Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyub. Bu sənədin imzalanmasının ikinci ilinin tamam olması ərəfəsində Türkiyə Prezidentinin növbəti prezident seçkilərindən sonra Azərbaycana səfəri və iki qardaş ölkənin Şuşa Bəyannaməsinin icrası və gələcək perspektivlərlə bağlı səsləndirdikləri fikirləri və verdikləri mesajlar bir daha müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətindən xəbər verir.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, 15 iyun-Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi: “30 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da iki il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətni xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələyə yüksəldib. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıyır. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirib və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi”.
Professor bildirib ki, Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentində ratifikasiyasa edilib:
“Ötən bir ildə mühüm addımlar atılıb, tədbirlər həyata keçirilib. Hazırda Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında-Şuşada, Ağdamda, Hadrutda, Füzulidə və s. Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanır. Türkiyə şirkətləri işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasında yaxından iştirak edir. Şuşa Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi. Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”. Sözsüz ki, Azərbaycan-Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Və bunun tarixi çox qədimdir. Bizim ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız var. Tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin edib. Lakin bununla yanaşı, regionda və dünyada gedən prosesləri, geosiyasi vəziyyəti düzgün təhlil edərək, gələcək strateji hədəfləri müəyyən etmək və qarşılıqlı etimad və etibar əsasında qərarlar qəbul etmək vacibdir. Bu baxımdan Azərbaycan Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk Dünyası, region və dünya üçün tarixi hadisədir. Hər iki ölkə bu Bəyannaməyə imza atmaqla dostluğun və qardaşlığın necə yüksəklərə ucaldığını bütün dünyaya nümayiş etdirdi. Məhz bu kontekstdə Şuşa bəyannaməsi bölgəmizdə yaranan yeni reallıqların və geostrateji münasibətlərin təzahürüdür”.
Millət vəkili hesab edir ki, həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır: “Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Azərbaycanla Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-adım növbəti uğurlara nail olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa isə vurğulayıb ki, “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Hicran Hüseynova vurğulayıb ki, Şuşa Bəyannaməsinin digər mühüm əhəmiyyəti xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir: “Proseslərin çox dinamik və sürətlə dəyişdiyi bir zamanda beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac var. Bütövlükdə, Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət etməklə yanaşı, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir”.