11 Noyabr 2022 17:32
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi və Şimali Azərbaycanın birləşməsində elliklə maraqlı olan dövlət yoxdur”

Teleqraf.com-un müsahibi Qərbi Kaspi Universitetinin Politologiya və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Dr. Orxan Vəliyevdir.

- Orxan bəy, sizinlə son söhbətimizdə demişdiniz ki, Qarabağ zəfəri Azərbaycanda millətləşmə mərhələsinin tamamlanmasına xidmət edəcək. Zəfərdən artıq iki il ötür. Bu iki il ərzində düşüncənizin doğruluğunu isbatlayan nələr müşahidə etdiniz?

- Daha doğrusu, zəfərin milli kimliyin tamamlanması üçün “yetkin fürsət” olduğunu vurğulamışdım. Əvvəlki müsahibədə bu məsələnin üzərində ətraflı dayandığım üçün zəfərdən sonrakı dəyişikliklərə nəzər yetirməklə kifayətlənəcəyəm. Bilirsiniz ki, fransız inqilabı on səkkizinci əsrdə baş verməyinə baxmayaraq fransız dilində danışan fransız milləti ötən əsrin əvvəlindən sonra ancaq formalaşa bildi. Bu xüsusda Eugen Weberin 1976-cı ildə çap olunan “Kəndlilərdən fransızlara” adlı klassik əsəri tövsiyə edilə bilər. Azərbaycana daha yaxın olduğu üçün Türkiyəni də misal göstərmək mümkündür. Belə ki, Atatürk 1923-cü ildə elan etdiyi respublikanın legitimlik, suverenlik mənbəyi olacaq türk milli kimliyini ancaq 1930-cu illərin sonunda yarada bildi. Qısaca hərf, universitet, tarix və sair inqilabları bu siyasətə xidmət etmişdir. Azərbaycanın əldə etdiyi zəfərin yetkin nəticəsini görmək üçün tələsməmək lazımdır. Zəfərdən sonra rəsmi Bakı dünyaya yeni Azərbaycanı təqdim etməklə yanaşı, işğaldan azad edilmiş torpaqlarda təkrar yaşayışın bərpası ilə məşğuldur. Digər tərəfdən milli kimlik məsələsinin həllində, inşasında yekun sülh müqaviləsinin imzalanması da həlledici olacaq. Milli kimliyin yetkinləşdirilməsindən ötrü azərbaycanlı kimliyinin özünü təşkil edən türklük və mədəniyyət inşası üçün ehtiyac duyulan dinə dair təsəvvürün formalaşması lazımdır. Çünki ötən əsrin əvvəlindəki klassik milli kimlik anlayışı artıq öz yerini iyirmi birinci əsrin anlayışına verir.

Belə ki, siyasət nəzəriyyəçiləri “din və siyasət” mövzusunu təkrardan müzakirə etməyə başlayıblar. Əlbəttə ki, orta əsrlərə geri dönülməyəcək. Lakin din geri qayıdır. Təkbaşına azərbaycançılıqla dövləti 21-ci əsrdə yaşatmaq asan olmayacaq. Bunun fərqində olan Azərbaycan siyasəti əvvəlcə multikultural perspektivə müraciət etdi. Bu siyasət Azərbaycanın beynəlxalq imicinin formalaşması baxımından zəruri və doğru siyasət idi. Bəzi tədqiqatçılar Azərbaycan cəmiyyətində demokratiya “defisiti” olduğunu düşündüklərindən multikultural siyasətin “uğursuz” olduğunu əsaslandırırlar. Halbuki Azərbaycan dövlətinin hekayəsini doğru qavramaq üçün onun kontekstini nəzəri diqqətə almaq lazımdır. Bu xüsusda səfir, professor Hafiz Paşayevin müstəqillikdən sonra yazılmış ən dəyərli kitablardan biri olaraq gördüyüm “Bir səfirin manifesti” avtobioqrafik kitabının oxunmasını tövsiyə edirəm. Professor Paşayev kitabda özünün də bir səfir kimi parçası olduğu Azərbaycan dövlətinin hekayəsini ustalıqla yazıb.

Multikulturalizmdən sonra zəfər Azərbaycan siyasətinə dövlətin fikri əsaslarının formalaşdırılması üçün türklük və islam dininə dair addımlar atmağa imkan yaratdı, yaradacaq. Hətta 2018-ci ildə İlahiyyat İnstitutunun təsis edilməsi bu xüsusda atılmış ciddi bir addım kimi dəyərləndirilə bilər. Bilirsiniz, türklüyə və dinə dair addım atılması nə Ermənistanda olduğu kimi faşist millətçiliyə gətirib çıxaracaq, nə də dövlətin dünyəvi mahiyyətinə xələl gətirəcək. Milli kimliyin inşası demək həm türklüyə, həm dinə dair təsəvvürün formalaşması deməkdir. Bir baxıma multikultural çalarları da ehtiva edəcək Azərbaycan millətçiliyinin formalaşması deməkdir. Bu xüsusda ötən il yazıdığım “Nə üçün Azərbaycan millətçiliyi?” essesini belə tamamlamışdım: Mən kiməm?; Etnik mənsubiyyət: türk (sizdə fərqli ola bilər); Din: müsəlman (sizdə fərqli ola bilər); Region: Qafqaz; Dil: ana dil türk (sizdə fərqli ola bilər); rəsmi/milli dil (dövlət) dil: Azərbaycan; Vətəndaşlıq: Azərbaycan; Milli kimlik: Azərbaycan; Yekun: Mən Azərbaycanlıyam. Ancaq bu multikultural çalarlar azərbaycanlılığın çoxluğu olan türklüyün və islamın dominantlılığını də nəzərə almalıdır. Bu xüsusda Bristol Universitetinin multikulturalizm üzrə tədqiqatı ilə tanınan Professor Tariq Modoodun Azərbaycan dilinə də tərcümə edilmiş “Multikultural millətçilik” məqaləsini referans vermək olar. Modood ingiliz milli kimliyinin multikulturallığının çoxluğu təşkil edən ağların - anqlo-saks və ya xristianların dominantlığına xələl gətirmədən dini və etnik azlıqların da kənardan gələnlər deyil, qurucular olaraq qəbul edilməsindən yana olduğunu ifadə edir. Bu çərçivədə Azərbaycan siyasətinin, xüsusən zəfərdən sonrakı addımları da diqqətə alındığında doğru yolda irəlilədiyini ifadə edə bilərəm.

- Müharibədən sonrakı mərhələni necə dəyərləndirirsiniz? ABŞ-ın, Fransanın, Avropa Birliyinin və Rusiyanın müxtəlif həmlələri oldu. Bu tərəflərdən hansının mövqeyi Qafqazda sülhə xidmət edəcək?

- Mərhum xalq şairi Bəxtiyar Vahabzadə son müsahibələrinin birində keçmiş Qarabağ münaqişəsinin həllinə dair bir suala “qanla verilən ancaq qanlı alına bilər” mahiyyətində cavab vermişdi. İndi sizin olduqca maraqlı və aktual sualınıza ilkin olaraq sadaladığınız dövlətlərin və təşkilatın Qafqaza maraqlarına xidmət edəcək sülhün arxasınca gəldiklərini ifadə edərək başlayım. Yəni belə demək mümkündürsə özgə suyu ilə dəyirman dolmaz. Qafqazda sülhün bərqərar olması xüsusən regionun üç dövlətinin ortaq addım atmaq bacarığından asılı olacaqdır. Burada regionun əsas dövləti olan Azərbaycanın siyasi strategiyasının həlledici olacağı aydındır. Bu mənada rəsmi Bakının İrəvanla yanaşı Tiflislə olan münasibətləri də qorumaq üçün atdığı addımlar diqqətəlayiqdir.

Qafqazda sülhün bərqərar olmasında regiondakı dövlətlərin iradəsi həlledici olacaq. Azərbaycanın müharibə sonrasında sülhdən yana qəti mövqe nümayiş etdirdiyi aşikardır. Lakin küçənin - adi insanın, kilsənin, diasporanın və sairin təsirindən xilas olmaqda çətinlik çəkən Ermənistan siyasəti məğlub olmasına baxmayaraq sülhdən yana iradə göstərməyə təşəbbüs edir. Azərbaycan və Türkiyənin addımlarının Qafqazda sülh üçün daha həlledici olacağını düşünürəm. Çünki Azərbaycan və Türkiyə ortaq maraqlardan çıxış etmək imkan və qabiliyyətinə sahib olmaqla bərabər balans siyasətini ustalıqla davam etdirə bilirlər. Misal üçün Türkiyə Ukrayna-Rusiya müharibəsinə baxmayaraq hər iki tərəflə görüşə bilən nadir ölkələrdəndir. Digər tərəfdən doğru addımlar atılmağa davam ediləcəyi təqdirdə Türk Dövlətləri Təşkilatının rolunun da həlledici olacağını düşünürəm. Müharibədən sonra sülhə dair addımların post-Bişkek dövründə Minskin fəaliyyətindən daha effektiv olduğu, olacağı görünür. Ancaq prezident Əliyevin Praqa görüşündən sonra jurnalistlərin müvafiq sualına verdiyi ehtiyatlı, rasional cavabı kimi gedişatı gözləmək, yəni təmkinli olmaq lazımdır. ABŞ bildiyiniz kimi siyasi, iqtisadi, hərbi gücünü uzaq şərqə doğru yönəltmiş vəziyyətdədir. Avropa da daxil olmaqla bütün münasibətlərini ona görə dizayn edir.

Ona görə regionda öz maraqlarına xidmət etmək şərti ilə sülhdə maraqlıdır. Avropa Birliyi ilə enerji məsələsi vasitəsilə konstruktiv münasibətlər inşa edildi. Prezident son Avropa səfərindəki çıxışlarını haqlı olaraq enerji məsələsi çərçivəsində qurğulamışdı. Fransa məsələsinə xüsusi diqqət ayırmaq lazımdır. Fransa Azərbaycanın zəfəri və zəfərdən sonrakı Zəngəzur dəhlizi də daxil olmaqla dəyişikliklərdən ən çox narahat olan dövlətdir. Rəsmi Bakı istər müharibədən əvvəl, istərsə də sonra diplomatik münasibətlərini doğru inşa etdiyi üçün Fransaya İrana olduğu kimi açıq reaksiya verməkdən çəkinmir. Diqqətinizi çəkirəm, rəsmi Bakı İran nümunəsində olduğu kimi qarşı tərəfin addımından, ittihamından sonra reaksiya vermişdir. Bu, olduqca əhəmiyyətlidir. Rusiya isə həm dünyada, həm regionda cəlbediciliyini itirmiş bir dövlətə çevrilmiş vəziyyətdədir. Bununla belə Rusiya sadaladığınız dövlətlər arasında sülhə ən uzaq dövlət kimi qiymətləndirilə bilər. Çünki sülh demək zəfər əldə etmiş Azərbaycanın maraqlarının, yəni ərazi bütovlüyünün təmin edilməsi deməkdir. Bu isə Rusiyanın regiondakı üstünlüyünün zəifləməsi ilə yanaşı, xüsusən Türkiyənin Azərbaycan konteksində varlığını təhkim etməsi demək olacaq. Böyük Britaniyanın eks baş naziri Boris Consonun Kiyevdə “Putinə Pyotr və Aleksandrın dövrünün bitdiyini öyrədəcəyik” cümləsi olduqca diqqətçəkici idi. Bilirsiniz, modern siyasi nizam inşa edilərkən ingilislər Avrasiyada ruslardan yana mövqe tutmuşdular. Xülasə regionu çətin diplomatik gedişlər gözləyir. Regionun Ermənistan-Azərbaycan konteksində sülhə uzaq olmadığını düşünürəm.

- Ötən il Türkiyə ilə Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannaməni necə dəyərləndirirsiniz? Müttəfiqliyimiz üçün nə cür əhəmiyyəti var?

- Azərbaycanın modern hekayəsində Türkiyə on doqquzuncu əsrin sonu yirminci əsrin əvvələrindən etibarən ciddi rol oynamışdır. Cümhuriyyətin qurucularının təşəbbüsü ilə Qafqaz İslam Ordusu Azərbayana dəstək üçün göndərilmişdi. Şuşa Bəyannaməsi hər şeydən əvvəl əsrdən artıq olan əməkdaşlığın hüquqi status qazanması baxımından olduqca əhəmiyyətlidir. Yəni Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə dövlət siyasəti kimi hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilmişdir. Burada hərbi əməkdaşlığın xüsusi əhəmiyyəti vardır. Misal üçün Azərbaycan və Rusiya arasında yaxın zamanda imzalanmış mətn parlamant səviyyəsində ratifikasiya edilmədi. Türkiyə dövlət olaraq Azərbaycanın suverenliyinin qorunmasında maraqlı olduğunu göstərmişdir. Şuşa Bəyannaməsi artıq dəyişəcək hökumətlərdən asılı olmayaraq dövlət məsələsi statusu qazanmışdır. Bəyannamənin imzalanması rəsmi Bakı və Ankaranın bir çox məsələdə ortaq fəaliyyətinin institutlaşacağına dair ümid doğurur.

