9 Dekabr 2022 17:37
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi iki il ərzində üzərinə götürdüyü öhdəliklərin heç birini icra etməyib. Ona görə də sülhdən danışmaq mümkün deyil. Həmçinin erməni tərəfi sülh sazişini müxtəlif istiqamətlərə bölməyə çalışır. Onların məqsədi burada ayrı-ayrı elementlər üzrə sazişlər imzalamaqdan ibarətdir. Azərbaycan isə yekun bir sənədin imzalanması ilə prosesə son qoymaq mövqeyini ortaya qoyub.

Bunu Teleqraf.com-a Ermənistanın şərti sərhəd və sülhməramlıların yerləşdiyi ərazilərdə törətdiyi təxribatları şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun fikrincə, atəşkəsin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə pozulması o deməkdir ki, qarşı tərəf hələ də ərazi iddiasından əl çəkməyib: “Onlar hələ də Azərbaycan Ordusunun yerləşdiyi mövqelərdən hansısa “nailiyyətlər” əldə etməyə çalışır. Ermənilərin məhz ardıcıl olaraq təxribatlara əl atması bununla izah oluna bilər. Belə bir hal məğlub tərəf üçün məntiqli görünməsə də, reallıq onu göstərir ki, Ermənistanın hələ də öz silahlı qüvvələrinə atəşi saxla haqqında əmr verməyib”.

Hərbi ekspertə görə, belə olan halda Azərbaycan qalib tərəf olaraq onların şıltaqlıqlarına səbr və təmkinlə yanaşmalı deyil: “Ordumuzun mövqelərinə atəş açılan bütün nöqtələr dərhal məhv edilməlidir. Eyni zamanda həmin əraziyə harada yerləşməsindən asılı olmayaraq bölmələrimiz yerləşməli və orada bayrağımız ucaldılmalıdır. Bu Ermənistanın davranışlarına daha təsirli cavab olacaq”.

Qeyd edək ki, dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.

Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.

Məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.


Müəllif: Tapdıq Qurbanlı