9 İyun 2023 09:27
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zərdüşt bəy, Kaxovka su elektrik stansiyasının partladılması Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək?

- Müxtəlif fərziyyələr var, Rusiya və Ukrayna təhlilçilərinin hərəsi bir söz deyir. Məsələn, mənim hörmət etdiyim, ciddi saydığım bir ukraynalı təhlilçi var – Xlebin. O deyir ki, bu, danılmaz əlamətdir, Rusiya Ukraynadan çıxmaq istəyir, amma öz adətinə uyğun olaraq, tərk etdiyi əraziləri xarabalığa çevirir.

Kaxovka su anbarının yuxarı hissəsinin partladılması nəticəsində Ukraynanın cənubunda nəhəng əraziləri su basıb, baş verənlər orada çoxsaylı fəsadlar törədib. Əvvəla, minalanmış ərazilərdəki minalar yerlərini dəyişib. Bundan başqa, məzarlar yuyulub aparılıb, xəstə heyvanların basdırıldığı xəndəklərdə cəmdəklər üzə çıxıb və sair. Yəni infeksion xəstəliklərin yayılması təhlükəsi yaranıb.

Kaxovka təkcə su anbarı deyil, nəhəng su hövzəsidir. Dərinliyi 6-12 metrdir, uzunluğu 300 kilometrdir. Təsəvvür edin ki, Bakıdan Gəncəyə qədər məsafəni tutan nəhəng su anbarıdır. Eni bəzi yerlərdə 12, bəzi yerlərdə də 50 kilometrə çatır. İndi bu nəhəng su anbarı boşaldıqdan sonra dibə çökmüş lil quruyacaq, ərazilərdə quraqlıq yaranacaq, bu nəhəng ərazilərdə kənd təsərrüfatı aparmaq mümkün olmayacaq.

Kaxovka su anbarının tikilməsindən 100 il keçir. Görün, bu illər ərzində nə qədər zərərli maddə bu su anbarının dibinə çöküb. Yəni fəsadlar çoxdur.

Rusiya bununla həm də onu istəyirdi ki, Ukrayna ordusunun cənub istiqamətində əks-hücumunun qarşısını alsın. Bəli, artıq məlumdur ki, Ukrayna ordusu bu istiqamətdə hərəkət imkanını itirib. İndi anbarın partladılması nəticəsində bu yöndə əngəllər yaranıb. Əlbəttə, su çəkiləcək, rus ordusu da oradan çıxacaq.

İqtisadi fəsadları da böyükdür. İndi Ukraynanın cənubunda normal iqtisadi həyat qurmaq mümkün deyil.

- Ukrayna ordusunun gözlənilən əks-hücumu effektli olacaqmı?

- Əlbəttə, olacaq. Ukrayna ordusu bu əks-hücumu ona görə ləngidir ki, Qərbdən daha çox müasir silah alsın və itkilərini mümkün qədər azaltsın. Nəzərə alın ki, Ukrayna əhalisinin sayı Rusiya əhalisindən 4-5 dəfə azdır. Rusiya canlı qüvvə itkisinin yerini doldura bilirsə, bunu Ukrayna üçün demək olmur. Əvəzedilməz itkidir. Mən hərbi mütəxəssis deyiləm, amma inandığım təhlilçilərin, mütəxəssislərin hamısı deyir ki, Ukrayna ordusunun əks-hücumu kifayət qədər səmərəli olacaq və rus qüvvələrini ağır vəziyyətə salacaq.

- Bəs Rusiya bu durumla - üzləşəcəyi reallıqla barışacaqmı?

- Rusiyanı idarə edənlər xəstə təfəkkürlü insanlardır. Onlarda insanpərvərlik, məntiqi düşünmə qabiliyyəti yoxdur, öz xalqlarına, digərlərinə qarşı da amansızdırlar. Amma nə edəcəklərini kimsə deyə bilməz. Bəziləri nüvə silahından istifadə edəcəklərini, bəziləri Rusiyada inqilab və vətəndaş müharibəsinin olacağını, bəziləri də heç veclərinə olmayacağını deyirlər.

İllərlə müharibə aparmağa hazırdırlar, öz xalqlarına qarşı da zərrə qədər mərhəmətləri yoxdur. Müxtəlif fərziyyələr var. Bütün bunların arxasında bir danılmaz həqiqət var ki, Rusiya hakimiyyəti rus xalqına qarşı çox amansızdır. Çünki rus xalqının gələcəyinə laqeyddirlər, onu sevmirlər.

- Rusiyanın əldə edəcəyi ağrılı nəticələr, aldığı, alacağı zərbələr Kremldəki mövcud rejimə necə təsir göstərəcək?

- Təbii ki, mənfi. Rusiya iqtisadiyyatı, ölkənin bütün həyati sahələri tənəzzülə uğrayır. Rusiya onillərlə min bir əziyyətlə qazandığı bazarları, tərəfdaşlarını itirir, əhalisi azalır, yüzminlərlə gənc kişi və qadın ölkəni tərk edir. Rusiyanın elmi-texniki tərəqqisinin qarşısında ciddi maneələr yaranır, maliyyə ehtiyatları tükənir. Bu, Rusiya üçün çox böyük mənfi hadisədir.

Yenə deyirəm: antidemokratik ölkədir, rus xalqının taleyi onun başında duranları düşündürmür. Rusiyanın gələcəyini çox faciəli görürəm.

- Müharibənin Rusiya ərazisinə keçməsi də müzakirə mövzusudur. Artıq könüllülərdən ibarət iki bölmənin (“Azad Rusiya” Legionu və “Rusiya Könüllüləri” Korpusu) Belqorod vilayətinə sızdıqları deyilir. Siz bu ehtimalı mümkün hesab edirsinizmi?

- Bəli, artıq hərbi əməliyyatlar kəşfiyyat-diversiya qruplarının fəaliyyəti nəticəsində Rusiya ərazisinə keçib. Belqorod vilayətinin bəzi kəndlərində hərbi toqquşmalar baş verir. Təxribatlar törədilir. Bu, tamamilə qanunu əməliyyatdır. Əgər hansısa bir dövlət digər dövlətə hücum edirsə, hücuma məruz qalan təcavüzkarın ərazisində hərbi əməliyyat keçirməyə qanuni haqqı var.

Ukrayna da bundan istifadə edir. Yəni artıq Rusiya ərazisində də əmin-amanlıq yoxdur. Əvvəl belə hesab edirdilər ki, Ukraynada istədikləri hoqqalardan çıxa bilərlər, amma Ukraynanın hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə cəsarəti çatmaz. Ukrayna isə bunun əksini sübut etdi.

- Müharibənin mümkün nəticələri Cənubi Qafqaza necə təsir edə bilər?

- Rusiya məğlub olsa, onun Cənubi Qafqazdakı ziyanlı, region xalqlarının mənafeyinə zidd təsirləri, imkanları dağılacaq. O cümlədən, Rusiyanın təsir dairəsində olan Ermənistan yaxasını ondan qopara, Azərbaycan da Rusiya amilini nəzərə almaya biləcək. Bu durumda Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini geri qaytarmaq imkanları yüksələcək. Yəni Rusiyanın müharibədə məğlubiyyəti həm Azərbaycan, həm gürcü, həm də erməni xalqlarının maraqlarına uyğundur.

- Birdən Rusiya məğlub olmadı, onda necə olacaq?

- Bunun Azərbaycan üçün bir o qədər əhəmiyyəti yoxdur. Ermənistanın asılılığı davam edəcək. İndi Ermənistan rus əsarətindən qurtulmaq istəyir, Rusiya məğlub olmasa, bu qalacaq. Eyni zamanda, Rusiya məğlub olmasa, bu o deməkdir ki, Ukrayna ilə münaqişə davam edəcək.

Rusiyanın maddi, iqtisadi və digər imkanları yenə məhdud olaraq qalacaq. Ukrayna öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Mən ukraynalıları tanıyıram – çox iradəli, cəsur və döyüşkən xalqdır. Yəni belə bir şey olsa, indiki vəziyyət davam edəcək. İndiki vəziyyət də Rusiyanın xeyrinə deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər