13 Aprel 2023 09:25
3 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq, professor Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prosesin nəzəri də olsa qaydasına düşdüyü, delimitasiya işlərinin nisbətən sakit getdiyi bir vaxtda Ermənistan yenə təxribata əl atdı. Qarşı tərəfin bu addımını necə izah etmək olar?

- Bunu xainlik kimi qiymətləndirirəm. Ermənistan bəzi qonşu dövlətlərin, xüsusən də İranın fitnəsinə, Rusiyanın basqılarına getdi. Nəticədə sərhəddə belə fitnəkarlığa əl atdılar. Baş verənlər göstərir ki, Ermənistan buna hazırlaşırmış, İrandan kömək alırmış. Ermənistan həm İran, həm də Hindistandan aldığı silahlarla bizə “gözdağı” verirmiş kimi, bir xəyanətkar plan hazırlamışdı. Ordumuz bu xain plana cəsarətlə cavab verdi və onları yerində oturtdu.

Hələlik vəziyyət tam sakitləşməyib. Hələ hər şeyin arxada qaldığını söyləmək çətindir. Demarkasiya və delimitasiya, sülhyaratma və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası proseslərinə ciddi zərbə vuruldu. Görünür, gedişatı əvvəlki axarına qaytarmaq üçün müəyyən vaxt lazım olacaq. Ermənistan həmişə belə fasilə və vasitələrdən istifadə edərək, hansısa dövlətlərə ümid bəsləyir.

Zənnimcə, hadisələrin anatomiyası – İran və Ermənistanın bu prosesdə oynadığı bədxah rol düzgün araşdırılacaqsa, hər ikisi beynəlxalq səviyyədə qınaq obyektlərinə çevriləcəklər, ən azı etdikləri yaramaz əməllərə görə ciddi məzəmmət qarşısında qalacaqlar.

Ermənistanın son təxribatı həm sülh, həm də Cənubi Qafqazdakı digər proseslərə də ciddi zərbə vurdu. Bütövlükdə qarşılıqlı etimasızlıq mühitinin dərinləşməsinə təkan verdi. Bunu xəyanətdən başqa heç nə adlandırmaq mümkün deyil.

- Sizin də dediyiniz kimi, ermənilərin son təxribatları zamanı İranla yanaşı, Hindistan silahlarından da istifadə etdiklərinə dair məlumat var. İranı anladıq, həmişə düşmən mövqeyindədir, bəs Ermənistanı silahlandırmağa başlayan Hindistan bizdən nə istəyir?

- Hindistan da kəmfürsət dövlətdir. Hindistan Pakistanla əlaqələrimizi və onun ölkəmizə rəğbətini əsas götürərək, Ermənistanın silahlandırılması yoluna getdi. Nəticədə Hindistan bölgədə sabitliyin yaradılması əvəzinə, əmin-amanlığın pozulması və ya qarşıdurmanın tətiklənməsi siyasətinə dəstək verdi.

Hindistan hələ də Pakistana qarşı əsassız ərazi iddiası ilə mübarizə aparırsa və öz ərazisində yaşayan müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti aparırsa, onda bu dövlətin addımlarını anlamaq mümkündür. Bu, Azərbaycana qarşı dostluq münasibətlərindən uzaq, hətta deyərdim ki, düşmənçilik münasibətinin təzahürüdür. Yəqin ki, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən Hindistanın bu addımları qətiyyətlə pislənəcək.

- Təxribat Azərbaycan və Ermənistan liderlərinin mümkün Vaşinqton görüşü xəbərinin yayılmasından sonra gəldi. Bu haqda da bir yayğın fikir var. Sizcə, təxribatın həm də bununla əlaqəsi vardımı?

- Məncə, var. Burada Rusiyanın da barmağını görməmək mümkün deyil. Rusiya Avropa Birliyinin, xüsusən də ABŞ-ın regiondakı fəallığına qısqanclıqla yanaşır. Hətta bu fəallığın qarşısını almaq üçün Ermənistana müəyyən qədər hərbə-zorba da gəlməyə çalışır. Yəqin Azərbaycanın da bununla bağlı siyasəti onun ürəyincə deyil.

Zənnimcə, Rusiya həmişə bölgədə qarşıdurma, gərginlik, hətta müharibənin olmasını da istəyib. İndi baş verənlər də onun çörəyinə yağ sürtdü. Birmənalı demək olar ki, həm cənubdakı faşist dövləti (İran), həm də bizimlə “strateji müttəfiqlik” haqda müqaviləni imzalamış şimal qonşumuz da bu məsələlərdə düzgün mövqe tutmur. Bu səbəbdən də bölgədə sabitliyə ciddi zərbə vuruldu.

- Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb, beynəlxalq vasitəçilər Ermənistanı dialoq masasına qaytarmaq üçün çalışırlar. Nikol Paşinyan kimlərə və ya onların hansı vədlərinə inanaraq, prosesi tormozlayır?

- İndi Paşinyanın əsas himayədarı Fransadır, Makrondur. Son zamanlarda bu pozucu missiyanı fəal şəkildə həyata keçirən İrandır. Məsələn, bu olaydan əvvəl Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri Armen Qriqoryan Tehranda olub. Ondan əvvəl isə İran xarici işlər nazirinin müavini İrəvana gəlmişdi.

Ermənistan həm də çox vurnuxur ki, Rusiya ilə korlanmış əlaqələri yenidən bərpa etsin. Bununla əlaqədar Rusiya ilə ciddi təmaslar var. Məsələn, Rusiya Erebuni bazasındakı (İrəvan) hərbi təyyarələrinin iştirakı ilə guya Ermənistan hərbi hava qüvvələri ilə birgə təlim keçirdi. Halbuki bu təlimdə Ermənistanın cəmi bir təyyarəsi iştirak etmişdi. Bundan başqa, son günlərə qədər Rusiya və Ermənistan xüsusi təyinatlılarının birgə təlimi keçirildi. Bu da göstərir ki, Ermənistan yenidən Rusiya ilə münasibətləri yüksək səviyyəyə qaldırmaq istəyir.

Son qarşıdurma həm də KTMT missiyasını Ermənistanda yerləşdirmək üçün təşkil olundu. Çox güman ki, bunu da edəcəklər. Görünən budur ki, bölgədə çirkin niyyətlərlə yaşayan dövlətlərin fəallığı var. Bu fəallıq da Ermənistan vasitəsilə edilir. Nəticədə həm bölgənin strateji maraqlarına, həm də sülhyaratma prosesinə ciddi zərbə vurulur. Ermənistan sanki bunu dərk etmirmiş kimi hərəkət edir. Ermənistan bu addımları ilə təkcə sülhyaratma prosesinə əngəllər yaratmır, həm də həmişə bölgədə qeyri-sabitlik istəyən Rusiya və İranın burada meydan sulamalarına imkanlar yaradır. Bunların hamısı yaramaz addımlardır.

Yəqin ki, dünyanın böyük güc mərkəzləri – ABŞ, Avropa Birliyi və qardaş Türkiyə, eləcə də Pakistan baş verənlərin fərqindədir və bunlardan lazımi nəticələri çıxaracaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər