11 May 2023 19:54
3 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Brüsseldə baş tutacaq görüş olduqca vacibdir. Uzun müddət idi ki, liderlər arasında bu cür görüş keçirilmirdi. Bundan sonra Almaniya və Fransa liderlərinin iştirakı ilə daha bir görüşün Kşinyovda keçirilməsi planlaşdırılır. Eyni zamanda Moskva görüşü ilə bağlı gözləntilər var. Görünən isə odur ki, hazırda geosiyasi vektorlar aktivləşib. Belə olduğu halda onların hər biri görüşün öz platformasında keçirilməsində maraqlıdır. Ona görə də, aktivlik nümayiş etdirirlər.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müəyyən məsələlərlə bağlı müzakirələr getmişdi:

“Əslində isə sülh müqaviləsindən əvvəl münasibətlərin normallaşmasına dair bir yol xəritəsi müəyyənləşməli idi. Burada çərçivə sazişinə oxşar bir sənədin imzalanması gözlənilirdi. ABŞ dövlət katibi Entoni Blinkenin səyləri də məhz bu istiqamətə yönəlmişdi. Lakin Ermənistan tərəfi əlavə istəklərlə belə bir mətn üzərində olan razılaşmanı pozdu”.

Politoloq hesab edir ki, növbəti belə bir dialoqun davamı gözlənilir:

“Burada söhbət Azərbaycan və Ermənistanın bir-birinin sərhədlərini tanıması, konkret cümlə və ifadələrdən istifadə etməsi ilə bağlıdır. Çünki erməni tərəfi hələ də konkret cümlə və ifadələrdən qaçır. Qarşı tərəf burada əlavə istəklərlə çıxış edərək bilərəkdən vaxtın uzadılması ilə məşğul olur”.

Zaur Məmmədov bildirib ki, nəhayət erməni tərəfi Qarabağın Azərbaycanın tərkibində birmənalı olaraq coğrafi bir ərazi olmasını qəbul etməlidir:

“Eyni zamanda bu ölkə separatçılığı pisləməlidir. Çox təəssüflər olsun ki, Ararat Mirzoyan Vaşinqtonda bir neçə gün davam edən görüşlərdə vaxtı uzatdı. Beləliklə, beynəlxalq təşkilatların və aktorların təşəbbüslərinə zərbə vuruldu. Amma erməni tərəfi başa düşməlidir ki, öz sərhədlərindən və ərazi toxunulmazlığından bəhs edirsə, o, tez bir şəkildə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Əks halda onun öz dövlətçiliyi sual altında qalacaq. Ermənistan uduzan və haqsız tərəfdir. Ona görə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri birmənalı şəkildə icra etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı