Ölkə başçısı İlham Əliyev öz çıxışlarında qeyd edir ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Azərbaycan Konstitusiyasının 54-cü maddəsinə görə, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ var. Eyni zamanda, Azərbaycan vətəndaşları dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququna malikdir. Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edə bilər.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor hesab edir ki, siyasi partiyalar daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir: “Ölkədə mövcud bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. 1992-ci ildə qəbul olunmuş bu qanuna ötən 30 il ərzində müxtəlif əlavə və dəyişikliklər edilib. Bütün bunlar isə siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradılmasına xidmət edir. Lakin bununla yanaşı, proseslər davam edir, ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verir. Bu səbəbdən də yeni qanun layihəsinə ehtiyac yaranır. Bu ehtiyacların bir çoxunu müxtəlif siyasi partiyaların rəhbərləri qeyd edirdilər. Parlamentin sədri Sahibə Qafarova siyasi partiyaların təklif və müraciətlərini dəstəkləyərək yeni qanun layihəsinin hazırlanmasına dair tapşırıq verib”.
“Yeni qanun mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verən sənəd olacaq”
Komitə sədrinin fikrincə, bu, ölkənin siyasi həyatında çox əhəmiyyətli bir hadisədir: “Yeni qanun layihəsində siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb. Qanun layihəsi hazırlanan zaman dünyanın bir sıra qabaqcıl, təqribən 20 ölkənin təcrübəsi öyrənilib. Azərbaycanda siyasi sistem və milli xüsusiyyətlər, həmçinin, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb.
Bu mənada Milli Məclis sədrinin təşəbbüsü ilə qanun layihəsi ilə bağlı açıq və şəffaf müzakirələr başlanılıb. Qanun layihəsi Milli Məclisin saytında yerləşdirilərək geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Siyasi partiya təmsilçilərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. Mətbuatda, sosial şəbəkələrdə sənədlə bağlı çox aktiv müzakirələr aparılıb. Hər bir təklif və fikir işçi qrupu tərəfindən nəzərdən keçirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub”.
Hicran Hüseynova bildirib ki, bundan əvvəlki variantda bəzi müxalif siyasi partiyaları narazı salan bir çox müddəalar yeni redaktədə yoxdur: “Bunlar siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərdir. Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri bunun bariz nümunələrindən biridir. Bununla yanaşı siyasi partiyaların fəaliyyətini tənzimləyən hüquqi bazanın olması mühüm şərtlərdən biridir. Bu mənada “Siyasi partiyalar” haqqında yeni qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verən bir sənəd olacaq”.
“Partiyalar bütün siyasi proseslərdə fəal iştirak etmək imkanı qazanacaq”
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı hesab edir ki, Prezidentin təşəbbüsü ilə dövlət və cəmiyyətimizin bütün sahələrini əhatə edən, 2019-cu ildən başlayan dərin xarakterli sistemli, davamlı islahatlar reallaşmaqdadır: “Dövlət başçısının idarəçilik fəlsəfəsində və konsepsiyasında hər zaman yenilik, islahatların geniş miqyas alması önəmli yer tutur. Bu baxımdan da Azərbaycanın siyasi mühitində həlledici rol oynayan siyasi partiyaların fəaliyyətini tənzimləyən və müasir çağırışlara cavab verən yeni qanun layihəsinin hazırlanıb müzakirələrdən keçərək qəbul edilməsi bu günün reallığıdır. Bu həm də indiki zaman kəsiyində ölkə başçısının siyasi islahatlarının vacib və əhəmiyyətli tərkib hissəsi kimi qaçılmazdır. Ona görə də, bir neçə müddət öncə Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri məhz bu amillərə söykənərək əvvəlki qanunun indiki çağırışlara, siyasi konfiqurasiyanın, inkişafın başladığı mərhələyə adekvat olmadığına görə yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi müzakirəyə çıxarılaraq Milli Məclisin sədrinə təklif edildi. Bu təklif müsbət qarşılandı.
Daha sonra bununla bağlı işçi qrupu yaradıldı. Milli Məclisdə təmsil olunan siyasi partiyalar da digər partiyalar kimi qanun layihəsinin hazırlanmasında fəal mövqe ortaya qoyub. Bununla bağlı təkliflərimizi də işçi qrupuna təqdim etmişik”.
Partiya sədri vurğulayıb ki, ölkəmizdəki siyasi partiyaların geniş spektorunda, həmçinin politoloqların, aparıcı mütəxəssislərin, vətəndaş cəmiyyətinin üzvləri ilə də müzakirələr aparıldı: “Bu müzakirələr kifayət qədər açıq, demokratik, şəffaf və işgüzar şəraitdə baş tutdu. Burada fərqli yanaşmalar da oldu. Müzakirələr zamanı bir sıra vacib təkliflər irəli sürüldü. Bütün bunlardan sonra işçi qrupu layihənin təkmilləşməsi, onun daha yüksək səviyyədə təqdim olunması üçün edilən rəy və təklifləri də nəzərə aldı”.
Fəzail Ağamalı artıq qanun layihəsinin Milli Məclisin komitə yığıncağında müzakirəyə qoyulduğunu söyləyib: “Layihə müzakirələrdən keçərək plenar iclasın müzakirəsinə təqdim edilib. Bu layihə ölkəmizdə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. Bununla siyasi konfiqurasiyanın daha da inkişaf etdirilməsi, təkmilləşməsi partiyaların ölkədə mövcud olan siyasi sistemdə yerinin və rolunun artmasına xidmət edir. Eyni zamanda bu, partiyaların məsuliyyətinin artmasına imkan yaradan bitkin bir qanun layihəsidir. Onun qəbul edilməsi, yeni konfiqurasiyanın yaranması ilə ölkəmiz yeni bir siyasi prosesə qədəm qoyacaq. Artıq qeydiyyatdan keçən partiyalar bütün siyasi proseslərdə fəal iştirak etmək imkanı qazanacaq. Bu imkanla iqtidar və müxalifət partiyaları xalqın, dövlətin milli maraqlarına, siyasi proseslərə töhfə vermək şərti ilə özünün əhəmiyyətli rolunu oynaya biləcək. Sonrakı dövr üçün bu qanun fundamental hüquqi bazanın yaradılmasında da əhəmiyyətli funksiyasını yerinə yetirəcək”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.