4 Fevral 2023 15:18
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı yenidən çox mühüm beynəlxalq bir forumun mərkəzinə çevrilir. Avropa kimi dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir bölgəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Dünyanın diqqəti yenə də ərazicə və bəzi ölkələrə nisbətən az enerji resursları olan bir ölkəyə yönəlib. Digər ölkələrlə müqayisədə resurlarının az olmasına baxmayaraq düşünülmüş daxili, xarici siyasət nəticəsində Azərbaycan bu resurslardan səmərəli istifadə etməyin texnologiyasını ortaya qoya bilib.

Bunu Teleqraf.com-a Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O hesab edir ki, ötəngünkü tədbir nümayəndəlik cəhətdən kifayət qədər zəngin idi:

“Dünyanın bütün aparıcı media quruluşları bu tədbirdən yazırdılar. Aparıcı qlobal şirkətlərin və tanınmış siyasətçilərin iştirak etdiyi bu tədbirdə Avropanın enerji təhlükəsizliyi məsələsi ciddi şəkildə müzakirə edildi. Bu təkcə neft və qaz resurslarının müəyyən bir bölgəyə çatdırılması deyil. Eyni zamanda bu mötəbər tədbir siyasi və hərbi təhlükəsizlik məsələsi idi. Əslində bu, Cənubi Qafqazla Avropaya gedən logistik xətt üzərində bir stabilliyin yaradılması, münasibətlərin tənzimlənməsi, tərəflərin bir-birinin milli maraqlarını nəzərə almasını özündə ehtiva edən çox mühüm təşəbbüsdür”.

Deputat deyib ki. əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət öz mühüm nəticəsini verir:

“Azərbaycan bu gün apardığı siyasətlə nəyə qadir olduğunu və dünya üçün nə edə biləcəyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev tərəfindən bu tədbirdə Azərbaycanın, dünyanın əsas məsələləri bir daha səsləndirildi. Əməkdaşlığa, birgə münasibətlərin qurulmasına mühüm çağırış edildi. Sözsüz ki, bu tədbiri mühüm bir Bakı, təşəbbüsü, layihəsi adlandırmaq olar. Nəticədə dünya beynəlxalq hüquq normalarına, riayət edərək, qarşılıqlı əməkdaşlıq müstəvisində nəyə nail olmağın mümkün olacağını bir daha özü üçün yəqin edə bilər”.

Aydın Mirzəzadəyə görə, bu forumda qəbul edilən qərarlar, razılaşmalar dünyada bir çox problemlərin həllinə öz töhfəsini verə biləcək.


Müəllif: Tapdıq Qurbanlı