisiniz. Prosedur sizi yormadı ki? Türkiyə məzunlarına münasibət necədir?

- Bəli, ekpsert şurasından keçdim. Artıq əlavə bir tələb olmayacağı təqdirdə xaricdə müdafiə etdiyim elmi işin təsdiqlənməsinə dair diplomu almaq üçün dəvət gözləyirəm.

Ədalət üçün deməliyəm ki, bizdən əvvəlki nəslin yaşadığı acı təcrübədən fərqli olaraq prosedur daha sürətlə irəliləyir. Burada haqqı təslim etmək lazımdır. Lakin məsələ bununla bitmir. Şübhəsizdir ki, bürokratik prosedur təxminən bütün ölkələrdə eynidir. Komissiya sovet dövründən qalma bir qurum olduğu üçün bütün reformlara baxmayaraq ötən əsrin anlayışından tam mənasıyla xilas olması müşküldür. Ekspert şurasında ADA Universitetindən dosent Anar Vəliyev, dosent Azər Babayev kimi həm ingilis dilinə hakim, həm də ciddi elmi jurnallarda tədqiqatları nəşr edilən elm insanlarından mütəxəssislər olmalıdır ki, zamanla ayaqlaşa bilsin. Qaldı ki, bizdə sosial elmlərdə tematik olaraq ixtisaslaşma yeni bir məsələdir və müəyyən zaman tələb edəcək. Bu ixtisaslaşma Türkiyədə belə arzuolunan səviyyədə deyil. Türkiyə məzunlarına münasibət Türkiyənin Azərbaycanın əldə etdiyi tarixi zəfərdəki töhfəsindən sonra daha da dəyişib. Digər tərəfdən Türkiyə məzunlarını iki hissəyə ayırmaq lazımdır. Müstəqilliyin ilk dövründə oxumağa gedən məzunlar müharibənin, işğalın kölgəsində təhsil aldılar. Ona görə müdafiə edib Azərbaycana qayıdan məzunlar arasında ciddi tədqiqatla məşğul olmaq iradəsi göstərənlər olduqca azdır. Ancaq 2010-dan sonra müdafiə edib geri dönənlər arasında tədqiqatla məşğul olanlar var. Hətta İqtisad Universitetinin tədqiqat mərkəzli bir təhsil ocağına çevrilməsində həmin məzunların danılmaz rolu vardır. Mən də yeni bir məzun olaraq ciddi bir elm insanı kimi yetişmək üçün əlimdən gələni edirəm. Gənclərə tövsiyəm odur ki, əvvəlcə hədəfləri olsun, sonra hədəf üçün hər gün mütəmadi çalışmağı vərdiş halına gətirsinlər.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər