1 Mart 2023 09:05
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan parlamentinin sədri Alen Simonyan bildirir ki, Azərbaycanla sülh müqaviləsində Qarabağla bağlı müddəa olmamalıdır. Sizcə, onun açıqlamasını hansı kontekstdə şərh etməliyik?

- Bu, Azərbaycanın tələbidir. Azərbaycan Qarabağ məsələsinin sülh müqaviləsinə salınmasının, ümumiyyətlə, bunun Ermənistan və digərləri ilə müzakirə edilməsinin tərəfdarı deyil. Qarabağ Azərbaycan ərazisidir, bizim başqa dövlətlə öz ərazimiz haqda danışmağımız, bununla əlaqəli hansısa sənəd imzalamağımız mümkünsüzdür. Azərbaycan qanunları da buna imkan vermir. Azərbaycan Konstitusiyasına uyğun olaraq, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi bizim daxili işimizdir. Bəli, biz Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə əlaqə saxlayaraq onlarla iş görmək istəyirik, bunu edə bilərik, amma bu o demək deyil ki, bu əlaqələri başqa müstəvidə gündəmə gətirəcəyik və ya gətiririk.

Əgər Simonyan, Mirzoyan və digər erməni rəsmiləri ağıllanırlarsa, demək, ermənilər yavaş-yavaş düzəlirlər. Paşinyanı başa düşürəm, gah elə danışır. gah da belə. Onun da ağılsız danışıqları çoxdur. Onlar dərk etməlidirlər ki, Hitler kimi bir adam müharibəni uduzursa və bunun şərtlərini qəbul edirsə, Paşinyanın da bunu qəbul etmək məcburiyyətindədir. Ara qarışdırmaqla məslələr həll olunmur.

Artıq Ermənistan rəhbərliyi Azərbaycanın bu haqlı tələbini başa düşür və qəbul etməyə başlayıb. Əgər bir Ermənistan rəsmisi belə deyirsə, bu o deməkdir ki, Azərbaycan aparılan danışıqlarda öz milli maraqlarına sadiqdir. Kimisə aşağılamaq istəmirəm, amma qələbə qazanan tərəf də, şərtləri və qaydaları müəyyən edən də Azərbaycandır. Biz beynəlxalq hüquq məsələsini gündəmə gətirmişik. Bunu görəndən sonra da Simonyan ayrı söz deməməliydi.

- İrəvan tez-tez Qarabağ məsələsinin Qarabağ erməniləri ilə rəsmi Bakı arasında həll edilməli olduğuna dair açıqlamalar da verir. Sizcə, Ermənistanın bu prosesdən kənarlaşması xeyrimizədirmi? Eyni zamanda, bunun nə kimi riskləri ola bilər? Məsələn, bu durumda Rusiya tərəfə çevrilə bilərmi?

- Ermənilər bir az ikiüzlü hərəkət edirlər. Onlar Bakını olmayan bir qurumla danışıqlara cəlb etməyə çalışırlar. İndiyədək ümid edirlər ki, Azərbaycan “Dağlıq Qarabağ”ı tərəf kimi tanıyacaq. Bu, mümkün deyil.

Ermənilərin xarici siyasətində sabitlik yoxdur, həm də həddən artıq mövqesizlik var. Eyni zamanda, Qarabağ yükündən qurtulmaq istəyirlər. Amma bu yükdən necə xilas olacaqlarını bilmirlər. Ona görə də çox vaxt diplomatiyadan uzaq çərçivədə danışırlar. Təbii ki, Azərbaycan öz erməni əsilli vətəndaşları ilə əlaqə qurmalıdır və quracaq da. Azərbaycan qanunlarında və Konstitusiyasında vətəndaşlarımıza hansı hüquqlar və səlahiyyətlər verilirsə, yaxud Gəncədə, Sumqayıtda və Bakıda yaşayan 40 mindən çox erməni hansı səlahiyyətlərə malikdirlərsə, o ermənilər də bunlara sahib olacaqlar. Artıq bunu başa düşməyə başlayıblar.

Ermənistan indi onu da anlayır ki, indiyədək yürütdüyü siyasəti də, hərəkətləri də səhvdir. Ona görə də həm Qarabağ yükündən qurtulmaq, həm də Azərbaycanı yeni oyununun içinə itələmək istəyirlər. Amma bu hiylələri alınmayacaq, çünki Azərbaycanın çox ağıllı prezidenti var.

- Bakı və İrəvan arasında onlayn formada birbaşa müzakirələr, fikir mübadiləsi başlayır. Bu gəlişmə danışıqlar prosesinə necə təsir göstərə bilər?

- Müsbət təsir göstərə bilər. Adətən, uzun müddət bir-birini qəbul etməyən dövlətlər üzbəüz görüşlərdə həddən artıq problemlər yaşaya bilirlər. Lavrov da Bakıda olarkən bunu gündəmə gətirdi. Əslində, bu, XXI əsrin tələbidir. Onsuz da müasir dövrdə bütün məsələlər üzbəüz həll olunmur ki. Bakıdan İrəvana və ya İrəvandan Bakıya uçmağa ehtiyac yoxdur. Azərbaycan öz təklifini gündəmə gətirib və bunu qarşı tərəfə çatdırıb.

Məncə, onlyan diplomatiya hər iki tərəfə sərf edən variantdır.

- Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya niyə gəlmişdi. Sizcə, onun bu səfərindən sonra hansı gəlişmələrin şahidi ola bilərik?

- Lavrovun əsas tələbləri Ermənistanadır. İrəvan Moskvanın tələblərinə əməl etmədi, etmir. Təbii ki, bunun bir cəzası olmalıdır. Rusiya 44 günlük müharibədə kənarda qaldı, Ermənistan Azərbaycanın gücünü gördü.

İndi Rusiyada Ermənistana qarşı nə hazırlandığını deyə bilmərəm. Amma Rusiya vətəndaşlarının Qarabağdan çıxarılması, Vardanyanın separatçı rejimdən kənarlaşdırılması orada yaşayan ermənilərə bir mesajdır. Rusiya “ən böyük kart”ını geri çəkdi.

Görünən budur ki, Azərbaycanın xarici siyasəti öz qələbəsinin pikinə yaxınlaşır. Təbii ki, Rusiyanın da təklifləri ola bilər. Eyni zamanda, Azərbaycanın öz milli maraqlarına uyğun təklif və tələbləri olacaq. Bunların nə olacağını yaxın bir həftə ərzində görəcəyik. Burada Qarabağla bağlı və digər məsələlər də ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər