Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında yenə də Qarabağın hüquqları və təhlükəsizliyindən danışıb. İndiki mərhələdə erməni tərəfi bunu özü üçün əsas hədəf kimi seçib. İddiaları da odur ki, Azərbaycanla sülh sənədində bu məsələ öz əksini tapsın. Eyni zamanda Bakı və Xankəndi arasında dialoq mexanizminin də təmin olunması erməni tərəfinin əsas istəkləri sırasında yer alıb.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, hazırkı mərhələdə prosesi problemli kimi dəyərləndirmək olar:
“Çünki indiki şəraitdə Qarabağda hələ də öz mövcudluğunu saxlayan qondarma rejim Rusiyanın təsiri altındadır. Bunun fonunda separatçıların rəhbərləri olan Araik Arutunyan və digərləri buradakı dırnaqarası vəzifələrindən imtina etmək istəmirlər. Amma danışıqlar uğurla nəticələnsə, Azərbaycan Konstitusiyasına uyğun orada formalaşacaq inzibatı idarəçilikdə erməni icmasının təmsilçilərinə də müəyyən bir vəzifələr veriləcək”.
Fərid Şəfiyev hesab edir ki, bu tamamilə ayrı bir statusdur: “Ona görə də onlar bundan imtina etməyəcəklər. Bu baxımından da Qarabağda yaşayan erməni icmasının Azərbaycana reinteqrasiyası olduqca çətin gedəcək. Belə olan halda Azərbaycan ancaq təzyiq vasitəsi ilə bu prosesi həyata keçirə biləcək”.