Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın haqlı mövqeyinə dəstək verdi. Bu, beynəlxalq hüquq səviyyəsində Azərbaycanın haqlı mövqeyinin açıq ifadəsi idi. Əslində atılan addım yüksək qiymətə layiqdir. Bu o deməkdir ki, dünyada nəhayət ədalət öz sözünü deyir və təsdiqini tapır. Beynəlxalq məhkəmədə Ermənistanın əsassız iddialarının rədd edilməsi bir daha göstərir ki, hələ də dünyada ədalətə xidmət edən, qanunların aliliyini hər şeydən üstün tutan şəxslər və qurumlar mövcuddur.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Azərbaycanın Ermənistana qarşı qaldırmış olduğu haqlı iddialara da ədalətlə baxılacağına inamımız artır:
“Çünki 30 il ərzində Azərbaycanın təbii sərvətlərinə, ekologiyasına, şəxsi və dövlət əmlakına qarşı etmiş olduğu talançılıq və barbarlığa görə Ermənistan beynəlxalq ədalələt məhkəməsi qarşısında cavab verməlidir. Ümumiyyətlə Ermənistanın Azərbaycana işğal dövründə vurmuş olduğu ziyan, bununla bağlı konpensasiyanın ödənilməsi məsələsinin də ədalətli həll olunacağına inamımız var. Sözsüz ki, zaman etibarı ilə bütün bu məsələlər həll ediləcək”.
Deputat deyib ki, Azərbaycan tərəfi özünün haqlı mövqeyinin beynəlxalq məhkəmələrdə təsbitinə nail olacaq:
“Çünki 30 illik işğal dövründə Ermənistan Azərbaycana milyardlarla dollar həcmində ziyan vurub. Eyni zamanda II Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutaraq hərbi cinayət törədib. Mülki insanlar həlak olub, şəxsi əmlaka ciddi ziyan dəyib. Ona görə də, erməni tərəfi etmiş olduğu bütün cinayətlərə görə, Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməlidir”.
Ziyafət Əsgərov hesab edir ki, işğal faktına görə, Ermənistandan beynəlxalq hüquq qarşısında məsillətə daşıyır: “Bu ölkədən soruşulmalıdır ki, o nə üçün Azərbaycan ərazilərini işğal edib və bu müddətdə külli miqdarda ziyan vurub? Amma bu gün Ermənistana himayədarlıq etmək istəyənlər də az deyil. Bu yaxınlarda Avropa Ittifaqının Ermənistana birtərəfli qaydada uzun müddətli missiya göndərməsi heç də təsadüfdən baş verən məsələ deyil. Erməni tərəfinə bu yollarla vaxt qazandırmaq niyyəti var. Sözsüz ki, bütün bunlar sülh prosesinə mümkün qədər zərbə vurmağa və onu uzun müddətə təxirə salmağa hesablanıb”.