Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması xüsusi yer tutur. Bu istiqamətdə dövlətimiz mühüm nailiyyətlər əldə edib. Bu gün Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı kifayət qədər çoxdur.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın dost və tərəfdaş ölkələri dünyanın müxtəlif qitələrini əhatə edir: “Bu baxımdan, Balkan ölkələri, o cümlədən Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Noyabrın 23-də Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri bu mənada xüsusi vurğulanmalıdır. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir xanım Ana Brnabiç ilə görüşləri keçirilib. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Qarşılıqlı səfərlərin intensivliyi hər iki ölkənin münasibətləri daha da möhkəmlətmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinin təzahürüdür”.
Millət vəkili deyib ki, səfər çərçivəsində bir sıra vacib sənədlər imzalanıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanatı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. Eyni zamanda, Serbiya Prezidenti cənab Vuçiçin mətbuata birgə bəyanatı zamanı Prezident İlham Əliyev haqqında fikirləri dövlətimizin başçısının dünyada böyük nüfuzundan, liderlik keyfiyyətlərindən xəbər verir. Serbiya Prezidenti deyib: “Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”. Prezident İlham Əliyevin Avropada ən populyar şəxs olduğunu deyən Prezident Vuçiç qeyd edib ki, cənab İlham Əliyev hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Əlbəttə, Azərbaycan vətəndaşları olaraq ölkəmizin başçısı haqqında deyilən belə yüksək fikirlərdən qürur duyuruq. Prezident İlham Əliyev isə çıxışından bildirib ki, Azərbaycan və Serbiya hər zaman biri birinin ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, ölkələrimizin enerji sahəsində əməkdaşlığının potensialı var. “Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır”,-deyə dövlətimizin başçısı vurğulayıb. Beləliklə, Azərbaycan-Serbiya əlaqələrində yeni səhifə açılır. Bu əlaqələr hər iki dövlətin maraqlarına cavab verir”,-deyə Sevinc Fətəliyeva söyləyib.