"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, Münxen Təhlükəsizlik Konfransında açıqlanan bəyanatlardan biri də dəhlizlərə bağlı idi. Sizcə, sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə dəhlizlərin aqibəti necə olacaq?
- Azərbaycanla Ermənistan arasında danışıqlarda Qərbi Zəngəzur torpaqları ilə bağlı kommunikasiya və nəqliyyat xəttləri müzakirə predmeti idi. İki ildir bu istiqamətdə danışıqlar gedirdi. Burada iki ölkədən başqa Avropa İttifaqının, Rusiya və ABŞ-ın da öz təklifləri var idi. Rusiya xüsusi olaraq Zəngəzur dəhlizində özünəməxsus inzibati orqanların mövcudluğunu, keçid məntəqələrində iştirakını vacib sayırdı. ABŞ və Avropa İttifaqına görə isə burada erməni tərəfinin keçid məntəqələrində yer alması öz əksini tapmışdı. Amma Laçın yolu ətrafında baş verən hadisələr və burada azərbaycanlı fəalların aktiv şəkildə qeyri-qanuni daşımaların faktiki olaraq Xankəndiyə daşınmasına qarşı sədd kimi dayanmaları regionda kommunikasiya xəttləri ilə bağlı yeni bir mənzərə yaratdı. Belə olan halda həm Zəngəzur dəhlizində, həm Laçın yolunda keçid məntəqəsinin yaradılması ilə bağlı müzakirələr aparıldı. Bununla da Zəngəzur dəhlizində, eləcə də Laçın yolunda nəzarət buraxılış məntəqələrinin olması başlıca şərt kimi irəli sürülüb.
- Bu, Azərbaycan üçün nə dərəcədə əlverişli olacaq?
- Burada söhbət Laçın yolunun yeni bir ad almasından gedir. Eyni zamanda bu, Azərbaycanın maraqlarına cavab verir. Buna qədər isə Laçın yolu bir qədər fərqli bir status daşıyırdı. Laçın Azərbaycan ərazisi olduğuna görə erməni tərəfi məhz nəzarət-buraxılış məntəqəsindən keçməkə ölkəmizə daxil ola bilər. Keçmiş SSRİ zamanı ümumi bir dövlət çətiri altında yaşayırdıqsa, bu gün Azərbaycan və Ermənistan müstəqil dövlətdir. Ona görə də, Azərbaycan ərazisinə daxil olarkən mütləq ki, nəzarət-buraxılış məntəqəsindən keçilməsi vacibdir.
- Razılaşmalarla bağlı ümumi vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda bütün məsələlərə görə, erməni tərəfi üzərinə düşən öhdəlikləri və vəzifələri icra etməlidir. Top Nikol Paşinyan iqtidarındadır. Eyni zamanda o, bir neçə görüşdə Azərbaycan tərəfi ilə razılığa gəlib. Amma İrəvana qayıtdıqdan sonra Paşinyan kənar təzyiqlərlə verdiyi vədlərdən geri çəkilib. Paşinyanın bu razılıqların icrası ilə ciddi şəkildə məşğul olacağını gözləmək olmaz.
- Sülh mətni üzərində tərəflər arasında aparılan müzakirələrin nəticələri haqqında hansı yanaşmalar var?
- Tərəflər arasında son bir neçə ayda olduğu kimi danışıqlar qapalı keçəcəksə, nə qədər çox az adam bu prosesdən xəbərdar olacaqsa, o qədər daha tez sülh müqaviləsinin imzalanması mümkün olacaq. Azərbaycanın sülhlə bağlı əsas tələbi odur ki, Qarabağ məsələsi ayrıca, Azərbaycan-Ermənistan məsələsi isə ayrılıqda müzakirə predmeti olsun. Münxen danışıqlarında da ABŞ və Ermənistan da buna razı salınıb.
- İndiki halda sülh prosesində ABŞ-ın fəallığı nə ilə bağlıdır?
- Azərbaycan üçün başlıca amil Ermənistanla qısa zamanda sülhün əldə edilməsidir. Eyni zamanda ölkəmiz üçün əsas amil Ermənistanın hansı tərəfin yanında olması və özünü rasional aparması ilə bağlıdır. Görünən odur ki, Ermənistan daha çox Qərb xəttinə daha çox üstünlük verir. Zəngəzur dəhlizi və Qarabağın gələcəyi ilə bağlı Azərbaycan və Ermənistan sərhədləri və müəyyən məsələlərlə bağlı Rusiya və ABŞ arasındakı fikir ayrılıqları da hər kəsə məlumdur. Onlar arasında həmçinin Cənubi Qafqaz uğrunda mübarizə gedir. Son 30 ildə ABŞ indiki qədər siyasi fəallıq nümayiş etdirməmişdi. Nəzərə almaq lazımdır ki, qarşıdan ABŞ-da prezident seçkiləri gəlir və bunun fonunda Amerikada hakimiyyət dəyişikliyi Cənubi Qafqazda Rusiya ilə olan vəziyyətin dəyişməsi ehtimalını gücləndirir. Rusiya-Ukrayna müharibəsinin necə yekunlaşacağı fonunda konkret bir variant üzərində məsələlərin həllinin gözlənilməsi də mümkün deyil.
- Avropa İttifaqının missiyası artıq Ermənistan ərazisindədir. Belə olan halda Rusiyanın buradakı davranışları yekunda sülh prosesinə necə əngəl yarada bilər?
- Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə ötən il Azərbaycan və Ermənistan liderləri arasında uğurlu görüşlər keçirildi. Lakin bu prosesin irəliləməsinə Fransa prezidenti Emmanuel Makron əngəl yaratdı. Beləliklə, ötən ilin dekabrında nəzərdə tutulan üçtərəfli görüş məhz Makronun riyakarlığı nəticəsində baş tutmadı. Bunun fonunda Avropa İttifaqının xüsusi missiyasının Ermənistana gəlişinin müəyyən səbəbləri də var. Bu, ilk növbədə Qərbi Zəngəzurla bağlıdır. Paşinyan bu missiyanı Qərbi Zəngəzura gətirərək bu ərazilərin təhlükəsizliyi, kommunikasiya və nəqliyyat layihələrinin məhz Ermənistanın istədiyi kimi reallaşması məqsədi güdür. Bu, sözsüz ki, Rusiya ilə Ermənistan arasındakı münasibətləri də kəskinləşdirib. Ona görə də, Paşinyan hakimiyyəti ilə bağlı Moskvada müəyyən düşüncələr yaranıb.