Ötən gün rus sülhməramlılarının Xankəndiyə silah-sursat daşıyan erməni hərbi kalonunu müşayiət etməsi ilə bağlı görüntülər yayılmışdı. Bu, hələ rəsmən dəqiqləşməyib. Görüntülərin bir müddət öncə qeydə alınması ilə bağlı da fikirlər, ehtimallar var. Amma bu gün səhər Kəlbəcər istiqamətində erməni tərəfinin PUA-larla təxribatları tamam başqa mətləblərdən xəbər verir.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, sabah Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş olacaq:
“Bu təxribat da məhz danışıqların belə bir gərginlik fonunda olmasına hesablanıb. Burada Ermənistanın Baş naziri Nikol Paşinyanın əlinin olub-olmaması faktı inkar edilmir. Eyni zamanda Paşinyana tabe olmayan müəyyən generalların da burada rolunu istisna etmək olmaz”.
Polkovnik hesab edir ki, indiki halda Paşinyan Ermənistan ordusuna tam nəzarət etmək imkanına malik deyil:
“Hətta bu cür təxribatlarda sülhməramlıların rolunu daha çox qabartmaq üçün cəhdlər var. Fakt isə odur ki, rus sülhməramlıları üçtərəfli razılaşmanın 4-cü bəndi ilə bağlı tərəflərə heç bir kömək etmək niyyətində deyil”.
Üzeyir Cəfərov Xocalıda qanunsuz erməni hərbi birləşmələrinin təlim keçməsi ilə bağlı faktlara da münasibət bildirib:
“Xocalıda bu günlərdə qeydə alınan hərbi təlimlərlə bağlı həqiqətlər tamam başqadır. Çünki burada həm erməni hərbi mütəxəsisləri, həm də Rusiyanın Ermənistandakı “102-ci” hərbi bazasından dəvət edilmiş hərbçilər var. Ona görə də, belə təxribat xarakterli hərbi təlimlərə sıradan bir hal kimi baxmaq olmaz. Bu sırf separatçıları hazırlamaq üçün edilən cəhddir”.