Çünki rəsmi Ankara Orta Asiyada var olmaq üçün suveren və güclü Azərbaycanın varlığında maraqlıdır. Diqqətinizə çatdırım ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının müvəffəqiyyət qazanmasında da Türkiyə üçün ciddi tərəfdaşdır. Şuşa Bəyannaməsinin ilkin nəticələri özünü xüsusən Azərbaycan hərb sistemində göstərir. Yenilənmə adətən ordulardan başlayır. Pyotrun çarlığında, Osmanlıda modernizasiya ilkin olaraq ordudan başlamışdır. Müstəqilliyin bərpasından sonra Azərbaycan ordu-dövlət quruculuğunu Türkiyənin iştirakı və dəstəyi ilə etməyə çalışsa da, tam müvəffəq ola bilmədi. Lakin zəfərin milli kimliklə bağlı yaratdığı fürsətə dair vurğumun təməllərindən biri də məhz ordudur. Bəyannamə ilə Azərbaycan ordusu - dövləti iki əsrlik, xüsusən SSRİ-nin müstəmləkə ləkəsindən xilas olmaq fürsəti əldə edib.

Beləliklə, Azərbaycan Türkiyə vasitəsilə ordusunu NATO sisteminə uyğunlaşdırır. Yəni bəyannamə sadəcə hərbi müdaxilə anında deyil, eyni zamanda ordunun modernizasiyası üçün də öz töhfəsini verir. Digər tərəfdən bəyannamənin Şuşada imzalanması Qarabağda Azərbaycan suverenliyinin gələcəyinin təminatı üçün də həlledici olacaq. Çünki Türkiyə prezident Əliyevin müxtəlif kürsülərdən dəfələrlə vurğuladığı kimi ciddiyə alınan bir dövlətdir.

- İstər müharibə dövründə, istərsə də sonra İran dövləti Azərbaycanın əleyhinə mövqe tutdu. İndi də ölkəmizə qarşı təhdidləri var, Naxçıvanla bağlı iddiaları var. İranın dərdi nədir?

- Azərbaycan xalqı modern siyasi varlığını inşa edərkən siyasi nöqteyi nəzərdən türk ola bilmədiyi üçün azərbaycanlı oldu! Lakin bayrağın rəngləri arasına səssiz-sədasız daxil edilən türklüyün bir gün qabaracağı aydın idi. Ancaq Elçibəy İrana türklüyü referans alaraq siyasət qurmaqda tələsmişdi. Heydər Əliyev havanı normallaşdırdı və azərbaycançılığa söykənərək dövlətin inşasına üstünlük verdi. Regional və beynəlxalq konyuktura da buna imkan yaratmalıdır. Türklüyümüzün qabarması əsas etibarilə İran üçün “təhdid”dir. Diqqət edin, Azərbaycanın Cənubi Azərbaycana dair addımı İsrailin addımından və İranın Azərbaycan sərhədində suverenlik haqlarına “təcavüz” edərcəsinə hərbi təlim keçirməsindən sonra baş tutdu. Bu mənə bir politoloq kimi Azərbaycan siyasi diskursunun öz limitini doğru dəyərləndirdiyi təəssüratını yaradır. İranın dərdi bizim türklüyümüzün qabarmasındadır. Çünki bilir ki, türklüyünü beynəlxalq siyasətə də inteqrasiya edəcək Azərbaycan İranın hesablaşmalı olacağı bir Azərbaycan olacaq. Yəni İran vətəndaşı olan milyonlarla azərbaycanlıya “ətrak-i bi-idrak” deməyin qiymətini mütləq bir gün ödəyəcəyini bilir. Naxçıvana gəldikdə isə Azərbaycan Naxçıvanı Türkiyənin də dəstəyi ilə “zəif” olduğu vaxtlarda belə güzəştə getməyib. 250 illik siyasi tarixi ərzində ilk dəfə zəfər əldə edilərək torpaqlar işğaldan azad edilib. Belə bir Azərbaycan Naxçıvana dair “iddiaları” mütləq ki, bağışlamayacaq.

