“Azərbaycan Latviyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa bu ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
Diplomat ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin Latviya üçün prioritet olduğunu vurğulayıb: “Əməkdaşlıq illəri ərzində Azərbaycan və Latviya arasında isti və etimada əsaslanan münasibətlər inkişaf edib. Ölkələrimiz arasında fəal siyasi dialoq qurulub”.
O, iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Müvəqqəti işlər vəkili ötən gün Bakıda Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Davamlı sabah naminə qadınlar” adlı yüksək səviyyəli konfransın keçirildiyini xatırladıb və ölkəmizlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə Latviyanın milli bayramı münasibətilə təbriklərini çatdıraraq, ölkələr arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini deyib: “Biznes və investisiya əlaqələrinin inkişafı üçün böyük potensial görürük”.
Nazir Latviyanın 44 günlük Vətən Müharibəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini xatırladıb.