Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- On bir illik fasilədən sonra Suriya və Türkiyənin hərbi və kəşfiyyat qurumlarının rəhbərləri Rusiyanın vasitəçiliyi ilə Moskvada görüşdülər. İnnən belə davamlı olacaq bu təmaslar liderlərin görüşünədək gedə bilərmi və Dəməşqlə Ankara arasındakı mümkün razılaşma bölgədə hansı gəlişmələrə yol açacaq?
- Bu, müsbət tendensiyanın başlanğıcıdır. İndiyədək Türkiyə rəhbərliyinin mövqeyində Əsəd rejimi ilə bağlı sərtlik hiss olunurdu. Yəni bu rejimi qəbul etmirdi. Ərdoğan hakimiyyətinin öz xalqına zülm edən bu rejimi qəbul etməsi çətin idi. On iki milyon insanı ölkədən didərgin salasan, zülmə məruz qoyasan, həbxanaya atasan, məhv edəsən, əlbəttə, bunlar qəbulediləcək məsələlər deyil. Bunların hamısı Əsəd rejimini qorumaq məqsədilə edilirdi, ona görə də problemlər yaranmışdı. Amma zaman keçdikcə, bölgədəki gəlişmələrin ruhuna uyğun olaraq, Türkiyənin təhlükəsizliyi məqsədilə AKP hakimiyyətinin mövqelərində dəyişiklik hiss olunur.
Bəllidir ki, “müttəfiq”ləri Türkiyənin sərhədlərində bir terror dəhlizi yaratmaq istəyindədir. 2011-ci ildən bəri bu geosiyasi layihədən vaz keçmək fikrində deyillər. ABŞ indiyədək PKK və onun Suriya qolu YPG terror təşkilatını hər cəhətdən dəstəkləyir. Hər gün Türkiyə sərhədləri boyu PKK terrorçularına təlim keçirlər və belə terrorçu qruplaşmaların sayı artırılır. Əlbəttə, bu, Türkiyəyə təhdid yaratmaqla yanaşı, Suriyanın parçalanmasına yol aça bilər. PKK-ya qondarma dövlətin yaradılması Suriyanın parçalanması hesabına başa gələ bilər.
Ayrıca, bu məsələdən yararlanmağa çalışan İran və Rusiya kimi ölkələr də var. Doğrudur, Rusiya zəiflədiyi üçün regiondakı hegemonluğundan qismən geri çəkilib, amma bu yöndə İranın mövqeyində hansısa dəyişiklik görmürük. Elə bu üçtərəfli prosesin müsbət nəticə verməsini istəməyən dövlətlərdən biri də İrandır. Heç bir halda Suriya rejiminin Ankara ilə yaxınlaşmasını istəmir. Halbuki Türkiyə ilə yaxınlaşmaq Suriyanın ərazi bütövlüyü məsələsində həlledici amildir. Daxili savaşın başlamasından 11 il keçməsinə baxmayaraq, nə Rusiya, nə də İran Suriyanın ərazi bütövlüyünü təmin edə bilib. Bu faktın özü də Türkiyənin Suriya üçün nə qədər önəmli olduğunu göstərir.
Regionun ən böyük, ən güclü və ən ədalətli ölkəsi - qardaş Türkiyə bu məsələdə öz ağırlığını qoyarsa və Əsəd rejimi ilə anlaşarsa, bu, Suriyanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, bu ölkəyə qalıcı sabitlik gətirə bilər. Ona görə də bu gəlişməni müsbət hesab edirəm. Bu, Əsəd rejimi və Suriya xalqına verilmiş ən böyük şansdır. Onu da unutmayaq ki, bu danışıqların təşəbbüskarı da qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğandır. Vasitəçiliyi Rusiya etsə də, təklif Türkiyədən gəlib.
- Bölgədə maraqları olan və bu yöndə kifayət qədər fəallıq göstərən İran görüşdə iştirak etmədi. Hesab etmək olarmı ki, Türkiyə İranı prosesdən kənarlaşdırıb?
- Xeyr, Türkiyə İranı prosesdən çıxarmayıb. Dediyim kimi, İran Suriya-Türkiyə yaxınlaşmasını istəmədiyi üçün görüşlərə qatılmır. Çünki Türkiyə və Suriya anlaşarsa, İran prosesdən tam kənarda qalacaq, söhbət bundan gedir. İran bu prosesdə dağıdıclıq etməkdən başqa heç bir iş görmür. Suriyada başıpozuq terrorçuları dəstəkləyən İran hansı müsbət işi görə bilər? İran Əsəd rejiminə müxalif olan qüvvələrin gələcəkdə Dəməşqlə əməkdaşlıq etməsini də istəmir. Türkiyə isə bu hərbi-siyasi qüvvələrin Əsəd rejimi ilə vahid formada birləşməsində, yeni konstitusiyanın qəbul edilməsində və legitim seçkilərin keçirilməsində, bu xüsusda da güclü Suriyanın yaranmasında maraqlıdır. İran buna qarşıdır.
Rusiyanın mövqeyi bir qədər İrandan fərqlidir. Rusiya bir çox gerçəkləri qəbul edir və Tehranın bu prosesdə nə qədər dağıdıcı rol oynadığını da anlayır. Hətta zaman-zaman Rusiya İranın Suriyada dəstəklədiyi qüvvələrlə üz-üzə gəlməyə məcbur olub. Bu reallıqdır. Düşünürəm ki, İran gələcəkdə də bu prosesdə yer almayacaq. Bu üçtərəfli görüşün müsbət nəticələr verməsini istəməyən üç dövlətdən biri İran, digər ikisi Fransa və ABŞ-dır.
- Siz də bu məsələyə toxundunuz, bir neçə il əvvələdək Qərbin, xüsusən də ABŞ-ın bölgədə “kürd dövləti” yaratmaq projesi müzakirə olunurdu. İndi bu məsələ haqda çox danışılmasa da, Türkiyə rəsmilərinin, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarında bu məsələyə toxunulub. Yəni proje hələ də Qərbin masasındadır və ABŞ-dan PKK/YPG terror təşkilatına verilən dəstək də bu marağa xidmət edir?
- Əlbəttə, buna əmin ola bilərsiniz. Əks halda, ABŞ-ın Suriyanın şimalındakı hərbi varlığı sual doğurardı. Bu gün kürdlərin PKK/YPG terror təşkilatına dəstək verən yeganə dövlət ABŞ-dır. Sizcə, Amerika milyonlarla, milyardlarla maddi vəsaiti boşuna xərcləyərmi? Demək ki, hələ də bu layihədən vaz keçilməyib. Əksinə, AKP-nin hakimiyyətdən getməsini və yenidən bu projeni aktivləşdirməyi düşünürlər. Bu layihə hələ də gündəmdədir. Bu proje təkcə “kürd dövləti”nin yaradılması ilə bağlı yox, həm də ABŞ-ın digər geosiyasi hədəfləri ilə əlaqəlidir. Nildən Fərat çayına qədər bir arealla bağlı böyük bir plandan söhbət gedir. ABŞ bu planını həyata keçirməyə çalışır.
- Türkiyənin əsas gündəm mövzularından biri də gələn il keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Artıq müxalifət bloku (“Altılıq”) seçkilərə indidən hazırlaşır. Türkiyəyə kənar təzyiqlərin artdığı və bölgədəki geosiyasi durumun kifayət qədər mürəkkəb olduğu vaxtda keçiriləcək seçkilərdən gözləntiniz necədir?
- 2023-cü il seçkiləri dünyada ən çətin proseslərdən biri olacaq. Çünki bu proses təkcə Türkiyə ilə məhdudlaşmır, daha qlobal məsələdir. Bunu qlobal məsələyə çevirənlər də qlobal güclərdir. Bu gün seçkilərə hazırlaşan “Altılıq Masası”na maliyyə və digər dəstək də bu qlobal güclərdən, daha doğrusu Qərb dövlətlərindən gəlir. Bu seçkilərə strateji məsələ kimi baxırlar. Çünki AKP iqtidardan getdikdə, yenidən “sözəbaxan Türkiyə” modelinə qayıtmağı düşünürlər. AKP-nin hakimiyyətdən getməsi Türkiyənin hər tərəfdən çevrələnməsinə gətirib çıxara bilər. Bu da Türkiyənin Aralıq və Egey dənizlərində sıxışdırılmasını, ona qarşı Yunanıstanın gücləndirilməsini, qonşuluğunda terror dövlətinin yaradılmasını, eləcə də PKK-nın yenidən Şimali İraqda gücləndirilməsini ehtiva edir.
Türk xalqı bülletenləri seçki qutularına atarkən, sadəcə Ərdoğana və onun siyasi müttəfiqi Dövlət Bağçalıya səs verməsini, yaxud digər partiyaların cılız maraqlarını düşünməli deyil, Türkiyənin gələcəyini və növbəti yüz ilə kimlə, hansı addımlarla getmələrini düşünməlidir. Ona görə də bu gün heç bir iqtisadi çətinlik Türkiyənin gələcəyi ilə bağlı seçimi müəyyənləşdirə bilməz. Türk xalqı belə cılız düşünmür, düşünməyib.
“Altılıq Masası”nda yer alanların hər biri ayrı-ayrılıqda qlobal güclərin əlində maşa və alətdir. Eyni zamanda, xarici xüsusi xidmət orqanlarının təlimatları ilə hərəkət edirlər. Türkiyə dövlətinin gələcəyini belə bir casus şəbəkəsinə etibar etmək olmaz, etməyəcəklər də. Türk xalqı bu yanlışın həyata keçməsinə imkan verməz. Ona görə də, düşünürəm ki, bu məsələdə heç bir siyasi təşkilatın yox, Türkiyənin maraqları öndə olmalıdır və olacaq.
2002-ci ildən bəri Türkiyənin haradan hara gəldiyini görmək lazımdır. Bu gün Türkiyə bütün dünyanı lərzəyə sala biləcək güclü dövlətə çevrilib. Türkiyənin iştirakı ilə yeni qlobal güc mərkəzi yaranır. Bu, gələcəkdə qlobal məsələləri həll edə biləcək güc mərkəzlərindən birinə çevrilə bilər. Söhbət Türk Dövlətləri Təşkilatından gedir. Bütün bunlar göz önünə alınaraq, seçkilərdə qərar verilməlidir.