13 İyun 2023 09:21
3 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Vaşinqtonda Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında nəzərdə tutulan görüşün təxirə salınması ilə bağlı konkret fakt açıqlanmasa da, erməni tərəfinin bəzi yanaşmaları var. Sizcə, görüşün təxirə düşməsində siyasi səbəblər axtarmaq nə dərəcədə məntiqlidir?

- Bu görüşün daha çox texniki məsələlərə görə təxirə düşməsini ehtimal etmək olar. Burada siyasi bir səbəbin olması inandırıcı görünmür. Çünki Azərbaycan üçün Vaşinqtonun vasitəçiliyi faydalıdır. Ermənistan da bu vasitəçilikdən imtina etmir. Rusiyanın bölgəyə təsir imkanları azalsa bu bir o qədər yaxşıdır. Ona görə də, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə düşməsini daha çox texniki səbəblərlə əlaqələndirmək olar.

- Bu səviyyədə növbəti görüşün olması gözlənilirmi?

- Gec ya tez bu görüş olacaq. Ola bilsin ki, bu görüş başqa bir tarixə keçirilib reallaşdırılacaq. Ona görə də, burada başqa bir siyasi səbəblərin olması ehtimalı azdır. Çünki siyasi səbəb olduqda ümumiyyətlə görüşdən imtina edilir. Amma bu görüş sadəcə olaraq təxirə salınıb.

- Ermənistanda keçirilən rəy sorğularında iştirak edənlərin 82 faizi Qarabağa dair Nikol Paşinyanın siyasətini pisləyən mövqe sərgiləyib. Rəy sorğularının nəticələri erməni cəmiyyətinin növbəti müharibə arzusu kimi dəyərləndirilir. Bu nə dərəcədə ciddi məntiqdir?

- Ermənistandan gələn xəbərlərə ümumiyyətlə şübhə ilə yanaşmaq lazımdır. Eyni zamanda bu ölkədə “Gallup” təşkilatının keçirdiyi rəy sorğuları ilə bağlı nəticələrə də ciddi yanaşmaq olmaz. Bu mərkəzin kimə bağlı olduğu aydınlaşmalı və təşkilatın Ermənistanda sorğunu necə keçirdiyi bilinməlidir. Eyni zamanda bu sorğunun həqiqəti əkst etdirib-etdirməməsi məsələsi ilə bağlı da şübhələr var. Son seçkilərdə Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Paşinyana II Qarabağ müharibəsindəki məğlubiyyətinə baxmayaraq səs verdi ki o bu məsələləri bitirsin. Əgər hər şey bu rəy sorğularındakı kimi olsa idi Paşinyana qarşı böyük bir etirazlar baş verərdi. Amma fakt odur ki, bu gün Paşinyana qarşı elə bir ciddi etirazlar yoxdur.

- Növbəti Brüssel görüşləri ilə bağlı gözləntilər fərqlidir. Bu görüşdə sülh mətni ilə bağlı ciddi razılaşmanın olma ehtimalı varmı?

- Fakt odur ki, danışıqlar uzanır. Ermənistan heç bir addım atmaq istəmir. Üç müstəvidə gedən danışıqlarda ciddi bir irəliləyiş yoxdur. Sülh sazişinin mətni hazırlanmayıb. Sərhədlərin müəyyənləşməsi istiqamətində heç bir iş getmir. Nəqliyyat məsələsində sanki irəliləyiş müşahidə edilir. Bununla bağlı Rusiya tərəfindən açıqlamalar var. Amma burada da çoxlu ziddiyətli suallar cavabsız qalıb.

- Sizcə, bu vəziyyət nə vaxta qədər belə davam etdirilə bilər?

- İlin sonuna kimi proseslərin bu səviyyədə davam edəcəyi gözlənilir. Əslində bu bizi elə də narahat etməməlidir. Burada Azərbaycan üçün əsas məsələ Qarabağın daxilindədir. Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçməlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişə imza atacaqsa, bu, işləri bir qədər rahatladar. Amma bu olmadan da Azərbaycan Qarabağda öz fəaliyyətini gücləndirə bilər. İki illik bir zaman qalıb. İki ildən sonra rus sülhməramlıları bölgədən yola salınmalıdır. Amma bu müddəti gözləmədən belə müəyyən əməliyyatlarla separatçıların manevr imkanlarını getdikcə daraltmalıyıq.

- Təxribatların çoxaldığı ərəfədə Azərbaycanın növbəti antiterror əməliyyatlarına başlama ehtimalını necə dəyərləndirirsiniz?

- Müharibədən sonra Azərbaycan tərəfindən bir neçə dəfə lokal antiterror əməliyyatları həyata keçirilib. Artıq bunun davam etdirilməsi zərurəti artıb. Sərsəng su anbarı ətrafında ekoloji vəziyyət xeyli ağırdır. Azərbyacnın növbəti hədəflərindən bir də ola bilsin ki, Sərsəng su anbarının azad olunması olacaq. Bununla da Azərbaycan ekoloji fəlakətin qarşısını almaqla yanaşı, Sərsəng su anbarına nəzarəti öz əlinə alacaq. Bu gün separatçıların olduğu əraziyə gedən qaz-işıq, su xətləri Azərbaycanın nəzarəti altındadır. Bu amil təsir imkanlarını artırır. Sözsüz ki, Sərsəng su anbarı ilə bağlı da Azərbaycanın hədəfləri var. Burada həyata keçiriləcək lokal hərbi əməliyyatlarla mümkün qədər separatçıların fəaliyyət imkanları daraldılmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər