İki qardaş ölkə ordularının birgə hərbi təlimləri birliyimizin, gücümüzün nümayişidir. Bölgədə Azərbaycan və Türkiyənin ortaya qoyduğu fundamental dəyərlərə qarşı çıxan hərkəs bu gücü nəzərə almalıdır. Özünün hərbi imkanlarına və müasir silah-sursat təchizatına görə qardaş Türkiyə Ordusu NATO-nun ikinci ən güclü Silahlı Qüvvələri sırasındadır. Artıq Azərbaycanla Türkiyə Silahlı Qüvvələri vahid ordu prinsipi ilə müəyyənləşmiş proqrama uyğun olaraq hərbi təlimlər icra edir. Bu təlimlər öz növbəsində son dövrlər bölgədə pozucu mövqe ortaya qoyan, özünün aqressiv siyasi mahiyyətini nümayiş etdirən dövlətlərə ünvanlanmış açıq mesajdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O hesab edir ki, Azərbaycan-Türkiyə birliyi bu gün bütün dünya üçün bir örnəkdir: “Dünyada iki qardaş ölkənin birliyi səviyyəsində dövlətlərin əlaqələri mövcud deyil. Bu tarixi dəyərlərdən, milli bağlılıqdan formalaşan bir amildir. Prezident İlham Əliyevin və qardaş Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dostluq qardaşlıq münasibətləri özünün xarakterinə və mahiyyətinə görə dövlətlərimizin ümumi birliyinə, inkişafa, sülhə, təhlükəsizliyə mühüm töhfədir”.
Cavid Osmanov Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirilən təlimlərinin əhəmiyyətindən bəhs edib: “Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Müəyyənləşmiş proqrama uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir”.
Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi "Qardaş yumruğu" devizi altında icra edilir: “Bu, bir daha Azərbaycan və Türkiyənin birliyinin bölgə və qlobal miqyasda formalaşmaqda olan yeni reallığın mahiyyətini ortaya qoyur. Azərbaycana qarşı özünün məkirli niyyətindən əl çəkmək istəməyən İran və onun hər vəchlə dəstəkləməyə çalışdığl Ermənistan bu reallığı dərk etməlidir”.