16 Noyabr 2022 18:03
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. Çünki bu ölkə 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. İndiki şəraitdə isə İran daha aqressiv siyasət yürüdür. Bu ölkə Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəl törədir. İran həmçinin Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən ən iyrənc taktikalara əl atır, Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandırır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O hesab edir ki, İran dünyada özünü İslam dəyərlərinin hamisi adlandırması bunun fonunda isə müsəlmanlara qarşı soyqırım törətmiş dövlətə, onun hərbi canilərinə qucaq açması heç bir məntiqlə uzlaşmır:

“Eyni zamanda İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə ziddir. Qonşuluğunda güclü, ərazi bütövlüyü təmin edilmiş, regional və qlobal miqyasda qəbul edilən Azərbaycanın olması İranı qıcıqlandırır. Az qala hər addım başı özünə qarşı Azərbaycandan təhlükə görən İran absurd məsələlərdə bizi ittiham edir. Bu sözsüz ki, molla rejiminin yanlış və uğursuz siyasətinin mahiyyətindən yaranan bir haldır”.

Millət vəkilinə görə, İran Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir:

“Ümumiyyətlə riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. İran məqsədyönlü və açıq təxribatlarını davam etdirərək, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır. Təsadüfi deyil ki, Yaxın və orta şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir. Elə təəssürat yaradılır ki, “qüdrətli İran dövləti” İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını təhdidlərdən qoruyur. Əslində isə bu işğal və imperialist siyasətin mahiyyətinə əsaslanır”.

Tamam Cəfərova bildirib ki, Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil:

“İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı. Meşələrin qırılması və onların İrana daşınması da hər kəsə bəllidir. Bu əslində tarixi qardaşlıq münasibətlərinə və İslam həmrəyliyinə xainlikdir. İşğal dövründə Ermənistanla İran arasında geniş miqyasda iqtisadi əlaqələr, birgə iqtisadi layihələr mövcud olub. Bununla yanaşı Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İran dövlət nömrə nişanlı yük maşınları, qaçaqmalçılar açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb. Bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar mövcuddur. Ona görə də, İran bugün başqalarını ittiham etməkdənsə özünün çirkin əməllərinə baxıb utansın”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər