Brüsseldə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş indiki halda daha vacib idi. Çünki sülhə doğru diplomatik məharətlə yanaşı, səbr və təmkinlə addımların nəticələrini nümayiş etdirmək lazımdır. 30 ildən çox davam etmiş bir düyünü açmaq elə də asan deyil. Eyni zamanda Brüssel görüşünü, Vaşinqton görüşü olmadan, Vaşinqton danışıqlarını üçtərəfli razılaşma olmadan nəzərə almaq heç bir perspektiv vəd etmir.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O hesab edir ki, üçtərəfli razılaşma Azərbaycanın qəti qələbəsinin beynəlxalq müstəvidə tanınmasına zəmin yaratdı:
“4 günlük Vaşinqton görüşündə isə xarici işlər nazirləri sülh mətni üzərində iş apara bildi. Burada qaranlıq qalan bir çox məqamları tərəflər bir-birinə izah etdi, aydınlaşdırdı. Beləliklə tərəflər Amerikan diplomatlarının köməyi ilə bu müşgülün həlli yollarını özləri üçün aydınlaşdırmış oldu”.
Politoloq hesab edir ki, hazırkı mərhələdə Brüssel görüşündə udan və uduzan tərəf yoxdur:
“Çünki iki ölkə sülh və barış istiqamətində addım atmaq niyyətini ortaya qoyur. Bu hər hansı tərəfin məğlubiyyəti və qələbəsi demək deyil. Fakt odur ki, tərəflərə ölüm-itim, hərbi qarşıdurma lazım deyil. Ş.Mişelin də açıqladığı o idi ki, iki ölkə arasında sərhədlərin delimitasiyası ciddi şəkildə müzakirə olunacaq. Bununla bağlı artıq komissiya formalaşıb. Rusiya isə indiyə kimi bu komissiyanın işinə mane olurdu. Bundan sonra tərəflər bu məsələdə konkret razılıq əldə edə biləcək. İkinci bir məsələ Ermənistanın Zəngəzur dəhlizinin açılmasına vermiş olduğu razılıqla bağlıdır. Bununla bağlı artıq konkret mövqe ifadə edilib”.
Zərdüşt Əlizadə qarşılıqlı olaraq saxlanılan şəxslərin təhvil verilməsinin də Brüssel razılaşmasının gündəliyində olduğunu söyləyib:
“Bu da olduqca vacib addımdır. Burada sülh sazişi məsələsində tərəflərin razılıq əldə etməsi isə ən mühüm amildir. Çünki tərəflər ərazi bütövlüyü çərçivəsində sülh sazişi imzalamağa başlayacaqları ilə bağlı razılıq əldə edib. Qarşıdakı görüşlərdə bu məsələlər ətrafında konkret fikir mübadiləsi aparıb yekun qərar vermək üçün zəruri zamanı gözləmək lazımdır”.