Türk Dövlətləri Təşkilatı (TDT) Beynəlxalq müstəvidə və münasibətlər sistemində güclü mövqeyə sahibdir. Azərbaycan bu təşkilatın ən fəal və aktiv üzvlərindən biri kimi burada xüsusi rola malikdir. Bu təşkilat daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, strateji məsələləri ehtiva edən birlik formatıdır. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının bundan sonra da qlobal miqyasda önəmi getdikcə artacaq. Çünki bu təşkilatın əsasını bir-birinə tarixi, dini, milli-mənəvi köklərə əsaslanan müttəfiqlər təşkil edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, məhz bu baxımdan da türk dövlətlərinin iş birliyi səmimiyət üzərində formalaşıb: “Sözsüz ki, xalqlar arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və bu da öz növbəsində böyük bir coğrafiyanı əhatə edir. Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi xüsusi əhəmiyyətə malik, tarixi bir hadisə hesab edilir. Qardaş Türkiyədə çoxsaylı insan tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ on minlərlə insanın həyatına son qoyub və onun fəsadları Azərbaycan xalqını da olduqca sarsıdıb, kədərləndirib. Ölkəmizin başçısı bu kədərli problemdən bəhs edərkən bildirdi ki, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu amil bir daha Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu göstərir”.
Deputat deyib ki, Prezident İlham Əliyev TDT-nin Ankara Zirvə toplantısında dünyada yaşayan azərbaycanlıların 50 milyondan çoxdur və onun 10 milyonu Azərbaycanda yaşayır: “Dövlətimizin başçısı vurğulayıb ki, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılmasına xidmət edib. Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu qeyd edib. Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağın mühüm rolunun olduğu vurğulanıb. Türkiyə Prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi ilə qeyd edib. Prezident həmçinin Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu bəyan edib”.
Millət vəkili hesab edir ki, Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə-Azərbaycan müttəfiqliyi Türk dünyasının inkişafında vacib rol oynayacaq: “Çünki Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdən hesab edilir. Qardaş Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi sözsüz ki, qardaş ölkəyə və onun xalqına böyük bir dəstək kimi ifadə olunur”.
Eldar Quliyevə görə, Zirvə görüşündə post müharibə dövrü Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlardan da bəhs edilib: “Prezident İlham Əliyev TDT üzvlərini Ermənistanın Zəngəzur dəhlizinin açılması, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatla üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini vurğulayıb. Artıq Azərbaycan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işlərini icra edir. Ölkəmizin başçısı xüsusi ilə qeyd etdi ki, “Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”. Bütün bu proseslərdə də Azərbaycan-Türkiyə qardaşlığı özünü açıq şəkildə göstərir. Sözsüz ki, Türk birliyinin qlobal gücə çevrilməsində Azərbaycan-Türkiyə tandemi başlıca amildir. Qloballaşan dünyada türk birliyi faktoru artiq bir güc kimi önə çıxır. Zirvə Görüşünün nəticəsi olaraq qəbul olunan Ankara Bəyannaməsi məhz bu mahiyyətin xarakterinə xidmət edir”.