31 Yanvar 2023 16:02
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-nın son sessiyasında Azərbaycana qarşı erməni təmsilçilər tərəfindən bir sıra absurd iddialar səsləndirildi. Bunlar hansı məsələləri əhatə edirdi və reaksiyalar necə oldu?

- AŞPA-nın son sessiyyasında müşahidə edilən o idi ki, onlar mövqelərini daha kəskin şəkildə ortaya qoymağa çalışırlar. Bu, ermənilərin ənənəvi taktikasıdır. Burada xristianlıq sivilizasiyaların toqquşması kontekstində bir yanaşmaların sərgiləndiyini görmək olur. Azərbaycanın yüksəlməsi, regionda aparıcı rol oynaması, özünə güvənməsi onlara ciddi təsir edib. Burada eyni zamanda yeni Avropa strukturunun hansı istiqamətdə formalaşmasının sona kimi dərk etməmələri məsələsi də var. Məhz bu proseslərdən istifadə edib Qərbin qeyri-müəyyənliyindən, “xristian klubu”na çevrilməsindən, onların içərisində olan qorxulardan, təhlükələrdən ermənilər Azərbaycana qarşı hücum kimi istifadə etməsi reallığı var. Çünki onlar diplomatik müstəvidə çox gərgin, mürəkkəb dünyanın içərisində gedən proseslərdən istifadə edib Azərbaycana hücum kampaniyasını başlayıblar. Sözsüz ki, biz bu hücumlara qarşı adekvat olaraq reaksiya veririk. Cavablarımız da kifayət qədər sərtdir. Amma bu prosesin bir müddət davam edəcəyi də şübhəsizdir. AŞPA-nın bu sessiyasında da erməni deputatın səsləndirdiyi yanlış informasiyalara yerindəcə cavab verildi.

- Azərbaycan qarşı daha çox hansı rakurslardan hücum etməyi planlaşdırmışdılar?

- Erməni tərəfi Şuşa-Xankəndi-Laçın yolundakı məsələləri əllərinə düşmüş bir bəhanə kimi istifadə etməyə çalışır. Amma Azərbaycan tərəfi olaraq biz AŞPA-da əsl reallığın nədən ibarət olduğunu sübut etdik. Burada həmçinin bizim tərəfimizdən bir tədbir də təşkil edildi. Orada Laçın yolu ilə ermənilərin daşıdığı silah-sursatın, minaların fotolarını təqdim etdik. Həmçinin, 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların fotoşəkilləri orada əyani şəkildə nümayiş olundu. Nümayiş etdirdik ki, erməni tərəfi indiyə kimi Laçın yolundan məhz bu “məqsədlər” üçün istifadə edib. Sadəcə olaraq AŞPA-da olan bəzi deputatlar bu həqiqətləri eşitmirlər və eşitmək də istəmirlər. Əvvəllər demokratiya, insan haqqları, qanunun aliliyini bir “alət” kimi istifadə edib dövlətlərə təzyiq edirdilər. İndi bu məsələlərin onlar üçün keçərli olmadığı görünür. Yeni təzyiq “aləti” isə hümanitar məsələləri əhatə edir. Laçın yolunu onlar hümanitar məsələ kimi təqdim edib bunun içərisində siyasi maraqları müstəvisində Azərbaycana təzyiq göstərmək istəyirlər. Azərbaycanı tərəfi olaraq izah edirik ki, hümanitar məsələlərlə bağlı laçın yolunda heç bir problem yoxdur. Sadəcə olaraq silah-sursat, narkotik, minadan ibarət olan “yüklərin” Laçın yolundan keçidi artıq mümkün deyil. Amma onlar bu həqiqətləri qətiyyən eşitmək istəmirlər.

-Azərbaycanın İrandakı səfirliyinə qanlı terror hücumuna AŞPA-dan reaksiya necə oldu? Bununla bağlı Parlament Assambleyasının mövqeyi nədən ibarətdir?

- Bu məsələyə ikitərəfli yanaşma müşahidə etdik. Amma Avropa Şurasının baş katibi dərhal Azərbaycana başsağlığı verdi. Bir neçə günə bununla bağlı AŞPA-nın yazılı bəyanatı da yayımlanacaq. Azərbaycan nümayəndə heyəti ilə yanaşı başqa ölkələrin təmsilçiləri də bu bəyanata imza atıb. Artıq Avropa Şurasında bütün deputatlar tərəfindən bu məsələ yayılacaq. Sözsüz ki, bu məsələnin görünən tərəfidir. Çünki bu qanlı bir terror aktı idi. Hamı da bunu dərk edir. İranın da necə bir ölkə olduğunu əslində hər kəs bilir. Ona görə də, bu reaksiya gözlənilən idi. Avropa Şurasından və burada təmsil olunan deputatlardan belə bir yanaşmanın olacağı ehtimalı böyük idi. Amma bununla yanaşı başqa bir həqiqət onların bu reallığı dərk etməsinin sanki məcburiyyətdən qaynaqlandığını sübut edir. Ona görə də, beynəlxalq təşkilatlardakı proseslər burada yeni təzadların olduğunu təsdiq edir. Ümumilikdə isə Avropanın siması İsveçdə müqəddəs Qurani-Kərimin barbarcasına yandıranın siması ilə eynilik təşkil edir. Bu da təxribatları, müqəddəs dəyərlərə hörmətsizliyi, insanlıqdan kənar yanaşmanı, dözümsüzlüyü, islamafobiyanı ifadə edir. Eyni zamanda antisemitizm, Azərbaycana və Türkiyəyə qarşı bir pataloji nifrət sindromu indi sanki daha çox özünü birazə verir. Əslində bu Avropanın köhnə xəstəliyidir.


Müəllif: Tapdıq Qurbanlı