2 Dekabr 2022 16:30
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik.

- Tənzilə xanım, sizcə, müsəlman dövlət olan İranın Azərbaycana qarşı məkrli niyyətinin kökündə nə dayanır?

- İranın Azərbaycana qarşı gizli düşmənçiliyi zaman-zaman ortaya çıxır. Bunun da səbəbi odur ki, İran deyilən dövlətin ərazisinin çox böyük qismində Azərbaycan türkləri yaşayır və onların hüquqları ilə bağlı məsələlər Şimali Azərbaycanda gündəmə gəlir. İranın bir qorxusu var ki, 30 milyonluq Azərbaycan xalqı öz azadlığına, müstəqilliyini nail olar və Azərbaycana birləşər. Çünki Azərbaycanı ikiyə bölən İran və Rusiyadır.

İran bu tarixi bildiyinə və onun yazılmasında iştirak etdiyinə görə hər zaman içində bir qorxu gəzdirir. Qarabağ işğaldan azad olunduqdan sonra İranın Azərbaycana qarşı sərgilədiyi düşmənçilik münasibəti açıq ortadadır. Çox qəribədir ki, İran Azərbaycana dost olmayan dövlətlərdən daha çox düşmənçilik edir. Adına islam sözü qoşan dövlətin xristian ermənisinə bəslədiyi münasibət qədər Azərbaycana rəğbəti yoxdur.

Ona görə biz İranın illərdir apardığı siyasəti bilirdik, amma onu bu qədər açıq ortaya qoymaq, Azərbaycana göz dağı vermək, ölkəmizlə sərhəddə hərbi təlimlər keçmək və hədə-qorxu gəlmək - bu, artıq fərqli situasiyadır. Əslində, İranın dərdi türk milləti və Türkiyədir. Zəngəzur dəhlizi bir türk yoludur. Türk yolunun inşa olunmasını qətiyyən istəmir və bu istiqamətdə çalışır.

- İran Birinci Qarabağ müharibəsi dövründə də ermənilərlə sövdələşmişdi, Melkonyanla İranın xüsusi xidmət orqanlarının əməkdaşları görüşmüşdü. Bu barədə fikirləriniz necədir?

- O vaxt da münasibət və siyasət yürüdülürdü. Ermənistan Azərbaycanın torpaqlarını işğal etdikdən sonra Türkiyə onlarla bütün siyasi və diplomatik əlaqələri kəsdi. Türkiyə bir müsəlman dövlətidir və bizim qardaşımızdır. Şərt irəli sürdü ki, Qarabağ torpaqları işğaldan azad olmayana qədər Ermənistanla hər hansı diplomatik və siyasi münasibət qura bilmərik.

Bunun qarşılığında İran Azərbaycana Xocalı faciəsi yaşatmış Ermənistana nəfəs oldu, 30 il boyunca ona dəstək verdi. Bu gün də həmin İrandır. 35 milyonluq türk millətinin haqlarını görməzdən gələn İranın müsəlman qardaşına etdikləri göz önündədir. Öz ərazisindəki 200 min erməniyə göstərdiyi diqqəti də yaxşı müşahidə edirik...

- Sizcə, Urmiya gölünün qurudulması siyasi xarakter daşıyır? Bu ekoloji problemi dünya ictimaiyyətinə hansı formada çatdırmalıyıq?

- İllərdir Dünya Azərbaycanlıları Konqresi fəaliyyət göstərib, Sabir Rüstəmxanlı da onun rəhbərlərindən biri olub. Bu mövzunu İrandan olan fəallar Avropada dəfələrlə dilə gətirdilər, bunun siyasi bir aksiya olduğunu bildirdilər. İranın orada maraqları var - Azərbaycan türklərini oradan yox etmək, oradan uzaqlaşdırmaq...

Fikir verin, İrandan Avropaya gedənlərin çoxu Azərbaycan türkləridir. İran rejiminin zülmündən getməyə məcburdurlar. Onlara zindanlarda nə qədər işgəncələr verdilər. Pozulan hüquqlar türklərə aiddir deyə, dünya onu görməzdən gəlir. Hətta Amerika guya sözdə İrana qarşıdır, amma haqları tapdalanan Azərbaycan türkləri üçün səsini çıxarmır. İnanın ki, sabah Azərbaycan türkləri müstəqilliyi üçün ayağa qalxsa, Amerika İranla biləşə bilər və birləşərlər də.

İran 30 il Qarabağın xarabalığa çevrilməsində iştirak edib. Bunlar dünyanın gözü önündə baş verib.


Müəllif: Nərgiz Cavadzadə, Rəqsanə Həsənova