Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandııb.
Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, Azərbaycan Prezidenti növbəti dəfə Ermənistana və separatçılara açıq mesaj göndərdi. Sizcə, qarşı tərəf bu çağırışlara nə dərəcədə adekvat olacaq?
- Prezident İlham Əliyevin Ermənistana qarşı ortaya qoyduğu mövqe Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquqa uyğundur. Partiya sədri olaraq onun bu mövqeyini birmənalı şəkildə dəstəkləyirəm. Qarabağda olan separatçıların Azərbaycan dövlətinə və xalqına qarşı xarici qüvvələrin təhriki ilə apardığı mübarizə ölkə konstitusiyasına görə vətən xəyanət maddəsi ilə eynilik təşkil edir. Sadəcə olaraq Azərbaycanın böyüklüyü ondandır ki, onları məhkəmə məsuliyyətinə cəlb etmir. İndiki halda isə Qarabağdan istifadə edib bu bölgədə Azərbaycana qarşı oyun qurmaq istəyirlər. Bu oyuna qarşı da yeganə təsirli addım Qarabağın təcili şəkildə Azərbaycanın suveren hüquqlarına tabe etdirməkdən keçir. Ona görə də, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyinə açıq dəstəyimi ifadə edirəm. Bu, həmçinin Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmalara da tam uyğundur.
- İndiki halda Ermənistan 1991-ci il Almatı sənədlərinə əsasən Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edirsə, bunu Qarabağ və ərazi iddiasından imtina dəyərləndirmək nə dərəcədə məntiqlidir?
- Almatı və ondan sonra Azərbaycanla Ermənistan arasında imzalanan bütün müqavilələr erməni işğalının nəticəsində meydana çıxan reallıqları özündə əks etdirirdi. Amma Azərbaycan hər zaman məsələlərin dinc yollarla həllinə ümid edib. Ermənistan isə keçmiş Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə imkan verməyib. Bu ölkə beynəlxalq təşkilatların çıxarmış olduğu qərar və qətnamələri icra etməyib. Azərbaycan ərazilərini dinc yolla təhvil verməyib. Nəticədə Azərbaycan müharibə yolu ilə ərazi bütövlüyünü təmin etdi. Ona görə də, Azərbaycan II Qarabağ müharibəsindən öncə imzaladığı bütün sənədlərdən imtina etməli və onlara əməl etməməlidir. Çünki Azərbaycan müharibə yolu ilə problemi həll edib. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan hərb meydanında qazandığı qələbə ilə öz şərtlərini və prinsiplərini diqtə etməlidir. Buna görə də, Azərbaycan Ermənistandan işğal dövründə vurduğu zərərə görə, kompensasiya tələb etməkdə tam haqlıdır. Eyni zamanda Ermənistandan tarixi torpaqlarımız Zəngəzur, Dərələyəz, Göyçə tələb olunmalıdır. Bununla bağlı Azərbaycan dinc yolla beynəlxalq hüquqa uyğun olaraq həmin ərazilərin geri qaytarılması ilə bağlı məsələ qaldırmalıdır. Çünki getdikcə biz tarixdə xalqımıza, millətimizə vurulmuş bu xəyanət və zərbələrin izlərini silməliyik. Sözsüz ki, bu gün Prezident İlham Əliyevin Qarabağ siyasəti Azərbaycan dövlətinin və millətinin maraqlarına uyğundur. Bu siyasətdə heç bir qüsur yoxdur.
- Siz ölkə başçısının Qarabağla bağlı apardığı siyasəti partiya sədri kimi bəyənirsiniz. Amma opponentiniz AXCP sədri Əli Kərimli bunun əksini düşünür...
- Fakt odur ki, Əli Kərimlinin də təmsil olunduğu hökumətdə bu problem tam şəkildə qalmışdı. İndi əgər burada nəsə yarımçıq qalıbsa bu ilk növbədə irəliyə doğru bir addımdır. Eyni zamanda burada söhbət işğalın bütün nəticələrinin aradan qaldırılmasından gedir. İndi əsas hədəf qarabağda separatizmin tamamilə aradan qaldırılmasına yönəlib. Sözsüz ki, Ə.Kərimli ilə mənim fikirlərimin fərqli olması da bu mənada təəcüblü görünməməlidir. Çünki hər kəs prosesə öz durduğu nöqtədən baxır. Bu gün Elçibəy, Heydər Əliyev dövründən üzü bəri olan prosesi təhlil edib. beynəlxalq situasiyanı analiz edib düzgün qənaətə gəlmək olar. Sadəcə olaraq indi Azərbaycan tərəfindən prosesin bir mərhələsi hərbi yolla həll edilib. Xankəndi iqtisadi zonasında da Azərbaycanın öz suverenliyi təmin edəcəyi şübhəsizdir. 44 günlük müharibədə sərgilənən mövqe zəruri halda ortaya qoyulacaq. Ona görə də, təmkinli və səbrli olmaq lazımdır. Çünki düşmənlərimiz həddindən artıq çoxdur.
- İran özünü Azərbaycanla Ermənistan arasındakı proseslərə inteqrasiya etməyə çalışır. Bu ölkənin Qarabağ məsələsində yer almaqda məqsədi nədir?
- İran və Fransa hər zaman bu məsələdə iştiraka can atıb. Dünənə kimi Ermənistanın yanında Rusiya dayanırdısa indi burada İran və Fransanı görmək olar. Ona görə də, Azərbaycan bütün bunlara qarşı öz cəbhəsini genişləndirməli dost və tərəfdaşlarının sayını artırmalıdır. İngiltərə, Almaniya, İtaliya kimi ölkələrlə əlaqələrimizi daha da sıxlaşdırmalıyıq. Müttəfiqimiz olan qardaş Türkiyə ilə birgə hərəkət etməliyik. Eyni zamanda türk dövlətləri ilə Pakistanla münasibətlərimizi yeni bir müstəviyə qalırmalıyıq. Bununla yanaşı ərəb və islam dünyası ilə təmaslarımız və əlaqələrimiz daha da genişlənməlidir.