- Azərbaycan İranın bu addımlarına qarşı Güney Azərbaycan kartını işə saldı. Hətta dövlət televiziyasında açıq şəkildə sujetlər verildi. Sizcə, 1945-dən sonra ikinci bir şans yaranıbmı?

- Adi bir vətəndaş kimi ölkəmi nə qədər sevsəm də, bir elm insanı kimi qurduğum cümlələrin kollektiv düşüncənin formalaşmasına, təsirlənməsinə və sair təsir imkanını düşündüyümdə bu suala rasional cavab verməliyəm. Yəni 1945-də əsasən üçüncü tərəfin marağı çərçivəsində formalaşan bir hadisədən danışmaq mümkündür. Çünki müstəqil bir Azərbaycan dövlətindən bəhs etmək mümkün deyil. Digər tərəfdən Azərbaycanın Cənubi Azərbaycan kartını işə salması üzərində durmaq lazımdır. Rəsmi Bakı hücuma keçən tərəf olmadı. İranın Naxçıvana dair iddiaları da daxil olmaqla Azərbaycanın suverenliyinə qarşı addımları əks siyasəti zəruri etmişdi.

Müqayisə üçün əgər Azərbaycan siyasəti 44 günlük müharibə dövründə Cənubi Azərbaycan kartını işə salsaydı, bugünkü beynəlxlaq nəticəni, dəstəyi almaqda çətinlik çəkəcəkdi. Düşünürəm ki, prezident Əliyevin yeməyi yemək üçün bişməyini gözləmək kimi bacarığı, səbri, iradəsi var. Belə siyasətçilər ciddi uğurlar qazanaraq adlarını tarixə yazdırırlar. Diqqətinizi bir məsələyə çəkmək istəyirəm ki, Cənubi Azərbaycanla bağlı açıq addım atan Azərbaycan zəfər əldə etmiş Azərbaycandır! Yəni müharibə ilə həm ordusunu, həm də daxili birliyini müvəffəqiyyətlə sınaqdan keçirmiş bir Azərbaycan var. İran isə daxilində etnik (türk, kürd, ərəb) narazılıqlar bir yana, sərt dini siyasətdəki təkidindən ötrü dünyəvi həyatı müdafiə edən farsların belə dəstəyini itirmiş vəziyyətdədir. Ancaq burada bir xüsusa təkrar diqqət çəkmək istəyirəm. Bu şans Cənub və Şimalın birləşməsi ilə nəticələnməyəcək. Qeyd etdiyiniz şans üçün ən yaxşı halda İranla müharibəyə girmək lazım gələcək ki, rəsmi Bakı belə avantürist siyasətdən uzaqdır. Ancaq ümumilikdə bunu bir şans olaraq dəyərləndirmək mümkündür. Yəni şansı sadəcə cənubla şimalın fiziki birləşməsində axtarmaq lazım deyil. İran və ya iranlılıq daxili bir mübarizədən daha çox kənardan müdaxilənin nəticəsində mümkün olmuş bir qurğudur. Görünür, bu siyasi qurğu, xüsusən siyasi islam ömrünü başa vurmağa hazırlaşır. Xülasə Cənubi Azərbaycanla bağlı əsas şans İrandakı azərbaycanlıların etnik və linqvistik haqlarının, tələblərinin hüquqi status qazanması olardı. Yəni İranda farslarla yanaşı yaşayan milyonlarla türkün yaşadığını hüquq çərçivəsində qəbul etməlidir. Bununla bərabər rəsmi Bakı Cənubi Azərbaycana dair siyasətini beynəlxalq ictimaiyyətlə ayaqlaşacaq şəkildə atmağa davam etməlidir. Çünki bütün tələblərimiz, hədəflərimiz qısa zaman dilimində reallaşa bilməz. Əsas olan gələcəyə dair doğru strategiya qurmaqdır. Sonuncu məqam diplomatik münasibətdə olduğumuz dövlətlər arasında Cənubi Azərbaycanla müstəqil Azərbaycan Respublikasının birləşməyində elliklə maraqlı olan dövlət yoxdur.

Ardı var...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər