22 Fevral 2023 16:17
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Ermənistana missiya göndərməsi qeyri-qanuni bir addımdır. Çünki belə bir missiya göndərilirdisə, o zaman Azərbaycanla da bu məsələlər müzakirə edilməli idi. Eyni zamanda bu missiyanın göndərilməsinin nə dərəcədə vacib olması göstərilməlidir. Ermənistan Azərbaycandan şikayət edirsə, o zaman Azərbaycanla diplomatik yolla danışılmalı və doğurdanmı belə bir narahatlığa əsas olduğu ortaya qoyulmalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Ermənistana göndərilən missiyanın məramı məlum deyil: “Onların nəyi yoxlayıb, nəyə qiymət verəcəyi bilinmir. Bunun fonunda isə Azərbaycan ərazilərinin atəşə tutulması ilə missiyanın gəlməsinin eyni vaxtda düşməsi heç də təəccüblü görünmür. Əslində bu faktın missiyanı göndərən rəsmiləri düşündürəcəyi də sual altındadır. Onlar başa düşməlidirlər ki, bu cür təxribatların ilhamvericisi və dəstəkçiləri olurlar. Həmçinin bu missiya problemin həllinə heç nə ilə kömək etməyəcək”.

Millət vəkili hesab edir ki, bu missiya da Ermənistanın növbəti siyasi şousunun, qalmaqalının fəal iştirakçılarından birinə çevriləcək: “Bu gün Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması üçün konkret təkliflər verib. Əgər Avropa İttifaqı problemi həll etmək istəyirsə, buna dəstək verməlidir. Onlar bunun əvəzində regiona silahlı nümayəndələrini göndərməli deyil. Ona görə də, bu, Avropa İttifaqı tərəfindən atılmış səhv bir addımdır”.

Aydın Mirzəzadəyə görə, məhz bu missiyanın göndərilməsi ilə bağlı Ermənistan hakimiyyətinin xahişi sadəcə olaraq məsuliyyəti üzərindən atmaq üçün seçilmiş bir yoldur: “Eyni zamanda burada erməni tərəfi Azərbaycanla sülh bağlanmasını və müvafiq olaraq Zəngəzur dəhlizinin açılmasını maksimum dərəcədə uzatmaq məqsədi də güdür. Bu isə o deməkdir ki, Ermənistan məsələnin həllində maraqlı görünmür. Azərbaycanla problemin həlli üçün konstruktuv dialoq aparmır. Hələ də Ermənistan ictimaiyyətinin, o cümlədən iqtidarının beynindən Azərbaycan torpaqlarının iddia əhval-ruhiyyəsi çəkilməyib. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz süveren hüquqlarını qorumaq əzmindədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər