Azərbaycan Ermənistandan normallaşma istiqamətində real addımlar gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı bildirib
Çıxışında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni tərəfinin fərziyyələri ilə bağlı məsələyə aydınlıq gətirən nazir müavini Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, bu sərvətlərin Ermənistana daşınması və sırf humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının yolverilməz olduğunu vurğulayıb. Suveren Azərbaycan ərazilərində bu kimi fəaliyyətlərin Azərbaycan dövlətinin təhlükəsizliyinə və bütövlüyünə ciddi təhlükə yaratdığını bildirib.
Bu xüsusda, nazir müavini Azərbaycanın Ermənistandan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının, eləcə də Praqa və Soçi razılaşmalarının bütün müddəalarının, xüsusən də qeyri-qanuni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunması, habelə nəqliyyat kommunikasiyalarının açılması, dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesinin davam etdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmasını gözlədiyini vurğulayıb.