Dünyanın siyasi mərkəzləri, aparıcı media quruluşları və təşkilatları Qarabağda, Laçın-Xankəndi yolunda, Azərbaycan-Ermənistan sərhədində nə baş verdiyini çox gözəl bilir. Çünki 30 illik bir münaqişə tarixi var və onlar çoxtərəfli araşdırmalarla nəyin, necə olduğunun fərqindədirlər. Sadəcə olaraq həqiqətləri əksinə təqdim edən, Laçın-Xankəndi yolundakı proseslərlə bağlı qərəzli yazılar yazan, məlumatlar verənlər var. Əslində onlar da fərqindədir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır.
Bunu Teleqraf.com-a media eksperti Müşfiq Ələsgərli deyib.
O qeyd edib ki, bu istiqamətdə qərəzli mövqe tutan daha çox Fransa mediası olub: “Çünki bu media quruluşları Fransa hakimiyyətinin maraqlarına uyğun hərəkət edir. Amma bu gün belə mövqeləri bütün Avropaya da şamil etmək olmaz. Təbii ki, bu cür məsələlərə Azərbaycan dövlətinin yanaşması adekvat oldu. İşğaldan azad edilmiş ərazilərə, eyni zamanda Laçın-Xankəndi yoluna media quruluşlarının təmsiçliləri dəvət edildi. İlkin mərhələdə 20-yə yaxın beynəlxalq media quluşunun təmsilçiləri Laçın-Xankəndi yolundakı proseslərin əsl mahiyəti ilə bağlı yerində tanış oldu və bu istiqamətdə material dərc etdilər”.
Media eksperti daha sonra, BBC-nin “HARDtalk” proqramında qanunsuz olaraq Xankəndidə məskunlaşmış separatçı Ruben Vardanyanın iştirakı və özünü rüsvay etməsi informasiya baxımından olduqca təsirli idi: “Bu mövcud ictimai rəyin dəyişməsində vacib rol oynadı. Eyni zamanda Azərbaycan mediası, diplomatik korpus orada nə baş verdiyini dünyaya təqdim edə bildi”.
Müşfiq Ələsgərli hesab edir ki, artıq dünya ictimaiyyəti Laçın-Xankəndi yolunda nəyin baş verməsindən məlumatlıdır: “Bu proses hazırda davam edir. Xarici səyyahların, müəyyən diplomatik nümayəndəliklərin, KİV təmsilçilərinin bu bölgəyə səfərləri bundan sonra davam etməlidir. Bu prosesin erməni yalanlarının tam ifşa olunmasına qədər davam etdirilməsi vacibdir. Azərbaycanlı fəalların bu qədər dayanıqlıq nümayiş etdirməsi Laçın-Xankəndi yolunda ekoloji terrora etirazı, diplomatlarımızın fəaliyyəti, mediamızın mövqeyi dünyada mövcud olan ictimai rəyi ölkəmizin xeyrinə dəyişdirə bilib. Gec- tez dünya ictimaiyəti burada nəyin baş verdiyinin fərqinə varacaq”.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.