Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci Zirvə Görüşünün keçirilməsi və müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir.
Bunu Teleqraf.com-a fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir: “Prezident İlham Əliyevin dediyi kimi: "Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb". 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ümumiyyətlə, Vətən müharibəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur”.
Deputat deyib ki, hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir: “Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə bu ölkəyə səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır”.
Sevinc Fətəliyeva hesab edir ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək: “Səfər çərçivəsində dövlətimizin başçısı Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunub. Bundan əlavə, prezidentlərin təkbətək, məhdud və geniş tərkibdə görüşləri keçirilib. Zirvə Görüşündə dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək, Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək”.
Millət vəkilinə görə, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir:
“Hər üç ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətlər onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Zirvə Görüşündə imzalanan sənədlər də bu reallığı bir daha təsdiqləyir”.