28 Dekabr 2022 21:02
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların, eko-aktivistlərin keçirdikləri aksiyaya qarşı beynəlxalq birlik tərəfindən birmənalı yanaşma var. Azərbaycan ərazisində ölkə vətəndaşlarının ona məxsus təbii sərvətlərin talanmasına etirazı niyə beynəlxalq təşkilatları narahat edir?

- Onlar hələ üstümüzə çox gələcəklər. Bu, Azərbaycan qarşı haqsız təzyiqlərin ilkin mərhələsidir. Ölkəmiz bu günə qədər bir çox çətinliklərdən keçib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi” nəticəsində tarixi qələbə qazanmışıq. Bunun uğrunda qurbanlar, şəhidlər vermişik. Sözsüz ki, torpaqlarımızın işğal altında olmasından ağrılı, faciəvi bir məsələ yox idi. Müasir dünyada heç kimə güclü, müstəqil, öz sözünü deməyə, söz sahibinə çevrilməyə rahat, firavan şərait yaratmırlar. Əksinə buna qarşı mübarizə aparırlar. Ukrayna gözümüzün önündə açıq bir misaldır. Bu ölkə müstəqil olmaq istəyir. Bu gün müstəqillik uğrunda qanla-canla, qurbanları ilə mübarizə aparır. Azərbaycan da bu yolu keçib. Biz artıq sonuncu mərhələdəyik. Fərq isə odur ki, Ukrayna ilə bağlı həqiqətlər dünyaya məlumdur. Qərbin içində bunu gizlədən, başqa cür təqdim edən elə bir qüvvə yoxdur. Olsa belə erməni lobbisi kimi gücə malik deyil. Amma Azərbaycanla bağlı məsələ tamam fərqlidir.

- Erməni diasporunun bu məsələdə əks rolu nə dərəcədə təsirli görünür?

- Ölkə başçısı da vurğulayıb ki, Azərbaycanla indiki halda Ermənistanın özü yox, ikinci erməni dövləti olan “Ermənistan diasporu” mübarizə aparır. Eyni zamanda erməni diasporunun təsiri altında olan qüvvələr bizimlə açıq savaşdadırlar. Ona görə də, Azərbaycanın üstünə gəlməyə çalışacaqlar. Amma bütün bunlara baxmayaraq möhkəm olmaq lazımdır. Heç nədən çəkinmək lazım deyil. Çünki biz artıq istədiyimizi hansısa bir formada reallaşdırmışıq.

- Laçın yoluna nəzarət baxımından Azərbaycanın atacağı effektiv addımlar nədən ibarət ola bilər?

- Azərbaycan artıq Laçın yolunda yoxlanış aparır. Bizim məqsədimiz odur ki, bu yoldan heç bir terrorçu və qanunsuz silah-sursat daşınmasın, yoldan kimlərsə qeyri-qanuni istifadə etməsin, təbii sərvətlərimiz oğurlanmasın. İndiki halda isə bu prosesi hansısa bir formada əbədiləşdirmək lazımdır. Bunu da ermənilər nə qədər tez başa düşəcəklərsə, bir o qədər yaxşı olacaq.

- Bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı proqnozlaşdırılırdı. Amma bu baş vermədi. Gələn il üçün sülhə nə qədər ümidli yanaşmaq olar? Sizcə, sülhü yaxınlaşdırmaq üçün siyasi-diplomatik müstəvidə daha hansı addımlar atılmalıdır?

- Ermənistan hər addımda sülhdən daha çox uzaqlaşır. Təəssüf ki, bu ölkə prosesə əks addımlar atır. Bu əks istiqamət isə regionda daha çox fəlakət, problem yarada bilər. Erməni tərəfinin bu davranışları sözsüz ki, reallığı tamamilə dərk etməməsindən irəli gəlir. Ermənistan bu gün Rusiyaya qarşı çıxa bilər. Bu təbii ki, onun öz işidir. Amma Azərbaycana və Türkiyəyə qarşı gedə bilməz. Çünki Ermənistanın taleyi Rusiyadan yox, Azərbaycan və Türkiyədən asılıdır. Bu mənada hər kəsə qarşı getmək heç bir fayda verməyəcək.

- Ermənistanın bu davranışları daha çox nəyə hesablanıb?

- Erməni tərəfi düşünür ki, guya Qərbin rəğbətini qazanacaq, bununla da Ermənistanın əvəzinə onun problemlərini həll edəcək. Bu, əsla mümkün deyil. Fakt odur ki, Ukraynada yaşananlar onlar üçün dərs olmalıdır. Ukrayna Qərbə doğru getdi. Amma Ukraynanın əvəzinə gedib cəhbədə döyüşən olmadı. Silah-sursatı, maliyyəni Qərb versə də, real döyüşdə olanlar ukraynalılardır. Ermənistanda isə belə bir potensial yoxdur. Ermənistanda ordu, əhali yox dərəcəsində olduğu halda özlərinə əsas qazanmağa çalışırlar. Yeganə çıxış yolu regionda olan ölkələrlə sıx əməkdaşlıqdan keçir. Məhz bununla mövcud problemləri həll etmək mümkün ola bilər.

Müsahibə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər