Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyaasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qüdrət bəy, Laçında dövlət sərhədlərimizin tam bərpa olunması bizi Ermənistanla sülhə yaxınlaşdırdı, yoxsa ...
- Əminliklə deyirəm ki, yaxınlaşdırdı. Hazırda bizi sülhdən daha çox ərazi bütövlüyümüzün bərpası və Qarabağda dövlət suverenliyinin təmin edilməsi narahat etməlidir. Qarabağda dövlət suverenliyinin bərpa olunmasından sonra biz daha ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhə nail ola bilərik. Bunun üçün növbəti addım Ermənistandan Azərbaycana çəkilmiş qaz, elektrik və internet xəttini kəsib Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirmək lazımdır. Qarabağda yaşayan ermənilər də digər sakinlərimiz kimi eyni qiymətə onun pulunu ödəməlidir. Laçında sərhəd keçid məntəqəsində xüsusi otaqlar yaradılmalı və Qarabağın erməni sakinlərinə şəxsiyyət vəsiqəsi və Azərbaycan pasportlarının verilməsi təşkil olunmalıdır. Ermənilərin cəmiyyətimizə reinteqrasiyasını sürətləndirmək, onlarda daima rus əsgərinin himayəsi altında yaşayacaqlarına dair yaranmış illüziyaları aradan qaldırmaq üçün bəri başdan deyilməlidir ki, rus sülhməramlılarının Azərbaycanda qalma müddəti uzadılmayacaq. Bu addımlar atılandan bir müddət sonra Xankəndində antiterror əməliyyatı keçirilməlidir. Yoxsa seperatçı-quldur rejimin qorxusundan Qarabağın heç bir erməni sakini deməyəcək ki, mən Azərbaycanın vətəndaşlığını qəbul edirəm.
- Qüdrət bəy, Azərbaycanda da Orxan Pamuk olmaq istəyənlər tapılır. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.
- Orxan Pamuk öz xalqına xəyanət edib Nobel mükafatı alana qədər milyonlarla nüsxədə nəşr olunmuş əsərlər yazmışdı, dünya miqyasında tanınırdı. Amma bir türk olduğu üçün ona Nobel mükafatı verilmirdi. Şöhrətpərəstlik xəstəliyinə yoluxmuş bu şəxs bunu anladığınadan 2005-ci ildə İsveç jurnalına öz xalqını soyqırımda ittiham edən müsahibə verdi və növbəti il Nobel mükafatı aldı. Amma onun istedadı var idi. Bizim yazılarından daha çox intriqaları ilə fərqlənən şöhrətpərəstlərimiz də onun yolu ilə getmək istədi,ancaq qazandıqları xalqın nifrəti oldu. Yazdıqlarını ermənilər 5-10 dilə tərcümə etsələr də bədii məziyyətlərinə görə heç kim oxumadı, xalqımızı aşağılayan cızma-qaralar isə daşlaşdı,"daş yuxusuna" getdi.
Qazandıqları ad isə o oldu ki, yalnız milli kimliyini, ruhunu şeytana təslim edənlər öz xalqına qarşı belə davrana bilər. Xaricdə ermənipərəst dairələrin əlinin altında işləyən bəzi gənclər atalarının yazdıqlarına belə tüpürərək öz xalqına qarşı çıxmaqla populyarlaşmaq, pul qazanmaq, düşmənlərimizdən "əhsən" almaq yolunu tutublar. Bizə düşmən dövlətlərdə sığınacaq alıb müftə, ələbaxan yaşamaq, bunun qarşılığında ölkəmizdə mənəvi mühiti iyləndirmək istəyən ünsürlər bir gün mütləq layiq olduqları cəzanı alacaqlar, ya da yad ölkədə gəbərəcəklər, cəsədləri də yandırılıb külləri kanalizasiyalara axıdılacaq və xalqımız durduqca onlar lənət ünvanı olacaq, törəmələri bu ləkəni daşıyacaq.
- Hazırkı ictimai-siyasi vəziyyət haqqında fikirlərinizi də bilmək istərdik.
- Xalqımız Qarabağın azad olunması istiqamətində görülən işləri təqdir edir, həm buna görə, həm də ağır həyata öyrəndiyindən bir çox sosial çətinliklərə dözür. Sovet dövründə də Cənubi Qafqaz xalqları, digər ittifaq respublikaları arasında reallıqda ən aşağı həyat səviyyəsi bizdə idi. Sərhəd bölgəsində yaşayan bir çox insanlar qonşu respublikalardan bazarlıq edirdi. Tələbə vaxtı bizə bir kilo yağ, bir kilo ət talonla satılırdı. Ət də çox vaxt köhnə və keyfiyyətsiz olurdu. Bir dəfə tələbə dostlarımızdan biri ilə Ukraynadan qayıdarkən bir qutu (20kq) yağ aldıq, amma hava limanında əlimizdən aldılar, pulunu da qaytarmadılar. Xalqımızın bazar iqtisadiyyatına əsaslanan, demokratik, hüquqi dövlət qurmaq potensialı zəifdir. Yaxşı ki, aparılan düzgün, balanslaşdırılmış xarici siyasət Azərbaycanda marağı olan böyük gücləri ölkəmizdə sabitliyi pozmaqda maraqlı etmir. Ölkəmizin gələcəyi xalqımızın iradəsindən və inkişaf səviyyəsindən yox, iqtidarın yürütdüyü siyasətdən asılıdır. Ukraynadakı müharibənin və Türkiyədəki siyasi proseslərin gedişinindən asılı olaraq bizdə də müəyyən siyasi canlanma müşahidə olunmaqdadır. Bəziləri geosiyasi proseslərin iqtidarın xeyrinə cərəyan etmədiyini düşünüb Qərbin təmsilçiləri ilə gizli əlaqələr qurur, təmsil olunduğu düşərgəni tərk etməyə çalışır. İqtidara yaxınlığı ilə seçilən mötədil siyasilər radikallaşır, utanmadan əks düşərgəyə reveranslar edirlər və s. Onları ölkənin yox, öz gələcəkləri düşündürür. Düşünürəm iqtidar fərqindədir ki, Qarabağ üzərində dövlət suverenliyini qısa müddətdə bərpa edib ciddi iqtisadi və hüquqi islahatlara başlamaq lazımdır. Buna görə cəzalandırılacağımız, ölkəmizin böyük risklərlə üz-üzə qalacağı ehtimalı çox azdır. İqtisadiyyatın enerji satışından asılılığına son qoyulmalı, sənaye və kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bunun üçün isə sahibkarı məmurdan qoruya bilən güclü məhkəmə, əlverişli investisiya və biznes mühiti yaradılmalıdır. Büdcə gəlirlərinin artırılması vətəndaşlardan müxtəlif adlarla və yollarla daha çox pul qoparmaq hesabına olmamalıdır. Yeni iş yerlərinin açılması, istehsal və emal müəssiələrinin yaradılması hesabına olmalıdır.
Xərclərin azaldılması isə pensiya və müavinət alanların sayının azaldılması hesabına yox, idarəetmə xərclərinin azaldılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət sifarişləri zamanı şəffaflığın təmin edilməsi, strateji sahələrin özəlləşdirilməsi, dövlət inhisarçılığına son qoyulması hesabına olamalıdır. Hesab edirəm ölkəmizdə sabitlik barədə vətəndaş razılığının olması, əlverişli geosiyasi vəziyyət tədrici və böyük islahatlara başlamaq üçün əlverişli şərait yaratmışdır.