23 May 2023 16:20
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğanın seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi gözlənilən idi. Sinan bəyi şəxsən tanıyan şəxs kimi deyə bilərəm ki, o, Türkiyə və türk dünyasının güclənməsi, birliyi naminə bütün maraqlarından imtina edə biləcək bir siyasi liderdir. Hesab edirəm ki, ilk turda 5 faiz civarında səs toplamış Sinan Oğan çox doğru qərar verdi və onun qərarı mayın 28-də keçiriləcək president seçkilərində böyük əhəmiyyət kəsb edəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Sinan Oğan heç zaman terrorçulara, separatçılara qucaq açan, ermənilərlə dostluq tərəfdarı olan siyasi qüvvələrlə bir yerdə ola bilməzdi: “Əminliklə deyə bilərəm ki, Sinan Oğan fərqli bir qərar versəydi, əks qütbdə dayanan siyasi qüvvəni dəstəkləsəydi, tərəfdaları ondan üz döndərərdi. Hətta onun siyasi karyerası bitə bilərdi. Sinan Oğan millətçi və dövlətçi adamdır. O, təkcə Ərdoğanı dəstəkləmədi, həm də Türkiyənin gələcəyinə, güclənməsinə qərar verdi. Sinan bəy, prezidentliyə namizədlər arasında ən gənci idi. Bu mənada düşünürəm ki, dünən açıqladığı qərar onun gələcək siyasi karyerasında mühüm rol oynayacaq”.
Politoloq qeyd etdi ki, Türkiyədə keçirilən parlament və president seçkiləri bütün dünyada diqqətlə izlənilir: “Hətta Türkiyəyə dost olmayan ölkələr belə oradakı proseslərə böyük maraq göstərirlər. Son on ildə qardaş ölkənin sürətlə inkişaf etməsi, qlobal siyasi və iqtisadi gücə çevrilməsi anti-türk siyasəti aparan ölkələri narahat edir. NATO üzvü olan Türkiyə ABŞ-la yanaşı Rusiya və Çinlə yaxın əməkdaşlıq edir. Qərbin təzyiqləri qarşısında Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətləri kəsməməsi, Ukrayna taxılının dünya bazarına çıxışını təmin etmək üçün uğurlu nəticə verən təşəbbüsləri Türkiyənin dünyadakı əhəmiyyətini daha da artırıb. Cənab Ərdoğan dünyanın aparıcı ölkələrinin liderlərinin bacarmadığı bir işin öhdəsindən gəldi. O, təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün dəyərli və fəxr ediləsi bir siyasi liderdir. Təbii ki, türk dünyasının və Türkiyənin güclənməsini istəyən hər kəs bu gün Ərdoğanı dəstəkləyir”.

R.Alıyev hesab edir ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün dünyaya bir örnəkdir: “Biz strateji müttəfiqik. İki ölkənin siyasi liderləri bir-birinə “qardaş” deyə müraciət edirlər. Təbii ki, bu qardaşlığın arxasında konkret nəticələri olan əməkdaşlıqlar var. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dost münasibətdə olan ölkələr, xalqlar yoxdur. Türkiyənin, türk dünyasının güclənməsindən, Ankara-Bakı əməkdaşlığından narahat olan qüvvələr Ərdoğanın seçilməsini istəmirlər. Həm Türkiyənin, həm də Azərbaycanın düşmənləri Ərdoğanın seçkilərdə uduzmasını var gücləri ilə arzu edirlər. Xüsusilə də, Ermənistanda Ərdoğanın uduzmasını arzulayanlar daha çoxdur. Onlar düşünürlər ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbə əldə etməsində Ərdoğanın böyük rolu oldu və nə qədər ki, o, hakimiyyətdədir Ermənistan küncə sıxışdırılacaq, təzyiq altında qalacaq. Ona görə də, ermənilər Ərdoğanı sevmir, hətta ona nifrət edirlər. Sinan Oğan da Azərbaycana çox bağlı olan bir şəxsdir. Bu mənada onun Ərdoğanı dəstəkləməsi təbii idi. Sinan Oğanın dünən açıqladığı qərarının arxasında həm də Türkiyə-Azərbaycan birliyinin gücləndirilməsi niyyəti durur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər