17 May 2023 13:03
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə müxalifəti nə parlament, nə də prezident seçkilərində gözləntiləri doğrultdu. Halbuki seçkilərdən əvvəl keçirilən sorğular Millət İttifaqı və onun prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə bağlı böyük ehtimal yaratmışdı. Sizcə, niyə olmadı?

- Əslində, bu, gözlənti deyildi, şişirdilərək ortaya atılmış bir proje idi. Bununla ictimai rəyə təsir etməyə çalışdılar. Çünki cəmiyyət çarəsiz olanda ya seçkiyə getmir, ya da süni şəkildə yaradılmış “güc”ün yanında olmağa üstünlük verir. Burda da götürülən xətt təxminən bundan ibarət idi. Səslər sayılmağa başlayanda bu sorğularda iştirak edən araşdırma mərkəzlərindən bəziləri də etiraf etdilər ki, ehtimalları özünü doğrultmaya bilər, qutularda bunun tam əksini də görmək mümkündür. Bu, öz vicdanları qarşısında edilmiş bir etiraf idi. Özləri də əmin idilər ki, cəmiyyəti inandırmaq və ya formalaşdırmaq istədiləri rəy üçün apardıqları sorğular, daha doğrusu, əvvəldən hazırlanmış rəqəmlər “sabun köpükləri”dir. Buna görə də, sonda öz vicdanları qarşısında hesabatları dilə gətirərkən həqiqətləri söylədilər. Yəni bu, türk xalqının gözləntisi deyildi.

Türk xalqı həmişə yol ayırıcında olarkən, doğru qərar verməyi bacarıb. Bu, indi də, Osmanlı dönəmində də belə olub. Türk xalqını tanımayanlar onun tarixini bir də oxusunlar. Türk xalqı müstəqil Türkiyə ilə hansısa imperialist qüvvələrin önlərində görmək istədikləri “əlibağlı” Türkiyə arasında seçim etdiyinin fərqindəydi. Fikir verin ki, Cümhur İttifaqı Anadolu insanının səsi ilə önə keçdi, parlament seçkilərində qalib gəldi, prezident seçkisində birinciliklə ikinci tura keçdi. Bir dövlət boyda olan İstanbul kimi meqapolislər artıq türk olmaqdan çıxıb. Məhz Anadolu türklərinin səsləri Cümhur İttifaqının namizədinə birinci turda qalib olmağa imkan verdi. Məncə, Türkiyə hökuməti bu xüsusda öz siyasətini qurmalıdır.

Anadolu insanı heç vaxt etibarsız olmayıb, dövləti yarı yolda qoymayıb və dövlətə bir baba anlayışı ilə yanaşıb. Cümhur İttifaqı da məhz onların səsləri ilə qalib oldu. Yəni əslində, gözlənti bu yöndəydi. Sadəcə başqa bir rəy yaratmaq istəyirdilər, bu da alınardı. Səslər sayılmağa başlayan ilk andan bu rəylər “sabun köpükləri” kimi yoxa çıxmağa başladı.

- Artıq diqqət ikinci tura yönəlib. Seçkinin bu həlledici mərhələsindən gözləntiniz necədir, sizcə, bu prosesin favoriti kimdir?

- Əlbəttə, o, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğandır. 50 faizə daha yaxın olduğuna görə yox, sadəcə bəzi gerçəklər üzə çıxdı və geridönməz proses yarandı. Türk xalqı bu gerçəkləri nəzərə alaraq, ikinci turda səs verəcək. Söhbət Türkiyənin gələcəyindən gedirsə, burda bəzi fundamental məsələlər həll olunub. Bu da parlament seçkiləri ilə bağlıdır. Parlamentdəki yerlərin mütləq əksəriyyətini AKP və onun təmsil olunduğu Cümhur İttifaqı qazandı. 322 yer qazanan Cümhur İttifaqı parlamentdə istədiyi qərarı qəbul edə biləcək. Bu, prosesin idarə edilməsi üçün önəmlidir. Bu o deməkdir ki, birinci turda Cümhur İttifaqına səs verənlər ikinci turda Kılıçdaroğluna səs versələr, bu, Türkiyədə xaosa səbəb ola bilər. Bu da imperialist oyunçuların maraqlarına oynamaq deməkdir. Siyasiləşmiş türk xalqı belə məqamların fərqindədir.

Düşünürəm ki, birinci turda Rəcəb Tayyib Ərdoğana səs verən xalq ikinci turda da onu qalib edərək, bu məsələyə nöqtə qoyacaq. Əlbəttə, buna yeni səslər də əlavə olunacaq. Bunun üçün potensial var.

Nəhayət, bir Sinan Oğan amili var. Əslində, bu, Sinan Oğan amili deyil, söhbət ona səs verən elektoratdan gedir. Bu elektoratın böyük əksəriyyəti millətçi kəsimdir. Bu kəsim vaxtilə AKP və MHP-dən gedənlərin hesabına formalaşıb. Onlar həm də PKK terror təşkilatı ilə işbirliyində olanları qəbul etməyən kəsimdir. Yəni bu elektoratın Kılıçdaroğluna səs verməyəcəyi artıq bəllidir. Bu elektoratın türkü öldürən, amansız imperialist qüvvələrin əllərində alət olan bir şəbəkəyə səs verməsi mümkün deyil. Kulisdə hansı bazarlığın gedib-getməməsindən asılı olmayaraq, bu, geri dönüşü olmayan bir prosesdir. Bu kəsimin bir seçimi olacaqsa, o da Rəcəb Tayyib Ərdoğan olacaq. Çünki bu insanlar siyasi cəhətdən aktivdirlər, seçkidən kənarda qalmazlar. Ona görə də, potensial olaraq bu qələbəni bəri başdan görürəm.

- Bəs səslərə təsir edə biləcək bir Məhərrəm İncə faktoru qalıbmı? Çünki artıq onun rəhbərlik etdiyi Məmləkət Partiyasından da, ikinci turla bağlı müəyyən mesajlar gəlməyə başlayıb.

- Demək olar ki, Məhərrəm İncə faktoru aradan qalxıb. Çünki İncə onun arxasınca getmək istəyən elektoratı yarı yolda qoydu. Heç bir FETÖ-nün təhdid və şantajı prezidentlik iddiasında olan bir şəxsi öz yolundan çəkindirməməlidir. Bu, çox ciddi bir siqnal oldu. İncə ona səs verə biləcək 7-8 faizlik elektorat üçün böyük məyusluq yaratdı. Sənə inanan insanları yarı yolda qoymaq natamamlıq kompleksindən irəli gələn məsələdir. Kimlərinsə (Millət İttifaqının) öz məğlubiyyətlərini bəri başda onun üzərinə atmaq cəhdləri də İncəni dayandırmamalıydı. Kimlərinsə saxta videoları və səsyazıları bu insanları yarı yolda qoymaq üçün əsas olmamalıydı. Çünki onlar inanmış insanlar idilər. Buna görə də, Məhərrəm İncənin özünün siyasi karyerasına ciddi zərbə vurduğunu düşünürəm. Bu səbəbdən də İncənin səsləri ikinci tur üçün həlledici ola bilməz. Ümumiyyətlə, artıq belə bir faktor yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu