10 İyun 2023 15:05
2 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycanla Ermənistan arasında olan prosesdə niyyəti daha çox ölkəmizi hədəf götürməkdən ibarətdir. Bununla onlar ölkəmizi öz mövqeyindən müəyyən dərəcədə geri çəkilməsinə nail olmaq niyyəti güdürlər. Amma Azərbaycanın belə bir düşüncəsi yoxdur.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən intensiv olaraq təxribatların baş verməsi bütövlükdə bölgədə sülhü təhdid edir:

“Sözsüz ki, burada Fransanın edə biləcəyi heç nə yoxdur. Çünki Fransadan kömək olsaydı, Ermənistan bu prosesdə məğlub duruma düşməzdi. Ona görə də, erməni tərəfinin bundan sonrakı mərhələdə revanş götürmək imkanları xeyli məhduddur”.

Deputat hesab edir ki, erməni tərəfi bu təxribatlarla Azərbaycanı prosesdə daha ayıq-sayıq olmağa sövq edir:

“Əslində bu bizim xeyrimizədir. Çünki hələ də ərazimizdə olan qanunsuz silahlıları zərərsizləşdirmək üçün kəskin addımlar atılacaq. Sadəcə olaraq erməni tərəfi Azərbaycanın yumşaq güc siyasətini dəyərləndirə bilmir. Azərbaycan daha sərt bir üslüb istifadə etsə, onlar bunun qarşısında dura bilməyəcək”.

Fazil Mustafaya görə, erməni tərəfinin təxribatları əslində Azərbaycan Ordusuna imkan yaradır ki, məhz o mənbələri dağıtmaq üçün əlində bir əsas olsun:

“Azərbaycan əsgəri bunu edəcək. Ona görə də, Ermənistan bu narahatçılığı yaşamalıdır. Sülh nə qədər gec olacaqsa, Ermənistanın itkiləri, problemləri daha çox artacaq”.


Müəllif: Tapdıq Qurbanlı