1 İyun 2023 17:34
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin növbəti təzahürüdür. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Xalqlarımız həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıb. Azərbaycanla İsrailin sivilizasiyalararası dialoq müstəvisində atacaqları addımlar türk-islam dünyası, Qərb-Şərq əməkdaşlıq körpüsünün möhləmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda iki ölkə arasında imzalanan ciddi strateji sənədlər əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan və İsrail arasında siyasi münasibətlər yüksək səviyyədədir:

“İsrail 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmanın müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi hər zaman müşahidə edilib”.

Millət vəkili bildirib ki, Azərbaycanla İsrail arasında hərbi əməkdaslıq yüksək səviyyədədir:

“Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri var. Bu amil bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaradır. Amma buna baxmayaraq bu əməkdaşlıq iki dövlətin müstəqil iradəsinin təzahürüdür. Sözsüz ki, Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verir. Yəhudi xalqı ilə Azərbaycan xalqının hələ minillərə dayanan dostluğu və qardaşlığı, eləcə də, Azərbaycan və İsrail dövlətinin dostluğu daha da inkişaf edəcək və möhkəmlənəcək”.

Deputat hesab edir ki, artıq iki ölkə arasında əməkdaşlığın yeni perpektivləri istiqamətində fəal iş aparılması qarşıya qoyulan hədəflərdən biridir:

“İrriqasiya və kənd təsərrüfatı, eləcə də, kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəal əməkdaşlığa başlanması istiqamətində işə başlanılıb. Bu barədə ölkə Başçıları tərəfindən müvafiq tapşırıqlar verilib. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələrin reallaşdırılması nəticəsində Azərbaycan İsrailin müsbət təcrübəsini əldə edərək, ixrac bazarını şaxələndirmək niyyəti var. Həmçinin, kibertəhlükəsizlik sahəsi bu gün dünyada mühüm reallıq kimi dövlətlərin qarşısında duran bir sahədir. Fakt odor ki, bu gün kibertəhlükəsizlik hər bir dövlətin milli təhlükəsizliyinin vacib hissəsidir. Bu istiqamətdə də İsraillə əməkdaşlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan və İsrail əlaqələrinin genişlənəcəyini və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafnı təmin edəcək”.

Tamam Cəfərova vurğulayıb ki, Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir: “Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilir. Sözsüz ki, bu çağırışlar dünyada baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm amil ola bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər