Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin yenidən Brüssel formatında görüşü mühüm əhəmiyyətə malikdir. Əslində tərəflərin bu formata qayıdışı bir daha onu göstərdi ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. İlk dəfə Vaşinqton danışıqlarından sonra Brüssel görüşlərinin nəticəsi ilə bağlı müsbət fikirlər səslənməyə başlandı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı 1991-ci ilin Almatı sənədlərinə uyğun mövqe ortaya qoyduğunu bəyan etdi. Azərbaycan da təbii ki, bütün dövlətlərin, o cümlədən qonşuluqda olan ölkələrin ərazi bütövlüyünü tanıyır.
Bunu Teleqraf.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Onun fikrincə, Brüssel danışıqlarının nəticəsi olaraq açıqlanan bəyanatdan məlum olur ki, tərəflər bir çox məsələlərdə razılıq əldə ediblər: “Burada Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı olan məsələlər var ki, o da Azərbaycanın daxili işidir. Azərbaycan dövləti bununla bağlı öz mövqeyini dəfələrlə bəyan edib. Ona görə də, Ermənistan tərəfi hansısa bir məsələləri müzakirə etməkdə və şərtlər irəli sürməkdə haqlı deyil”.
Komitə sədrinə görə, müşahidə edilən mənzərə odur ki, müzakirə olunan məsələlərlə bağlı Ermənistan hakimiyyətinin müsbət yanaşmaları fonunda Nikol Paşinyana qarşı separatçı və revanşistlər tərəfindən ciddi ittihamlar var: “Hətta bu qüvvələr Paşinyanı sonuncu Brüssel görüşündə ermənilərin maraqlarını satmaqda ittiham edirlər. Buna baxmayaraq Ermənistan rəsmiləri müsbət fikirlərlə çıxış edir.
Sözsüz ki, bu cür mövqeləri sülhə doğru gedən proseslərdə irəliyə atılmış addım kimi qiymətləndirmək olar. Sadəcə unutmaq olmaz ki, Nikol Paşinyan və onun komandası bu cür görüşlərdə müsbət fikirlər ifadə etdikdən sonra öz mövqeyinə dəyişir. Bununla da vaxtı qeyri-müəyyən müddətə uzatmağa çalışır”.
Çingiz Qənizadə hesab edir ki, indiki halda Ermənistan hakimiyyəti qardaş Türkiyədəki prezident seçkilərinin nəticələrinə köklənmişdi: “Çox guman ki, bu dəfə də 28 mayda Türkiyədə keçiriləcək seçkilərin ikinci turunun nəticələrini gözləməli olacaqlar. Görünən isə odur ki, onlar üçün sanki çox hörmətli Rəcəb Tayyib Ərdoğanın prezident seçilib-seçilməməsi ölüm-dirim məsələsinə çevrilib.
Bu baxımdan Ermənistan siyasi dairələrinə, siyasətçilərinə inanmaq olmaz. Amma bütün hallarda Brüsseldə irəliyə doğru mühüm addım atılıb. Əgər erməni tərəfi növbəti dəfə öz fikirlərinin arxasından qaçmayacaqsa, proseslər sülhə doğru daha sürətlə yaxınlaşmış olar.
Ümumilikdə bu ilin sonuna kimi sülhün əldə olunacağı inandırıcı görünmür. Brüssel görüşlərindən sonra Kişinyov görüşləri gözlənilir. Eyni zamanda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskvada görüşləri planlaşdırılır. Bu görüş və danışıqlar sülh prosesinin ümumi ahənginə müsbət təsir edən amillərdəndir”.
Hüquq müdafiəçisi Qarabağda son günlər separatçıların fəallığı fonunda baş verənlərə də münasibət bildirib: “Separatçılar indiki halda açıq şəkildə hiss edirlər ki, onlar üçün çərçivə getdikcə daralır. Azərbaycan Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsini formalaşdırması, bunun ardınca Vaşinqton və Brüssel görüşləri zamanı separatçıların gözlənitlərinin puç olması onları təşvişə salıb. Ona görə də, indiki halda özlərini daha çox göstərməyə cəhd edirlər.
Bütün hallarda bu cür cəhdlər mənasızdır. Qarabağda yaşayan etnik ermənilərin müdafiəsi adı altında orada olan silahlı dəstələr Azərbaycan ərazisini tərk etməlidir. Bunun ardınca orada olan ermənilər dinc şəraitdə yaşayacaqlarının təminatı olaraq Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Əslində bu məsələdə Rusiyanın ərazimizdə olan sülhməramlıları də zəruri addımlar ataraq, oradakı qanunsuz silahlıların bölgəni tərk etməsinə şərait yaratmalıdır”.