14 Fevral 2023 09:05
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Separatçı Ruben Vardanyan Moskvaya getdikdən sonra ortalıqda görünmür. İndiyədək onun təbliği ilə məşğul olan Ermənistanın bir sıra media qurumlarının susqunluğu da diqqət çəkir. Hesab etmək olarmı ki, artıq Moskva Vardanyanı tamamilə oyundan çıxarıb?

- Bu belədir və qətidir. Vardanyan Rusiya-Azərbaycan münasibətlərini də korlayırdı, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyasına mane olurdu. Azərbaycan birmənalı şəkildə bildirdi ki, o, Moskvanın vassalı və onun layihəsidir. Bundan sonra Rusiya Azərbaycanla münasibətlərini qorumaq xatirinə, həm də “obyektivlik” naminə bu addımı atdı və bu dələduzu ərazimizdən götürdü.

Məncə, bu, Nikol Paşinyanın da ürəyincə oldu. Bəlkə də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin əksəriyyəti də bundan razı qaldı. Araik Arutyunyanın özü də Moskvaya gedərkən artıq bu dələduzun quyusunu qazmışdı. Zənnimcə, Vardanyanın prosesdən çıxarılması bölgədə durumun normallaşmasına imkan yaradacaq, hətta deyərdim ki, qarşılıqlı anlaşmaya xidmət edəcək.

- Bəs bundan sonra Şuşa-Xankəndi yolunda davam edən aksiyasının Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnməsi ehtimalı nə qədərdir?

- Bu aksiya çoxdan nəticə verməyə başlayıb. Məsələn, ərazilərimizdəki mədənlərdə aparılan qanunsuz istismar dayandırılıb, bu “işlə” məşğul olan İsveçrə şirkətləri şələ-şülələrini yığışdırıb gediblər. İndi Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə danışıqlar prosesi başlayıb. Hələlik bu qeyri-rəsmi xarakter daşıyır.

Ola bilsin ki, bunun rəsmi səviyyəyə keçməsinə günlər qalıb. Bölgədəki ermənilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, Bakı Araik Arutyunyanla danışıqlara getmək fikrində deyil. Çünki o, 44 günlük müharibədə ballistik raketlərlə Gəncə və Bərdədə törədilmiş terror aktlarının iştirakçılarından biridir. Üstəgəl, onun Xocalı soyqırımında iştirakı ilə əlaqəli məlumat var.

Araik Arutyunyanın özü də son zamanlarda konstruktiv görünməyə çalışır, Azərbaycanın hakimiyyət orqanları ilə danışıqların zəruriliyindən danışmağa başlayıb. Araik belə bir təəssürüt yaratmağa çalışır ki, “başqa çıxış yolumuz yoxdur, Azərbaycan pasportları almalı və Azərbaycan cəmiyyətinə inteqrasiya etməliyik”.

Təbii ki, prosesə kənar təsirlər var. Bölgədə sülhdən danışan, praktikaya gələndə pozuculuqla məşğul olan dövlətlər mövcuddur. Məsələn, ABŞ təcili şəkildə sülh müqaviləsinin imzalanmasından danışır, digər tərəfdən “Qarabağa humanitar yardım” məsələsini Konqresdə müzakirəyə çıxarır. Bunu xüsusilə destruktiv rol oynayan Fransanın fəaliyyətini daha aydın görmək olur. Fransa sözün həqiqi mənasında qollarını çırmalayaraq Ermənistan-Azərbaycan əlaqələrinin bərpası prosesində süni əngəllər yaratmaqla məşğuldur.

BMT Təhlükəsizlik Şurasında Ermənistanı işğalçı kimi tanıyan və ATƏT-in Minsk qrupunda həmsədr kimi yer almış Fransanın indiki addımları təəccüb doğurur. Bu anormal ölkənin addımları türkofob və islamofob yanaşmasına əsaslanır. Fransa bu xətdən geri çəkilməyəcəyini açıq formada nümayiş etdirir. Bir sözlə, bölgədə sülhə nail olunmasının yolunda böyük əngəllər var. İlk növbədə, bu əngəllər guya bölgədə durumu nizamlamağa çalışan böyük dövlətlərin maraqlarının toqquşması ilə əlaqəlidir. Yəni bu, Cənubi Qafqaza yiyələnmək uğrunda Rusiya və Qərb arasında gedən mübarizənin təzahürüdür.

Bütün bu müdaxilələr olmasaydı, Azərbaycan bölgə dövlətlərdən birinin, məsələn, Gürcüstanın vasitəçiliyi ilə sülhə nail ola bilərdi. Təəssüf ki, böyük dövlətlərin geosiyasi maraqları bölgədə sülhün önündə əngəl olaraq qalır.

- Avropa Birliyinin Ermənistana iki illik mülki missiya göndərməsi də gündəmin əsas mövzularından biridir. Sizcə, bu missiyanın Rusiyanın kəskin etirazları qarşısında hərbiləşdirilməsi ehtimalı nə qədərdir? Artıq Fransa bu yöndə ilk addımını atıb, məhdud sayda olsa da missiyaya öz jandarmalarını daxil edib.

- Zənnimcə, çox təhlükəli addımdır. Rusiya buna qəti şəkildə etiraz edir. Kremlə görə, bu, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlmiş cəhdlərdir. Məncə, bunda haqlıdır. Bu, Fransanın projesidir. Nikol Paşinyan isə gah sağa, gah sola vurnuxaraq Fransanın bu projesini müdafiə edir və reallaşmasına çalışır.

Avropa Birliyinin adından “sülh missiyası” adlandırılsa da, bura Fransanın jandarmaları daxil edilib. Bu, həm də ABŞ-ın razılığı ilə həyata keçirilir. Avropa Birliyi və ABŞ sülhdən danışsalar da, Cənubi Qafqazda hakim mövqe uğrunda mübarizədə Azərbaycanın da əleyhinə olan bir projeni həyata keçirməyə çalışır. Bununla da sülh danışıqlarında yeni əngəllər yaradırlar.

Zənnimcə, bu məsələ gündəmdə qaldığı müddətdə onsuz da gərgin olan Qərb-Rusiya münasibətləri daha da kəsinləşəcək. Hətta demək istəməzdim, bu addımlar sərhəd münaqişəsinə də yol aça bilər. Bunda yenə də təxribatçı kimi Ermənistandan istifadə etməyə çalışacaqlar.

Ermənistan vasitəsilə Azərbaycanı təxribata çəkməklə ölkəmizi “təcavüzkar” kimi göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar. Azərbaycan ehtiyatlıdır, belə təxribatlara getməyəcək. Hər halda çox təhlükəli bir durum yaranır. Rusiyanın həm Ermənistanda hakimiyyət dəyişikliyinə can atması, həm bu missiyaya öz əleyhinə olan proje kimi baxması durumu bir az da mürəkkəbləşdirir.

Belə bir gərgin mənzərə fonunda sülhün necə əldə ediləcəyini demək çətindir. Məncə, bölgə yenidən gərgin qarşıdurma mərhələsinə daxil olur. Bu da çox təhlükəlidir.

- Bəs Avropa Birliyinin bu addımı İran tərəfindən necə qarşılanacaq, Tehranın İrəvanla əlaqələrinə necə təsir göstərəcək? Prinsipcə, İrana qarşı sanksiyalarını sərtləşdirən Qərbin bu addımı molla rejimini qane etməməlidir.

- İran bölgədə çox destruktiv rol oynayır. İran əvvəlcə Zəngəzur dəhlizini, sonra isə açıq formada Ermənistan sərhədlərini özünün “qırmızı xətt”i elan etdi. Hətta “sərhədlərin Azərbaycan tərəfindən dəyişdirilməsi” yalanını ortaya atdı, həm özünün, həm də dünyanın ictimai rəyini bu sayıqlamaya inandırmağa çalışdı.

Bu nöqtədə Fransa və İranın mövqelərinin yaxınlığını görməmək mümkün deyil. İran Avropa Birliyinin missiyasının və Fransa jandarmalarının Ermənistana gətirilməsinə etiraz etmir, hətta bunu sükutla qarşılamaqla razılığını bildirir. Başqa sözlə, bölgəni qarışdırmağa çalışanlardan biri də elə İranın özüdür.

Bu yaxınlarda məlumat yayıldı ki, Zəngəzurda təlim keçən İran və Ermənistanın təxribaçı qruplaşmaları Qubadlı-Zəngilan-Laçın istiqamətində Azərbaycan ərazilərinə müdaxilə etməyə hazırlaşır. Əlbəttə, bu xəyaldır və bunu həyata keçirmək mümkün deyil. Amma onlar Türkiyədə baş vermiş şiddətli zəlzələdən yararlanmaq istəyirlər. Belə hesab edirlər ki, Türkiyə bu təxribatlara biganə qalacaq və öz yaralarını sarımaqla məşğul olacaq. Bu, xam xəyaldır. Türkiyə həm hərbi, həm də siyasi müstəvidə ən yüksək səviyyələrdə elan edib ki, Azərbaycana qarşı belə bir təxribatçı addıma yol verilsə, buna cavab veriləcək.

İsrail də İranın 3000-dən çox hərbi-siyasi obyektinə hava zərbələrinin endirilməsi üçün koalisiyanın yaradılması işinə başlayıb. Nə qədər təəccüblü olsa da, Fransanın da bu koalisiyada yer alacağı bildirilir. Üstəgəl, İsrail Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlərini İrana qarşı səfərbər etməkdə davam edir. Şübhə etmirəm ki, yaxın gələcəkdə bir çox dünya dövlətlərinin iştirakı ilə İrana qarşı böyük bir koalisiya yaradılacaq. Bu koalisiya İran daxilindən molla rejimini dəyişməyə çalışan çoxmillətli hərəkata da dəstək verəcək. Proses kifayət qədər aydındır, gizli heç nə yoxdur. Həm ABŞ, həm də İsrail bunu açıq formada bəyan edir.

O da açıq dillə bildirilir ki, İran indiyədək bağlanmış nüvə anlaşmalarına riayət etmir, bölgədə qonşularına qarşı destruktiv fəaliyyət göstərir və regionda sülhün əldə edilməsinə ciddi maneələr yaradır. Bu səbəbdən mollakratiyanın üzərinə böyük bir qüvvənin gedəcəyini görməmək mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər