28 Fevral 2023 14:56
3 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdədir. Mühüm görüşlər baş tutdu. Rusiya üçün həssas bir dönəmdə Azərbaycanla münasibətlərin effektivliyi və ölkə olaraq bizim bundan səmərəli şəkildə yararlanmaq imkanlarımızı necə dəyərləndirirsiniz?

- Lavrovun Bakı səfəri xüsusi həssas dövrə təsadüfi edir. İndi Azərbaycanla Rusiya arasında münasibətlərə vacib bir mərhələ yaşanır. Rusiyanın xarici siyasətdə imkanları ciddi şəkildə məhdudlaşıb. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar belə bir vəziyyət yaradıb. Ona görə də Rusiya üçün iqtisadi-siyasi məsələlər nisbətən məhdud çərçivəyə düşüb. Ənənəvi siyasi partnyorlar da dəyişib. İndi Azərbaycan, Türkiyə, İran, ərəb ölkələri və Çin kimi partnyorlar Rusiya üçün daha çox önəm kəsb etməyə başlayıb. Bu da öz növbəsində siyasi dialoq üçün yaxşı imkanlar yaradıb. İstər-istəməz hər bir görüşün, səfərin məqsədi tərəflər arasında dialoqu sıxlaşdırmaqğa hesablanıb. Eyni zamanda burada tərəflər özlərini maraqlandıran mövzulara dair hansısa bir balans tapırlar. Bu əslində ümumi məntiqi bir yanaşmalardır.

- Azərbaycanla Ermənistan arasında sülh prosesinin bu səfər çərçivəsində nə dərəcədə geniş miqyasda müzakirəsi gözlənilir?

- Təbii ki, gündəmdə Azərbaycanla Ermənistan arasında olan məsələlər də Lavrovun bu səfərində gündəmdə olacaq. Çünki burada iqtisadi məsələlərin müzakirəsi ilə bağlı fərqli yanaşmalar var. Burada Rusiya tərəfinin ənənəvi olaraq mövzusu və rolu geniş müzakirə olunacaq. Sülhməramlıların bu və ya digər məsələlərə aid davranışları da bizim üçün vacib məsələlərdəndir. Daha yaxşı koordinasiya əldə etmək üçün Azərbaycan tərəfindən bu məsələlər də geniş müzakirə olunacaq.

- Laçın yoluna nəzarət və burada keçid-buraxılış məntəqələrinin yaradılması ilə bağlı qısa zamanda irəliləyişin əldə edilməsi gözlənilirmi?

- Laçın yolunda olan məsələlər də burada geniş mazakirə olunacaq. Amma burada məsələlər Azərbaycan Konstitusiyasına və ölkə qanunlarına uyğun həllini tapmalıdır. Laçın yolunda yaradılacaq keçid-buraxılış məntəqəsi və orada mümkün nəzarət mexanizmi ətrafında formalaşacaq proseslər ardıcıllıqla həll olunmalıdır. Artıq bu istiqamətdə addımlar atılır. Çünki Laçın yolunda Azərbaycanın dövlət strukturlarının yerləşməsi və orada nəzarəti bərpa etməsi vacibdir. Burada məhz Azərbaycan qanunlarına uyğun nəzarət-buraxılış məntəqəsinin yaradılması təmin ediləcək. Azərbaycan tərəfi yaxşı başa düşür ki, bu məsələlərin əksəriyyəti yerdə qalan iki il yarım müddətə həll olunmalıdır. Sülhməramlıların burada olduğu müddətdə məhz bu prosesin başa çatması planlaşdırılır.

- Rusiyanın nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələlərə münasibəti necədir?

- Əslində Rusiya burada həll olunmamış məsələlərin sayını artırmaq niyyətindədir. Çünki rus sülhməramlılarına bundan sonra da burada qalmaq üçün bir əsas yaranmalıdır. S.Lavrovun Bakı səfərində də əsas müzakirə edilən məsələlərdən biri məhz bu mövzudur.

- Ermənistan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin olmasına birmənalı olaraq etiraz edir. Bu yanaşmanın prosesə təsiri ola bilərmi?

- Bu, Ermənistanın səlahiyyətlərinə aid olan məsələ deyil. Çünki bu Ermənistanın sərhədlərindən uzaq məsələlərdir. Azərbaycanın Laçın yolunda keçid məntəqəsi yaratması onun süveren hüququdur. Ermənistanın bu məsələyə etirazı isə sadəcə olaraq onların rəyidir və heç bir təsir imkanına malik deyil. Ümumiyyətlə erməni tərəfinin orada heç bir halda manevr etmək imkanı yoxdur. Eyni zamanda Laçın yoluna nəzarətdən başqa digər vəzifələr də mövcuddur. Hər bir ölkənin sərhəddində olduğu kimi burada da nəzarət-buraxılış məntəqəsi yaradılacaq.

- Azərbaycanın bu məsələdən hansısa bir formada geri addım atmaq imkanlarını necə dəyərləndirirsiniz?

- Bu məsələdə Azərbaycanın mövqeyini dəyişməsini gözləmək məntiqsizdir. Azərbaycan bu məsələdən geri dönən deyil. Sadəcə olaraq indi müzakirələr keçid məntəqəsinin hansı şəkildə aparılması ilə bağlı gedir. Burada həmçinin vəzifə bölgüsü ilə bağlı da fikirlər var. Bu məsələdə Azərbaycan ortaya qoyduğu mövqeyindən geri çəkilməyəcək. Sadəcə olaraq həmin yolda rus sülhməramlılarının və Azərbaycanın inzibatı orqanlarının koordinasiyası, texniki məsələlər ətrafında müzakirələr aparılır. Burada ayrı bir mövzu ətrafında söhbət gedə bilməz. Azərbaycanın gündəmində hazırda məhz bu məsələdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər