“ABŞ Prezidenti Cozef Bayden ötən il “erməni soyqırımı” ifadəsini işlətmişdi. Onun bu il də eyni addımı atacağı gözlənilirdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
O bildirib ki, ABŞ-da güclü erməni lobbisi var: “Düzdür, onun gücü çox şişirdilir. Amma hakimiyyət nümayəndələri erməni lobbisinin xoşuna gəlmək üçün belə açıqlamalar verir. Bildiyiniz kimi, bu gün Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində də namizəd olacağını açıqladı.
Lakin ABŞ Prezidentinin 1915-ci il hadisələrini soyqırımı adlandırmasının ermənilər üçün faydası yox, ziyanı var. Çünki Ermənistanın regionda mövcudluğunu davam etdirməsi Türkiyə və Azərbaycanla normal əlaqələrdən asılıdır”.
M.Şəntopun sözlərinə görə, C.Baydenin açıqlaması ABŞ-Türkiyə əlaqələrinə də ziyan vurur: “Biz bu məsələdə çox rahatıq. Bizim tariximizdə utanc duyacağımız səhifə yoxdur. Biz arxivlərimizi açmağa da hazırıq. Erməni tədqiqatçılar gəlib, baxsın. Amma Ermənistan da öz arxivlərini açsın. Biz də onların arxivlərinə baxaq. Bu, siyasətçilərin yox, tədqiqatçıların araşdıra biləcəyi məsələdir. Təəssüf ki, Ermənistan hələ də bizim təkliflərimizə cavab verməyib”.
Parlament sədri xatırladıb ki, son vaxtlara qədər ABŞ-da insanlar dərisinin rənginə görə təzyiqlərə məruz qalırdı: “Belə bir ölkənin başqa ölkəni ittiham etməsi doğru deyil”.
Qeyd edək ki, C.Bayden daha əvvəl 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirmişdi.